BAKI,TurkicWorld
Tacikistan ilə Qırğızıstan arasında təxminən 4 il əvvəl dayandırılan aviareyslər Düşənbə-Bişkek reysi ilə yenidən bərpa olunub.
TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Hava Limanları ASC-nin mətbuat katibi Alena Xomenko sosial media hesabında açıqlama verib.
O, Tacikistanın Somon Air aviaşirkətinə məxsus təyyarənin Düşənbədən havaya qalxdığını və uğurla Manas Beynəlxalq Hava Limanına eniş etdiyini bildirib.
İki ölkə arasında sərhəd mübahisəsi səbəbindən baş verən silahlı qarşıdurmadan sonra Qırğızıstan Tacikistan vətəndaşlarının ölkəyə girişinə məhdudiyyət tətbiq etmiş və bu səbəbdən 2021-ci ilin may ayında Düşənbə-Bişkek aviareysləri dayandırılmışdı.
Qırğızıstan hakimiyyəti 2021-ci ilin iyun ayında hava sərhədi də daxil olmaqla, Tacikistan ilə olan sərhədi rəsmi şəkildə bağlamışdı.
Tacikistan prezidenti Emoməli Rəhmon, Qırğızıstan prezidenti Sadır Japarov ilə dünən Bişkekdə imzaladığı sərhəd razılaşmasının ardından 14 mart tarixindən etibarən Düşənbə-Bişkek-Düşənbə aviareyslərinin bərpa ediləcəyini açıqlamışdı.