AZ

“Konstitusiya və Suverenlik İli”nin Özbəkistan layihələri

“İki dövlət, bir mədəniyyət” antologiyası bu sırada ilk addımdır

Uzun illər boyu arzuladığım Özbəkistan səfərim bu il – Novruz ərəfəsində reallaşdı. Daşkənddə Urza (Ramazan) bayramına da böyük həvəslə hazırlaşırlar, “Nauruz”a da.

Türküstanın mərkəzi ölkəsinin (mütəxəssislər Özbəkistanı belə adlandırırlar) paytaxtındakı ilk həmsöhbətim “Xalq qəzeti”nin Mərkəzi Asiya müxbiri Qulu Kəngərli oldu. Bu köhnə dostuma və ünlü həmkarıma verdiyim ilk sual isə “Daşkəndi görmək üçün nədən, haradan başlayım?” kimi yığcam oldu. “Əlbəttə, öncə Özbəkistandakı səfirliyimizin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən” – deyən dostum məni həmin mərkəzə dəvət etdi (mərkəzdə onun iş otağı var), oradakı bütün zallara, otaqlara, muzey və stendlərə birlikdə baxdıq. Qulu Kəngərli bu mərkəz haqqında elə səmimi, ürəkdən və doğmacasına danışırdı ki, mən az qala Daşkənddə olduğumu unudaraq, özümü Bakıda, “Xalq qəzeti” redaksiyasındakı kimi hiss edirdim.

Xatırladım ki, bu mərkəz Özbəkistan paytaxtının Mirabad rayonundakı Heydər Əliyev küçəsi, 9 ünvanında yerləşir. Mədəniyyət mərkəzimiz 2010-cu il sentyabırın 27-də Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Baş naziri (indiki prezidenti) Şavkat Mirziyayev tərəfindən açılmışdır. 2013–2024-cü illərdə mərkəzin direktoru Azərbaycan Respublikasının “Fəxri mədəniyyət işçisi” Samir Abbasov olmuşdur.

Burada Heydər Əliyev muzeyi, Azərbaycan tarixi və dövlətçiliyi muzeyi, Azərbaycan – Özbəkistan “Dostluq” muzeyi, “Odlar yurdunun naxışları” Azərbaycan xalçaları muzeyi və sərgi zalı, kitabxana, kurs və dərnəklər fəaliyyət göstərir. Öyrəndik ki, mərkəz nümayiş etdirdiyi diplomatik və mədəni xidmətlərin səviyyəsinə, ümumtürk dəyərlərinin təbliğinə verdiyi xüsusi töhfələrə görə dəfələrlə Özbəkistanda “İlin ən fəal mədəniyyət mərkəzi” adına layiq görülmüşdür.

Mərkəzin direktoru Akif Marifli ilə söhbətimiz də qardaş ölkədəki “kiçik Azərbaycan”ın fəaliyyətinin dünəni, bu günü və sabahı barədə oldu:

– Akif müəllim, xarici siyasətimizdə mühüm əhəmiyyət kəsb edən Özbəkistanda xalqımızın tarixini, mədəniyyətini, ədəbiyyatını, ən başlıcası, haqq səsimizi təbliğ edən qurumunuzun fəaliyyətindəki son yeniliklər barədə bəzi məlumatları öyrənmək istərdik.

– Əslində, mərkəzimiz tərəfindən mütəmadi olaraq yeni layihələr həyata keçirilir. Hazırda Özbəkistanın müxtəlif ali təhsil müəssisələrində “Azərbaycan ocaqları” fəaliyyət göstərir və yaxın günlərdə daha on “Azərbaycan ocağı”nın açılışını həyata keçirəcəyik. Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə cari ilin 3 mart tarixində Kun.uz xəbər portalı tərəfindən Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı hazırlanmış sənədli film Youtube kanalına yerləşdirilib və qısa müddətdə baxış sayı 30 min üzərində olmuşdur. Hazırda iki universitetdə Azərbaycan dili və ədəbiyyatı kursları fəaliyyət göstərir.

