AZ

Azərbaycanda dini kəbinlə yaşayanlar artacaq?

“Bu ilin iyul ayından Azərbaycanda yaxın qohumlar arasında nikah qadağan olunacaq”. 

Bunu ədliyyə nazirinin müavini Abiddin Hüseynov deyib. Nazir müavini bildirib ki, qəbul olunan qanunlara əsasən, Azərbaycanda nikah yaşının aşağı salınmasına qanunla verilən imkanın aradan qaldırılması, bu ilin iyulundan qüvvəyə minəcək qanuna əsasən yaxın qohumlar arasında nikahın qadağan olunması əhalinin sağlamlığının qorunmasına yönəlib: 

"Erkən nikahlarla daha effektiv mübarizə aparmaq üçün Cinayət və İnzibati Xətalar məcəllələrinə yeni müddəalar əlavə edilib. Eyni zamanda, erkən nikahların qarşısının alınması, rəsmi nikahdan kənar nikaha girmənin qarşısının alınması üçün işlər aparırıq. Nikahın pozulması ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edən şəxslərə psixoloq xidməti təklif olunur. Psixoloqa müraciət etdikdən sonra həmin şəxslərin 20 faizi boşanmaqdan vaz keçir. Bu istiqamətdə iş gedir. Bu məsələnin qanunla tənzimlənməsi nəzərdə tutulur”. 

Qeyd edək ki, Ailə Məcəlləsində 2025-ci il iyulun 1-dən qüvvəyə minəcək dəyişikliyə əsasən, Azərbaycanda nikahın bağlanmasına mane olan halların sırasına qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu daxil edilib. Qohum nikahların ləğv olunması dini nikahların sayını artıracaqmı? Ümumilikdə ölkədə nikah sayının azalmasına gətirib çıxaracaqmı? 

Məsələ ilə bağlı Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin sədri Zemfira Mustafayeva “Cümhuriyət”- ə bildirib ki, bu qanunun qüvvəyə minməsi üçün hazırlıq ərəfəsində təşkilat tərəfindən müəyyən məlumatlandırma aparıblar:

“Ancaq bu qanun qüvvəyə minəndən sonra birdən-birə qohum nikahların birdən-birə kəsilməsi mümkün olmayacaq. 

Çünki bu, əsrlərlə Azərbaycanda formalaşmış mental dəyərlərimizin bir hissəsidir. Bunun üçün də müəyyən müddət lazımdır ki, insanlar inansınlar, qanunu, tibbi nöqteyi-nəzərdən qohum nikahının ziyanını başa düşsünlər. 

Həmçinin qohum nikahlardan doğulan uşaqların taleyi haqqında da məlumatlı olsunlar ki, ondan sonra müəyyən nəticə əldə olunsun. Əslində istər qohum nikah, istərsə də erkən nikah olsun, bunların hamısı hələ də regionlarda mövcuddur. Nə qədər mübarizə aparılsa, nə qədər insanlar maariflənsə də, həm erkən nikahlar, həm də qohumlar arasında nikahlar və bir müddət də olacaq. Buna zaman lazımdır ki, insanlar inansınlar”. 

Həmsöhbətimiz dini nikahların sayının artması ehtimalına da toxunub: 

“Qanunvericiliyə görə, rəsmi nikah olmadan dini nikah tanınmır. Dini nikahın heç bir hüquqi əsası yoxdur. Buna baxmayaraq regionlarda dindar insanlar fikirləşirlər ki, dini nikah əsasdır. Sonradan boşanma olarsa, dini nikahda olan o insanlar heç nə əldə etmir, mülki iş də aça bilmirlər. Onların birgə mülkiyyətə heç bir hüququ olmur. 

Bunu insanlara başa salmaq lazımdır. Dini nikahlar hələ ki, var və bir müddət olacaq. İstər KİV-lər, istər QHT-lər tərəfindən maarifləndirmə aparmaq lazımdır. Bu işi elə istiqamətdə aparmaq lazımdır ki, həqiqətən də insanları inandırmaq mümkün olsun. Biz hansısa bir tədbir təşkil edəndə, ora həmin kateqoriyadan olan insanları dəvət etməliyik. Çox zaman rayonlarda hansısa tədbir təşkil olunanda, icra hakimiyyətləri elə insanları cəlb edir ki, onların bu mövzuya aidiyyəti yoxdur. Elə kateqoriyalı insanlar maariflənməlidirlər ki, onların gözü açılsın və övladları haqqında düşünsünlər. Bilsinlər ki, dini nikah adi bir kağızdır”. 

Birliyin sədri onu da qeyd edib ki, əgər qanun varsa, deməli, bu çərçivədə müəyyən cərimələr, azadlıqdan məhrumetmə halları nəzərdə tutulur: “Ona görə də insanlar ilk növbədə məlumatlı olmalıdırlar ki, bu qanun var və orada nə əks olunub. İnsanlar qanunu və oradakı qadağaları biləndən sonra qohum evliliyinin qarşısı nisbətən alınacaq. İnsanlar çəkinəcəklər və valideynlər başa düşəcəklər ki, məsuliyyət daşıyırlar. Zamanla bu ayda azalma gedəcək. Əgər haradasa gizli şəkildə dini nikah olacaqsa, ona qarşı da tədbir görülə bilər,  mətbuatda xəbərlər yayılar. Bu kimi amillərdən qorxub çəkinəcəklər”. 

Z. Mustafayeva bildirib ki, ümumiyyətlə, son zamanlar nikahların sayı azalmağa doğru gedir:

“Qohum nikahların qadağan edilməsi də buna az sayda təsir edəcək. Nikahların sayının azalmasına müəyyən səbəblər var. O səbəblərdən biri də gələcəkdə bu ola bilər”. 

Seçilən
5
cebheinfo.az

1Mənbələr