AZ

Bakı dünyanı bir araya GƏTİRİR: “Azərbaycan yeni dünya düzənində öz sözünü deyəcək”

“Bakı növbəti dəfə dünyanın diqqət mərkəzindədir. XII Qlobal Bakı Forumu beynəlxalq arenada böyük maraqla qarşılanır. Forumda “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusu ətrafında təşkil edilən müzakirələr həm regional, həm də beynəlxalq müstəvidə olduqca önəmlidir”.

Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı deyib.

Millət vəkili ötən gün Bakıda start götürən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu haqqında fikirlərini bölüşüb.

Onun sözlərinə görə, hazırkı və keçmiş dövlət və hökumət başçıları, Nobel mükafatı laureatları, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyətləri də daxil olmaqla, 400-dən çox nümayəndənin iştirak etdiyi forum onun əhatə dairəsini göstərir.

T. Rüstəmxanlı söyləyib ki, forumda qlobal çağırışlar, dünyanı narahat edən siyasi, ekoloji, təhlükəsizlik və digər məsələlərin müzakirə olunduğu panel iclasları keçirilib:

“Bu gün həqiqətən dünya nizamı heç olmadığı qədər çətin dövrünü yaşayır. Baş verən müharibələr və müharibələrin davam olmasına maraqların toqquşması, birləşmiş Qərbin daxilində yaranmış fikir ayrılıqları, o cümlədən qlobal miqrasiyanın yaratdığı çətinliklər və s. qlobal gündəliyin əsas mövzularına çevrilib. Bu gün dünya özünün daha təhlükəsiz və ədalətli nizamının formalaşdırılmasına çalışmalıdır. Əks halda, bəşər tarixinin sonu gələ bilər. Bu baxımdan, XII Qlobal Bakı Forumu qlobal gündəliyi narahat edən məsələlərin müzakirə olunduğu nadir platformadır”.

Deputat əlavə edib ki, bu gün həm də dünyanı bir araya yığaraq qlobal məsələlərdə dialoqa nail olunması üçün müzakirələrin aparıldığı ikinci bir məkan yoxdur:

“Çünki dünya parçalanıb və demək olar ki, güclü ölkələr zəiflər üzərində hakimiyyəti ələ almağa çalışır. Heç kim dialoqdan, sülhdən, birgə yaşayışdan və əməkdaşlıqdan danışmaq üçün bir platforma yaratmır. Azərbaycan isə artıq 12-ci dəfə bu platformanı qlobal müzakirələrə təqdim edir”.

Həmsöhbətimiz hesab edir ki, forumun açılışında xüsusi diqqətçəkən məqam Prezident İlham Əliyevin kifayət qədər ciddi tribunadan beynəlxalq aktor nümayəndələrinin iştirak etdiyi tədbirdə növbəti dəfə dünyaya səslənməsi və Azərbaycanın mövqeyi barədə konkret mesajlar verməsi oldu:

“Azərbaycan lideri forumdakı çıxışında Avropa İttifaqının monitorinq missiyasına, bu missiyanın faktiki olaraq kəşfiyyat missiyasına çevrildiyinə diqqət çəkdi. Fransa və digər qüvvələrin Ermənistanı silahlandırmaq, yeni müharibəyə hazırlamaq cəhdləri bir daha dünya siyasilərinin gözü önündə ifşa olundu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ortaya qoyduğu çoxsaylı faktlar və dəmir arqumentlərlə bütün dünyaya sübut etdi ki, Cənubi Qafqazda sülhün bərqərar olmasını istəməyən qüvvələr var və bu qüvvələrin başında Fransa, eləcə də erməni diasporu gəlir”.

Sonda müsahibimiz vurğulayıb ki, forumun növbəti günlərində nəinki Azərbaycan rəsmilərinin, həm də qonaqların fikirlərinin əksəriyyəti dövlət başçısının dedikləri ilə üst-üstə düşürdü:

“Bu, o deməkdir ki, xaricilər, o cümlədən keçmiş dövlət və hökumət başçıları, sabiq və hazırkı nazirlər, habelə beynəlxalq qurumların indiki və eks-başçıları Azərbaycanın mövqeyi və rəsmi Bakının yaratdığı yeni reallıqlarla barışırlar. Beləliklə, XII Bakı Qlobal Forumunda çox mühüm ismarışlar verildi. Səslənən fikirlərdən belə qənaətə gəlmək olar ki, dünya dövlətlərinin bir çoxu, o cümlədən zaman-zaman Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirən Avropa ölkələri yeni dünya nizamının formalaşmasında rəsmi Bakıya inanır, etimad göstərirlər. Bu isə o deməkdir ki, Azərbaycan formalaşmaqda olan yeni dünya düzənində də öz sözünü deyəcək. Bakı Qlobal Forumunda həm də bunun mesajları verildi”.

Rafi Müslümov

Seçilən
13
3
yenicag.az

4Mənbələr