AZ

Bakı Forumu qlobal gündəlikdəki mühüm məsələlərin həllində aparıcı beynəlxalq platformalardan birinə çevrilib

Dövlət başçısı İlham Əliyev “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bu əminliyi ifadə etdi ki, Forum və onun üzvləri xüsusən də indi, kəskin geosiyasi dəyişikliklərdən sonra keçirilən tədbirdə yanaşmalar irəli sürəcəklər

Martın 13-də Bakıda, “Gülüstan” sarayında Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu öz işinə başladı. Martın 15-dək davam edəcək Forumda dünyanın müxtəlif ölkələrindən 400-ə yaxın xarici qonaq iştirak edir. Hər bir beynəlxalq əhəmiyyətli tədbir mahiyyəti ilə bərabər, keçirildiyi məkan baxımından da geniş təhlil edilir, diqqətdə olur. 2012-ci ildən təsis edilən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. Azərbaycanın belə forumlara ev sahibliyi etməsi, ildən-ilə iştirakçıların sayında nəzərəçarpan artım ölkəmizə olan diqqət və etimadın, dövlətimizin başçısı İlham Əliyevin siyasətinə dəstəyin ifadəsi kimi dəyərləndirilir.

Forumun özündə ehtiva etdiyi məqamlara keçmədən dövlət başçısı İlham Əliyevin bu ilin yanvarında Dünya İqtisadi Forumunun 55-ci toplantısı çərçivəsində Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində jurnalistin “Sizcə çoxqütblü dünyada Azərbaycanın yeri haradadır” sualına cavabını xatırlatmaq istərdik. Prezident İlham Əliyev bildirdi ki, biz ən başdan, müstəqilliyimiz bərpa ediləndən bəri olduğumuz yerdəyik. Biz güclü iqtisadiyyat, yeri gəlmişkən, özünü təmin edən iqtisadiyyat qurduq. Ümumi daxili məhsula (ÜDM) nisbətdə xarici borcun səviyyəsi çox aşağıdır, cəmi 6,9 faizdir. Buna əsaslanaraq biz regionda bağlantılar yaradan genişmiqyaslı layihələr həyata keçirmişik və aid olduğumuz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutmuşuq. Əlbəttə ki, milli maraqlarımızı, həyat tərzimizi və müstəqil siyasətimizi qəti şəkildə müdafiə etmişik və çoxlu uğur qazanmışıq. Mən deyərdim ki, dünya xəritəsində nisbətən yeni olan Azərbaycanın öz milli maraqlarını müdafiə edən və bütün dünyada yaxşı əlaqələr quran ölkə kimi nümunəsi onu göstərir ki, cəmiyyətdə sabitlik, birlik varsa, siz öz maraqlarınızı müdafiə edə bilərsiniz.