Mərkəzdə, həmçinin rəqs və rəsm dərnəkləri də fəaliyyət göstərir. Məlumat üçün bildirək ki, bu il ilk dəfə olaraq Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutu arasındakı razılığa əsasən, bu institutun tələbələri mərkəzdə akademik təcrübəyə cəlb ediliblər. Təcrübə proqramı ərzində onlar Azərbaycan tarixi, ədəbiyyatı və incəsənəti ilə yaxından tanış olaraq, milli mədəni irsimizi daha dərindən öyrənmişlər.

– Azərbaycan və Özbəkistan ziyalılarının fəaliyyətini necə əlaqələndirisiniz?

– Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələrin inkişafında ziyalıların rolu böyük və əvəzsizdir. Hər iki xalq ortaq tarixi köklərə, dilə və mədəniyyətə malik olduğundan, ziyalılar bu bağları daha da gücləndirmək üçün fəal iştirak edirlər. Bu istiqamətdə aşağıdakı məqamları vurğulamaq olar:

Ədəbi əlaqələr və tərcümə fəaliyyəti – Azərbaycan və Özbəkistan yazıçıları, şairləri bir-birinin ədəbi irsini araşdırır, əsərlərini tərcümə edir və oxuculara təqdim edirlər. Məsələn, Nizami Gəncəvi və Əlişir Nəvai yaradıcılığı hər iki xalqın mənəvi irsində mühüm yer tutur.

Elm və təhsil sahəsində əməkdaşlıq – müxtəlif istiqamətli alim və mütəxəssislər ortaq tədqiqatlar aparır, beynəlxalq konfranslar və simpoziumlarda iştirak edirlər. Universitetlər arasında əməkdaşlıq da bu əlaqələrin dərinləşməsinə töhfə verir.

Teatr və kino sahəsində əməkdaşlıq – hər iki ölkənin teatr və kino xadimləri mədəni əlaqələrin inkişafına xidmət edirlər. Artıq bu ildən başlayaraq Özbəkistan teatrlarında mütəmadi olaraq Azərbaycan dramaturqlarının əsərləri səhnələşdiriləcək.

Musiqi və incəsənət sahəsində əməkdaşlıq – Azərbaycan və özbək musiqiçiləri birgə konsertlər verir, musiqi festivallarında iştirak edirlər. Muğam və makom kimi qədim musiqi janrları ortaq dəyərlərimizdəndir.

Media və nəşriyyat fəaliyyəti – ziyalılar Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələri gücləndirmək üçün məqalələr hazırlayır, jurnal və qəzetlərdə çıxış edirlər. Bundan əlavə, hər iki ölkədə mədəniyyət sahəsində yeni nəşrlər işıq üzü görür. Eyni zamanda mərkəzin təşəbbüsü ilə özbək mətbuatında Azərbaycan mədəniyyətinin təbliği, həmçinin Azərbaycanın haqq səsini özbək ictimaiyyətinə çatdırmaq, istər tarixi zəfərimiz, istər Qarabağda aparılan quruculuq işləri, istərsə də ermənilər tərəfindən xalqımızın başına gətirilmiş müsibətlər və xüsusən də Xocalı soyqırımı ilə bağlı silsilə məqalələr vaxtaşırı dərc olunur.

Bundan başqa, mərkəzdə yaradılmış dostluq cəmiyyəti ilə birgə mədəni tədbirlər təşkil edirik, ziyalıları bir araya gətirir və ortaq layihələr həyata keçiririk. Ümumilikdə, Azərbaycan və Özbəkistan ziyalılarının fəaliyyəti iki qardaş xalq arasında mədəni inteqrasiyanı gücləndirir, tarixi və mədəni bağların möhkəmlənməsinə xidmət edir.

– Milli maraqlar naminə gördüyünüz bu işlərdə daha çox hansı faktorlar mühüm rol oynayır?

– Azərbaycan və Özbəkistan arasındakı münasibətlər milli maraqlar konteksində bir sıra konkret faktorlara əsaslanaraq inkişaf edir. Bu faktorlar iki ölkənin strateji əməkdaşlığını stimullaşdırır və onların qarşılıqlı maraqlarına xidmət edir.

