AZ

İstiqlal savaşının mübariz publisisti

Böyük maarifpərvər ziyalımız Həsən bəy Zərdabinin “Əkinçi” qəzeti ilə başlanan milli mətbuat tariximizin bir çox görkəmli simaları olub. Jurnalistikamızın 150 illiyi ərəfəsində həmin görkəmli qələm sahiblərini də yada salmaq məfkurə tariximizə vəfa borcumuzdur. Onlardan biri də Türk dünyasının qüruru, professional musiqi mədəniyyətimizin banisi, dramaturq, publisist, pedaqoq, musiqişünas alim, tərcüməçi, ictimai xadim Üzeyir bəy Hacıbəylidir.

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev milli mətbuatımızın 150 və Üzeyir bəyin 140 illik yubileylərinin keçirilməsi barədə fevral ayında sərəncamlar imzalayıb. Bu silsilədən təqdim etdiyimiz növbəti yazıda Üzeyir Hacıbəylinin publisistik fəaliyyətindən söhbət açmaq istəyirik.

Dövlət başçısının müvafiq sərəncamında qeyd olunur ki, Üzeyir bəy Şərqin və Qərbin musiqi nailiyyətlərinin dərin vəhdətində dünya musiqisinin qızıl fondunda fəxri yer tutan nadir sənət inciləri meydana gətirmiş, Azərbaycan mədəniyyətinə beynəlxalq miqyasda geniş şöhrət qazandırmışdır. “Üzeyir Hacıbəyli eyni zamanda parlaq bədii dühası sayəsində Azərbaycan dramaturgiyasına dəyərli töhfələr vermiş, alovlu publisistikası ilə mətbuat salnaməsinə yeni səhifələr yazmışdır. Onun azərbaycançılıq məfkurəsi ilə yoğrulmuş dolğun ictimai-siyasi fəaliyyəti əsl vətənpərvərlik nümunəsidir”.

Türk dünyasının qüruru sayılan dahi bəstəkar 1910-cu ildə “Həqiqət” qəzetində yazırdı: “Bəşəriyyət tarixində elə şəxslər var ki, onlar özləri üçün anadan olmayıblar, bəlkə bütün xalqa və hətta ümuminsaniyyətə xeyir gətirmək və tərəqqisinə səbəb olmaq üçün yaranıblar. Bu cür adamlar nəinki sağlığında, bəlkə öləndən sonra da camaata mənfəət verirlər”. Bu fikirləri bütünlüklə millətinin qayğısını öz çiyinlərində daşıyan əsl Üzeyir bəyin özünə də aid etmək olar.

Əmək fəaliyyətinə pedaqoq, publisist kimi başlayan Üzeyir bəy Hacıbəyli 1903-cü ildə “Dəllək” adlı ilk mənzum felyetonunu yazaraq, “Şərqi-rus” qəzetində dərc etdirib. Tezliklə mahir bir publisist kimi də tanınıb. Onun bu sahədəki yaradıcılığı ömrünün sonunadək davam edib. Publisistikasının ən qaynar dövrü isə 1905–1920-ci illər olub. Həmin dövrdə Ü.Hacıbəyli “Həyat”, “İrşad”, “Tərəqqi”, “Həqiqət”, “İqbal”, “Yeni İqbal”,” Azərbaycan”, “Kaspi”, “Molla Nəsrəddin” kimi mətbu orqanlarda 67 təxəllüs ilə (“Filankəs”, “Bəhmənkəs”, “Bir şəxs”, “Bisavad”, “Çı”, “Lal uşaq”, “Hamamçı”, və i.a.) bir-birindən maraqlı məqalə və felyetonlarını dərc etdirib. Yazıları onun bir qələm sahibi kimi böyük cəsarətə malik olduğunu göstərir. Müxtəlif janrlarda yazıları öz aktuallığı ilə də seçilirdi. XX əsrin əvvəllərində yazılmış həmin əsərlər bu gün də aktualdır. Bu isə müəllifin uzaqgörənliyinə dəlalət edir. O, özündən sonra bu sahədə də zəngin irs qoyaraq gedib.