Cənab İlham Əliyevin bu fikirləri ölkəmizin beynəlxalq tədbirlər üçün ideal məkan kimi qəbul olunmasını şərtləndirən amilləri açıqlayır. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın başladığı inkişaf, tərəqqi yolunun hansı uğurlara, zəfərlərə yol açdığı günümüzün reallıqlarında özünün aydın ifadəsini tapır. Ulu Öndər Azərbaycanın dünyaya Günəş kimi doğmasını arzuladı və reallığa çevirdi. Onun yaratdığı möhkəm təməl üzərində ildən-ilə daha möhtəşəm uğurlara imza atan Azərbaycan son 21 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə zirvələri fəth edir. Bu zirvələrin təqdimatı tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsidir. Dünyanı narahat edən qlobal problemlərin Azərbaycanda müzakirə edilməsi ədalətə və beynəlxalq hüquqa söykənən siyasətimizin nəticəsidir. XII Qlobal Bakı Forumunun “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusu hazırkı dövrün qarşıya qoyduğu hədəfləri açıqlamaqla yanaşı, Azərbaycanın bu məsələnin müzakirəsində mövqeyinin nə qədər böyük önəm daşıdığını nümayiş etdirir. Forumda qlobal aktual problemlər, çoxtərəfli diplomatiya, çoxqütblü dünya nizamı, BMT-nin gələcək paktı, postmünaqişə dövründə bərpa-quruculuq işləri və orta güclərin yeni dünya düzənində rolu kimi vacib mövzular martın 15-dək davam edəcək iclaslarda müzakirə olunacaq. Tədbir beynəlxalq liderləri bir araya gətirərək qlobal siyasət, təhlükəsizlik, texnologiya və sülh kimi məsələlərin müzakirəsinə şərait yaradır. Forumda “Geosiyasi dəyişmələr: Məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı”, “Çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması” və “Gələcək üçün BMT paktı: Yeni qlobal konsensusun yaradılması” mövzularında panellər təşkil olunacaq. Tədbirdə, həmçinin yeni texnologiyalar, gender və təhlükəsizlik, iqlim dəyişikliyinin təsiri, qlobal səhiyyə böhranları və onların həlli yolları da diqqət mərkəzində olacaq. Bu mühüm beynəlxalq tədbir sülh, təhlükəsizlik və dayanıqlı inkişaf mövzularında qlobal dialoqa və əməkdaşlığa töhfə verməyi hədəfləyir. Bu, həm də Azərbaycanın qlobal miqyasda etibarlı tərəfdaş, sülh və sabitlik naminə təşəbbüslərə ev sahibliyi edən bir ölkə kimi rolunu yeni əlavələr edəcək. Reallıq budur ki, bu gün Azərbaycan regionda mühüm söz sahibi və sabitləşdirici qüvvə kimi çıxış edərək beynəlxalq əməkdaşlığın güclənməsinə töhfə verir. Belə bir şəraitdə ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, o cümlədən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan Qlobal Bakı forumları xarici qonaqlar üçün Azərbaycanla dialoqu inkişaf etdirmək, yeni əməkdaşlıq əlaqələri qurmaq baxımından mühüm imkandır. Təkcə Qlobal Bakı Forumu deyil, elə Azərbaycanın özü də müxtəlif dinlər, mədəniyyətlər arasında körpü rolunu oynayır. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin sözügedən istiqamətdə fəaliyyəti məhz bundan qaynaqlanır. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu çağırışı edir ki, əsrlər boyu Azərbaycan sivilizasiyaların bir araya gəldiyi məkan olmuşdur. Bizim coğrafi yerləşməmiz və xalqımızın tarixi irsi Azərbaycanda xüsusi ab-hava yaratmışdır. Azərbaycan Avropa və Asiya arasında təbii coğrafi körpüdür. Əminəm ki, Azərbaycan hazırda Avropa ilə müsəlman dünyası arasında mədəni və siyasi körpü rolunu oynayır. Dövlət başçısı İlham Əliyev XII Qlobal Bakı Forumunun amılış mərasimindəki çıxıçında bildirdi ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzini təbrik edirəm ki, son illər ərzində çox əla işlər aparmışdır və belə bir mühüm beynəlxalq tədbiri təşkil edir. Biz çox fərəhlənirik ki, Qlobal Bakı Forumu hazırda aparıcı beynəlxalq platformalardan biridir. Orada qlobal gündəlikdə dayanan məsələlər müzakirə olunur.

Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi və bu çərçivədə irəli sürdüyü təşəbbüslər də Qlobal Bakı Forumunun inklüziv və mühüm dialoq platformasına çevrilməsinə töhfə verdi. Ölkəmiz Hərəkata rəhbərlik etdiyi müddətdə qlobal problemlərə qarşı mübarizədə fəal rol oynadı və beynəlxalq həmrəyliyin gücləndirilməsi istiqamətində mühüm addımlar atdı. Dünya, o cümlədən ölkəmiz 2019-cu ilin sonlarından koronavirus infeksiyasına qarşı mübarizə apardı. Azərbaycan ilk gündən bu çağırışı etdi ki, koronavirus pandemiyası qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir. Pandemiyanın ilk günlərindən etibarən bəzi ölkələrin və beynəlxalq təşkilatların koronavirus qarşısında çaşqın qalmasının, özünəqapanma yolunu seçməsinin şahidi olduq. Dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşləri, BMT Baş Assambleyasının Xüsusi Sessiyası keçirildi. Bu inam da ifadə edildi ki, ölkələrimiz və xalqlarımız bu ağır vəziyyətin öhdəsindən layiqincə gələcək və pandemiyaya qarşı qlobal mübarizəyə öz layiqli töhfəsini verəcək. Qoşulmama Hərəkatının “COVID-19-a qarşı birlikdəyik” mövzusunda keçirdiyi Zirvə Görüşündə də dövlət başçısı bildirmişdir ki, yalnız qarşılıqlı dəstək, özünəqapanmama və birgə səylərlə bu virusa qalib gələ bilərik.

