“2024-cü ildə enerji istehsalı 28,4 mlrd. kVts təşkil etmiş, istehlak həcmi isə 24,2 mlrd. kVts-a yüksəlmişdir”.
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatın təqdimatı zamanı deyib.
“2024-cü ildə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə imzalanmış müqavilə çərçivəsində 445 MVt gücündə Biləsuvar, 315 MVt gücündə Neftçala günəş elektrik stansiyalarının və 240 MVt gücündə Abşeron-Qaradağ külək elektrik stansiyasının təməli qoyulmuşdur. Digər xarici tərəfdaşlarla əməkdaşlıq çərçivəsində hər biri 240 MVt-lıq Şəfəq günəş və Xızı-Abşeron külək elektrik stansiyalarının tikintisi davam etdirilir”,-baş nazir bildirib.
Baş nazir Cənub Qaz Dəhlizi vasitəsilə qazımızı alan ölkələrin sayı 12-ə bərabər olduğunu da qeyd edib:
“Hesabat ili ərzində 29,1 milyon ton neft, 50,6 milyard kubmetr qaz hasil edilmişdir. Neftin 24,4 milyon tonu, qazın isə 25,5 milyard kubmetri ixrac edilmişdir. 2024-cü ildə Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin ötürmə qabiliyyətinin və tranzit potensialının artırılması üçün bir çox layihələr reallaşdırılmışdır. 2024-cü ildə nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 33 mln.ton olmuşdur. Bu yüklərin 57%-ni tranzit yüklər təşkil etmişdir”.
Firuzə Əliyeva