Üzeyir Hacıbəyli “İrşad” qəzetinin 1 aprel 1907-ci il tarixli nömrəsində dərc etdirdiyi “Hürriyyəti-mətbuat” adlı məqaləsində mətbuat azadlığı məsələsini qoyaraq, qəzetlərin senzor nəzarətindən xilası zərurətini önə çəkib: “Vaxti ki, senzur idarələri bu cür fəqərələrin (hadisələrin) mətbuata çıxmasını qoymur, onda məlum olur ki, haman senzuru təyin etmiş hökumət öz əhalisinin yaxşı və yaman gün keçirməsinə heç bir zaman əhəmiyyət verməyib, ümum əhali mənafeyini öz əmrinə qurban edir, yəni əhalinin, məmləkətin qeydinə qalmayıb, ancaq hökm sürmək, hökmfərma olmaq və bilaxirə, əhalinin boynuna minmək arzusunda bulunur”.

Onu da xatırladaq ki, az qala, hər gün maraqlı mövzularla çıxış edən Üzeyir bəy ayrı-ayrı vaxtlarda 4 qəzetin redaktoru olub. “Tərəqqi” (1908–1909), “Həqiqət” (1909–1910), “Yeni iqbal” (1915–1916), “Azərbaycan” (1919–1920) qəzetlərində həmin vəzifəni daşıyıb, imkan daxilində sərbəst fəaliyyət göstərməyə çalışıb.

Böyük mütəfəkkir ana dilimizin saflığı uğrunda da yorulmaz mübarizə aparanlardan olub. 1906-cı il “İrşad” qəzetində yazırdı: “...Halbuki bizim türk lisanımız Avropa üləma və filosoflarının rəyinə nəzərən ən vəsi və kamil bir dildir ki, onun vasitəsilə insan ən ali fikirlərini və ən dəqiq hisslərini bəyanə qadirdir. Belə bir zəngin lisanın sahibi olub da onunla istifadə etməməyin özü böyük bir bədbəxtlikdir”. Onun “Həqiqət”, “Azərbaycan” və sair qəzetlərdə də bu barədə kəskin fikirləri yer alıb. “Hansı vasitələr ilə dilimizi öyrənib kəsbi-maarif etməliyik”, “Zurna”, “Üsuli-təbii” adlı yazıları bu sıradandır. Üzeyir bəy bir-birinin ardınca 3 məqalədə Ana dilinin tədrisinin vacibliyini irəli sürüb. Bu da var ki, Üzeyir bəy öz operetta, librettolarında ana dilimizin bütün qanunlarına riayət etməsi, onun gözəlliyini, zərifliyini qoruyub saxlaması, bütün dil-ifadə qanunlarına riayət etməsi ilə də şəxsi nümunə göstərib.

Üzeyir Hacıbəylinin düz 40 il əvvəl “Yazıçı” nəşriyyatında buraxılmış çox sanballı “Seçilmiş əsərləri”nin, təxminən, 500 səhifəsini dövri mətbuatda çıxan nisbətən kiçik həcmli məqalələri tutub. Əslində, bu da onun mətbuatdakı çıxışlarının heç də hamısı deyil, çünki sovet vaxtı olduğuna görə, ən azı, 115 ifşaedici məqaləsi senzura üzündən kitablarına salınmayıb. Fərəhlidir ki, Azərbaycan mətbuatı tarixinin tədqiqi sahəsində mühüm xidmətləri olan tanınmış jurnalist, professor Şirməmməd Hüseynov Üzeyir bəyin bütün məqalələrini toplayaraq, 2 cilddə nəşr etdirib. 115 məqalədən ibarət 1-ci cild 2009-cu ildə, vaxtilə zədələndiyi üçün tam mətni bərpa olunmuş məqalələr isə 2-ci cild kimi 2010-cu ildə “Elm” nəşriyyatı tərəfindən nəfis şəkildə buraxılıb.

Oxuduqca görürük ki, Üzeyir bəyin publisistikası ictimai həyatın irəli sürdüyü vacib problemlərə vaxtında və çox obyektiv cavab verir, əsl jurnalistə xas olan doğruculluq, tələbkarlıq, məfkurəvilik onun olayları hər şeydən öncə məhz xalqın, onun mütərəqqi qüvvələrinin mövqeyindən qiymətləndirməsini təmin edirdi. Üzeyir bəyi publisistikaya gətirən onun “cəmiyyətlə üz-üzə, göz-gözə danışmaq”, mütərəqqi fikirlərini xalqa mümkün qədər tez çatdırmaq və aşılamaq arzuları olub.

Ə.ƏLİYEV
XQ

Seçilən
12
xalqqazeti.az

1Mənbələr