Gerçəkləşdirilən hər bir beynəlxalq əhəmiyyətli tədbir əhatə etdiyi mövzu ilə yanaşı, bu təşəbbüsü irəli sürən dövlətin, ölkə başçısının beynəlxalq aləmdə nüfuzuna da aydınlıq gətirir. Azərbaycanın bu gün beynəlxalq münasibətlər sistemində yeri və rolu göz qabağındadır. Müstəqil xarici siyasəti ilə davamlı uğurlara imza atan Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə çevrilib, dünya birliyində etibarlı tərəfdaş kimi nüfuz qazanıb. Dövlət başçısı İlham Əliyevin çıxışlarının mahiyyətində bu məqam da yer alır ki, Azərbaycanın sözü imzası qədər əhəmiyyətlidir. Ölkəmizin, dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə gerçəkləşən hər bir beynəlxalq tədbir dövlətlər, xalqlar arasında əlaqələri daha da möhkəmləndirir, birliyə, həmrəyliyə böyük töhfə verir. 44 günlük müharibədə Azərbaycanın hərbi və siyasi qələbəsi xarici siyasətində önəm verdiyi bu prinsiplərə bir daha işıq saldı: Beynəlxalq hüququn norma və prinsipləri əsasdır, bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar əsasında əlaqələr qurulur, Azərbaycan heç bir dövlətin diktəsi ilə oturub durmur, siyasətində müstəqildir və dövlət maraqları öndə dayanır.

İstər ölkə, istərsə də beynəlxalq ekspertlər bu reallığı da qeyd edirlər ki, irəli sürülən təşəbbüslərin dəstəklənməsində Azərbaycan Prezidentinin şəxsi nüfuzu da əsas rol oynayır. Dövlət başçısı İlham Əliyevin diplomatik təcrübəsi, dünya miqyaslı siyasi lider obrazı 44 gündə 30-a yaxın xarici mətbuata verdiyi müsahibələrində bir daha özünü təsdiqləməklə yanaşı, ona olan etimadı, inamı artırdı. Mövqeyindən bir addım belə geri çəkilməmək istəyini real addımları ilə nümayiş etdirən Prezident İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan yeni reallıqlar, bölgədə yeni əməkdaşlıq formatı yaratdı. Dövlət başçısı İlham Əliyev XII Qlobal Bakı Forumunun açılışındakı çıxışında da bu reallıqlara bir daha diqqəti yönəltdi. Bildirdi ki, Ermənistan-Azərbaycan prosesinə gəldikdə, biz işğal illərini yaddan çıxara bilmərik və çıxarmayacağıq. Azərbaycan xalqının çəkdiyi əzab-əziyyətləri və Ermənistanın təcavüzünün məhz bizə verdiyi ziyanı bilirik. Biz azad olunmuş ərazilərimizdə görürük ki, barbarlığın səviyyəsi nə yerdədir. Bütün şəhərlər, kəndlər yerlə-yeksan olunub və onlar bizim kəndlərimizə, şəhərlərimizə, bizim dinimizə və tarixi irsimizə qarşı bilərəkdən belə hərəkətlər etmişlər. 65 məscidi dağıtmışdılar. Cənab İlham Əliyev çıxışında XX əsrin dəhşətli faciəsi olan Xocalı soyqırımından da bəhs etdi. Vurğuladı ki, Xocalı soyqırımında 613 insan - 100-dən artıq qadın, həmçinin 60 uşaq qətlə yetirilmişdir. Lakin biz gələcəyə baxmalıyıq. Biz Cənubi Qafqazda sülh qurmalıyıq. Azərbaycan sülh prosesinə bağlıdır və əslində, həmin sülh müqaviləsinin müəllifidir. Sülh müqaviləsi Ermənistanla Azərbaycan arasında müzakirə edilir və demək olar bəndlərin artıq əksər hissəsi razılaşdırılıb.

