“Ermənistanla Türkiyə arasında sərhədlərin açılması haqda danışıqlar gedir. Amma o qədər də uğurlu getmir. Bildiyiniz kimi, bu günlərdə məlumat yayıldı ki, artıq Marqara sərhəd-keçid məntəqəsində ermənilər xidmətə başlamağa hazırdırlar. Bu ona işarədir ki, həmin keçid məntəqəsi işə düşə bilər. Ancaq Türkiyə tərəfindən o qədər də kəskin işarələr görünmür. Çünki qardaş ölkə rəhbərliyi əvvəldən bəyan edib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmadan sərhədlərin açılması mümkün deyil”.
Bunu hafta.az-a açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı ötən çərşənbə axşamı Ermənistan Baş naziri Nikol Paşinyanın İrəvanda Türkiyə jurnalistlərinə müsahibə verməsi və bu kimi tədbirlərin Ermənistan-Türkiyə sərhədinin açılmasına mümkün təsiri haqda danışarkən söyləyib.
“Bununla belə, son dövrlərdə də Paşinyan Türkiyə ilə, hətta Azərbaycanla bağlı müəyyən, o qədər də ciddi və dərin mənası olmayan jestlər edir. Və onun Türkiyə jurnalistlərinə müsahibəsi də bu qəbildəndir. Paşinyan bunu şişirdərək beynəlxalq təşkilatlar qarşısında elə təqdim edəcək ki, Ermənistan qonşu ölkələr arasında sülh yaranması üçün nizamlama işlər aparır. Nəticədə guya Ermənistanın Azərbaycanla da, Türkiyə ilə də xoş münasibətlər yaratmaq istəməsi haqda yanlış təsəvvür yaradacaq. Yəni bu cür əhəmiyyətsiz məsələlərlə Paşinyan gündəmlə oynamağa çalışır. O, özünü dövlət, siyasət adamından daha çox şou mütəxəssisi kimi aparır. Bütün hallarda aydındır ki, öncə dediyim kimi, Azərbaycanla Ermənistan arasında sülh razılaşması əldə olunmayana, həmçinin Naxçıvanla kommunikasıyaların açılmasına şərait yaradılmayanadək Türkiyə-Ermənistan sərhədləri açıla bilməz”, -deyə davamında partiya sədri vurğulayıb.