Mədəni bağlar kontekstindən baxdıqda məlum olur ki, Azərbaycan və Özbəkistan ortaq tarixi köklərə, türkdilli xalqların birliyinə və İslam mədəniyyətinə malikdir. Nizami Gəncəvi, Əlişir Nəvai, Babur kimi görkəmli şəxslərin irsi hər iki xalq üçün ortaq dəyərdir. Mədəniyyət və incəsənət sahəsində əlaqələr getdikcə genişlənir, qarşılıqlı sərgilər, teatr festivalları və konsertlər təşkil olunur.

– Bu əhatəli layihələrin icrası zamanı hansı qurumların köməyini görürsünüz?

– İki ölkə arasında strateji əməkdaşlıq və dövlət səviyyəsində layihələrin koordinasiyası, təbii ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Özbəkistan Respublikası Prezidentinin Administrasiyası tərəfindən tənzimlənir. Bundan başqa Azərbaycan və Özbəkistan arasında həyata keçirilən layihələrin icrasında həm rəsmi, həm də qeyri-rəsmi qurumların əhəmiyyətli rolu var. Bu qurumlar iqtisadi, siyasi, mədəni və sosial sahələrdə əməkdaşlığın inkişafına dəstək verirlər. Təbii ki, Xarici İşlər Nazirliyi – siyasi və diplomatik əlaqələri koordinasiya edir, beynəlxalq əməkdaşlığı inkişaf etdirir. Mədəniyyət Nazirliyi isə iki ölkə arasında mədəni əlaqələrin inkişafında mühüm rol oynayır, milli maraqlara uyğun olaraq müxtəlif sahələrdə əməkdaşlıq edərək mədəni irsin qorunmasına, mübadilənin artırılmasına və mədəni diplomatiyanın gücləndirilməsinə töhfə verir.

– Perspektivdə hansı layihələrin şahidi olacağıq?

– Bilirsiniz ki, bu il Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edib. Bu sərəncam Azərbaycan – Özbəkistan əməkdaşlığı çərçivəsində yeni mədəni və hüquqi layihələrin həyata keçirilməsi üçün yaxşı fürsətdir. Azərbaycanla Özbəkistan arasında perspektivdə bir sıra layihələr həyata keçiriləcəkdir. Məsələn “İki dövlət, bir mədəniyyət” antologiyası. Bundan başqa, perspektivdə mədəniyyətin bütün istiqamətləri üzrə çoxsaylı layihələrimiz var. Belə ki, Azərbaycanla Özbəkistan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunmuş silsilə tədbirlər təşkil olunacaq. Həmçinin kitab və ədəbi əlaqələrin inkişafı məsələləri də bizim üçün prioritet məsələlərdəndir. Daim yazıçı və şairlərin əsərlərinin qarşılıqlı tərcüməsini və nəşrini dəstəkləyirik. Milli kitabxanalar və nəşriyyatlar arasında əməkdaşlıq quraraq, ədəbi irsin tanıdılması istiqamətində layihələr gerçəkləşdiririk. Müxtəlif ədəbi müsabiqələr və konfranslar təşkil edirik.

P.S. Mərkəzin binasının üstündə Azərbaycanın Dövlət bayrağı dalğalanır, ən görkəmli məkanda ulu öndər Heydər Əliyevin büstü yaradılıb. Daha bir əlamətdar fakt isə ondan ibarətdir ki, üçmərtəbəli binanın fasadına Azərbaycandan aparılmış daşla üzlük çəkilmişdir. Bu isə Özbəkistanda daşla bağlı hansısa problemin olduğundan irəli gəlmir (Özbəklər özlərinin min illəri əhatə edən tarixini məhz daşlarla yaşadırlar). Elə bilirəm ki, qardaş ölkənin paytaxtına Bakıdan daş aparılması dostluq, qardaşlıq və əməkdaşlıq münasibətlərini daş kimi əsrlər boyu yaşatmaq istəyinin göstəricisidir. Mən oradakı divar üzlüklərini Daşkəndə Bakının “hansısa siyasi və ya təbii küləklər tərəfindən silinməyəcək məktubları” kimi gördüm.

İttifaq MİRZƏBƏYLİ
Daşkənd

Seçilən
1
xalqqazeti.az

1Mənbələr