Azərbaycan tarixi Zəfərdən dərhal sonra regionda dayanıqlı sülhü və təhlükəsizliyi təmin etmək, Ermənistanla münasibətlərində yeni səhifə açmaq üşün qarşı tərəfə sülh təklifini etdi. O vaxtdan 4 ildən çox zaman keçməsinə baxmayaraq sülh müqaviləsinin imzalanması prosesi hələ də uzanır. Qeyd etdiyimiz kimi, Ermənistan müqavilənin imzalanması ilə bağlı şərtlərlə razılaşıb onun imzalanmasında maraqlı olsa da himayədarları müxtəlif vasitələrlə prosesin uzanmasına səy göstərirlər. İstər 30 illik işğal, istərsə də postmünaqişə dövründə Ermənistanın silahlandırılması Azərbaycan dövlətinin haqlı narazılığına səbəb olur, sərt bəyanatları ilə mövqeyini həmin prosesin iştirakçılarına çatdırır. Cənab İlham Əliyev Forumda da bu məsələyə diqqət yönəltdi. “Biz beynəlxalq hüquq əsasında öz ləyaqətimiz üçün mübarizə apardıq. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri 27 il kağız üzərində qaldı. Əgər biz öz torpaqlarımızı güc vasitəsilə azad etməsəydik, növbəti 27 il də belə qalacaqdı” söyləyən Prezident İlham Əliyev vurğuladı ki, bəzən sülhə nail olmaq, ədaləti bərpa etmək üçün gücdən istifadə etməlisiniz: “Biz görürük ki, bu gün Avropa İttifaqı daha güclü hərbi potensial qurmaq üçün siyasətini necə dəyişir. Biz görürük ki, bəzi ölkələr öz resurslarını hərbi potensialının, infrastrukturunun gücləndirilməsi üçün sərf edir. Biz bunu ən azı 20 ildir edirik - 2005-ci ildən etibarən. Həmin vaxtdan etibarən güclü ordu yaratdıq. O ordu əraziləri azad etdi, separatçılığa son qoydu və beləliklə, ölkəmizin ərazi bütövlüyü, suverenliyi tam bərpa olunub. Bu, nəinki Azərbaycan xalqının güclü iradəsinin təzahürüdür, o cümlədən bu, beynəlxalq ədaləti nümayiş etdirir.” Dövlət başçısı onu da vurğuladı ki, Ermənistana təchiz olunan məhvedici silahlar bizə qarşı yönəlir. Bəlkə də onlar bu gün başqa yerlərdə lazımlı olar. Amma o silahlar Ermənistana göndərilir. Avropanın monitorinq missiyası, əslində, Avropa İttifaqının kəşfiyyat missiyasıdır. Onlar gecə-gündüz casus kimi bizim sərhədlərimizdə dayanırlar, baxırlar ki, bəlkə haradansa bir yerdən girə bilsinlər. Bizim də kifayət qədər kəşfiyyat məlumatımız var belə dırnaqarası monitorinq missiya haqqında.

Dövlət başçısı İlham Əliyev sülh müqaviləsinin imzalanması üçün atılması vacib olan addımları da diqqətə çatdırdı. “Bizə lazımdır ki, onların Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmasın. Orada Azərbaycana qarşı ərazi iddiaları hələ də qalır. Bizə lazımdır ki, ATƏT-in Minsk qrupu buraxılsın. Biz bu mesajı Ermənistana çatdırırıq və deyirik ki, Minsk qrupunun saxlanılmasında məntiq yoxdur. O, Qarabağ məsələsinin həlli üçün yaradılmışdı. İndi Qarabağ məsələsi həll olunub” deyən cənab İlham Əliyev bildirdi ki, Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. ATƏT-in həmin qrupunun buraxılması üçün ümumi müraciətdə bizə niyə qoşulmursunuz? Onlar istəmirlər. Belə çıxır ki, onlar bir ayağını ərazimizdə yer saxlamaq üçün edir. Əlbəttə ki, virtual olaraq. Onların silahlanması – bu, nəyi göstərir? Bu, göstərir ki, onlar yeni müharibəyə hazırlaşırlar. Kim onları yenidən müharibəyə sürükləyir? Fransa və onun Prezidenti.

Dövlət başçısı İlham Əliyevin çıxışında xüsusi diqqət göstərdiyi məsələlərdən biri Azərbaycanın ötən il ev sahibliyi etdiyi, dünyanı Bakıya toplayan COP29 tədbiri oldu. “Biz həqiqətən çox fərəhlənirik ki, təxminən 200 ölkənin yekdil qərarı ilə seçildik. Bu, bizə olan hörmətin, etimadın təzahürü, eləcə də yaşıl keçid üzrə fəaliyyətimizə verilən qiymət idi. Baxmayaraq ki, biz faydalı qazıntılarla zənginik, gündəliyimizdə bərpaolunan enerjiyə diqqət yetirilir. Bu gün artıq qərara alınıb ki, gələn illərdə Azərbaycanın bərpaolunan enerji imkanları faydalı qazıntıdan olan enerji istehsalına demək olar ki, bərabər olacaq” söyləyən cənab İlham Əliyev bildirdi ki, bu gün Azərbaycanda yaradılmış enerji istehsalı imkanları 8 giqavatdır. 2030-cu ilə qədər bizim bərpaolunan enerjidən, əsasən günəş və küləkdən, o cümlədən Azərbaycanın azad edilmiş ərazilərdəki hidroresurslardan əlavə 6.5 giqavatlıq enerji güclərimiz olacaq. Beləliklə, biz bu günə olan potensialımızı demək olar ki, iki dəfə artıracağıq.

O da qeyd edildi ki, ölkə enerji təchizatı baxımından qıtlıqla üzləşmir. Əksinə, bu gün Azərbaycan ondan artıq ölkənin enerji təhlükəsizliyinə töhfə verir. Onların 12-si Azərbaycandan təbii qaz alır. Bu 12 ölkədən 10-u Avropa ölkəsidir. Təsadüfi deyil ki, Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa enerji təchizatçısı kimi tanıyır. Bir sözlə, bu gün Azərbaycandan nəql olunan neft və qaz bir çox ölkələrin enerji təhlükəsizliyində və əslində, onun möhkəmləndirilməsində həqiqətən böyük dəyişiklik yaradır. Buna yaşıl enerji mənbələrimizi, o cümlədən Azərbaycandan Avropaya gedən, qismən Qara dənizin dibi ilə çəkilən yeni enerji kabelini əlavə etsək, bu, məsuliyyətimizin digər təzahürü və bir çox ölkələrlə sıx tərəfdaşlıq münasibətlərimizin nümayişidir. Təkcə enerji sərvətlərinin olması kifayət deyil. Siz gərək qonşularınızla, onların qonşuları ilə yaxşı münasibətdə olasınız ki, enerji, təhlükəsizlik və bağlantı layihələrini icra edə biləsiniz.

Dövlət başçısı İlham Əliyev tədbir iştirakçılarının diqqətini bu reallığa da yönəltdi ki, COP29 qlobal beynəlxalq tədbiri bəzi Qərb medialarında kampaniya ilə müşayiət olundu. Prezident Tramp onları yalan, saxta xəbər adlandırır və onunla tam razıyam. Bu, Azərbaycanı gözdən salmaq, bizi qaralamaq, şayiələr və müxtəlif dezinformasiya yaymaq kampaniyası idi. Bizi ittiham edirdilər ki, neft və qaz hasil edən ölkəyik. Lakin bizdən əvvəl bir sıra ölkələr, o cümlədən Avropada nefti və qazı olan ölkələr var idi. Azərbaycanın neft hasilatı, məsələn, Kanadanın hasilatından on dəfə azdır. Bizim qlobal qaz emissiyalarında payımız cəmi 0,1 faizdir. Biz isə qlobal qaz emissiyalarına ən böyük töhfə verənləri bilirik: “Amma bununla belə, dövri əsaslarla bəzən gün ərzində ondan artıq məqalə Azərbaycanın bir neft dövləti kimi təsvir edilməsinə yönəlirdi. Yəni deyirdilər, bir ölkə kimi biz qlobal, beynəlxalq tədbirin keçirilməsinə layiq deyilik. Bütün bunlar bir neçə mərkəzdən, əslində ikisindən qaynaqlanırdı. Onlardan biri - ABŞ-nin Dövlət Departamenti idi. “Vaşinqton Post”, “Nyu York Tayms”, “Politco”, “Newsveek” və “Assoşieyted Press” kimi yalan xəbər mənbələri, sadəcə, ABŞ Dövlət Departamentinin təlimatlarını icra edirdilər. İkinci mənbə isə Fransa prezidentinin ofisi, cənab Makron, onların “Le Monde”, “Fiqaro” və digər bu kimi saxta xəbər mətbuatı idi. Bir sözlə, bu, COP29-un boykot edilməsinə yönəlmiş qarayaxma və böhtanın əlaqələndirilmiş kampaniyası idi.”

Bunun müxtəlif səbəbləri var idi. Lakin onlardan biri bundan ibarətdir ki, onlar bizə öz iradəsini yeridə bilmədilər. Onlar suverenliyimizin, ərazi bütövlüyümüzün tam bərpasına yönəlmiş siyasətimizi dəyişə bilmədilər. Onlar o faktla razılaşa bilmirdilər ki, burada, Qafqazda öz milli maraqlarını güdən ölkə, yəni böyük bosslar qarşısında hər zaman “bəli, cənab” deməyən ölkə var.

XII Qlobal Bakı Forumu əvvəlki illərdə olduğu kimi, qlobal çağırışların həlli üçün geniş mövzu spektri və dərin müzakirələri ilə mühüm platforma rolunu oynayır. Burada aparılan diskussiyalar beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə, ortaq həll yollarının müəyyənləşdirilməsinə və sülhün təşviqinə töhfə verəcək. Bakı bir daha strateji dialoq mərkəzi kimi çıxış edərək dünyanın diqqətini mühüm qlobal problemlərə yönəldir. Azərbaycanın sivilizasiyalararası dialoqu dəstəkləməsi, beynəlxalq arenada konstruktiv rolu və qlobal məsələlərin həllində fəal iştirakı bu tədbirin uğurlu nəticələr verəcəyinə əminlik yaradır. XII Qlobal Bakı Forumu dünya üçün yeni perspektivlər açan və qlobal həmrəyliyi gücləndirən mühüm bir tribunaya çevriləcək.

Panel iclaslar üzrə aparılan müzakirələrdə, həmçinin Forumun əhəmiyyəti ilə bağlı fikirlərdə də bu məqamlar xüsusi yer alır. XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Geosiyasi dəyişmələr: məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı” adlı panel iclasında Türkiyə Böyük Millət Məclisinin üzvü, sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu bu çağırışı etdi ki, biz qlobal tarixin kəsişən nöqtəsində yaşayırıq. Bu dəyişikliklər təkcə nəzəri deyil, həmçinin real vaxtda ərsəyə gəlməkdədir. İkinci Dünya müharibəsindən sonrakı düzənin hələ də tam başa çatmadığını söyləyən Mövlud Çavuşoğlu bildirdi ki, biz qəbul etməliyik ki, 80 il yaşadığımız dövr artıq dəyişir. Türkiyə olaraq düşünürük ki, əvvəlkindən fərqli olaraq Rusiya-ABŞ-dan çox, Çin-ABŞ rəqabətini görəcəyik. Parçalanmış dünyada yeni güclər səhnəyə çıxmaqdadır. Bu məsələlər qlobal Qərb tərəfindən başa düşülməlidir. Biz ən azından gözləntiləri başa düşməliyik. Əvvəlki sistem hələ tam dağılmayıb. Biz islahatlar apararaq hamının iştirakı ilə yeni sistem qurmalıyıq. Əməkdaşlıq çərçivəsində münasibətləri dəyişməliyik.

Çinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Vu Honqbo isə vurğuladı ki, biz hazırda çoxqütblü dünya haqqında danışırıq. Hazırda çoxqütblülər arasında çaşqınlıq və yaxud xaosla üzləşmişik. Bu yaxınlarda BMT 80 illik yubileyini qeyd edəcək. Hamı gələcəyi necə qurmaqla bağlı tarixə baxmalıdır. BMT fəaliyyətini davam etdirməli, yoxsa dayandırmalıdır? Biz çarxı yenidən icad etməməliyik. Hesab edirəm ki, BMT-nin effektivliyini təmin etməklə onu saxlamalıyıq. Qlobal səviyyədə idarəçilik dəyişməlidir: "Çoxqütblü dünya kiminsə ideyası, xülyası deyil. Çin inanır ki, ABŞ-la həm dost, həm də tərəfdaş ola bilər. Sadəcə, böyük güclər özlərini böyük kimi aparmalıdır. Biz tarixi ədaləti bərpa etməliyik, xüsusilə Afrika ölkələrinə qarşı.

Albaniya Respublikasının Prezidenti Bayram Beqay XII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında bildirdi ki, Bakı Qlobal Forumu mühüm məsələlər haqqında müzakirələr aparmaq üçün çox yaxşı fürsətdir. Düşünürəm ki, dünyanın narahat olduğunu, o qədər çox mənfi hadisələrin olduğunu nəzərə alsaq, bütün bu çağırışları öz imkanlarımıza çevirmək üçün real imkanları müzakirə edə bilərik. Burada ən vacib məqamlardan biri hər bir təmsilçinin öz ölkəsində rastlaşdığı problemlərdən danışmasıdır. Bu problemlər barədə fikirlərimi əvvəlcə Prezident İlham Əliyevlə, eyni zamanda, bir sıra Forum iştirakçıları ilə bölüşmək istədim. Bu Forum həm təcrübələrimizi, həm də narahatlıqlarımızı bölüşmək üçün yaxşı fürsətdir.

Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa bildirdi ki, Qlobal Bakı Forumu mümkün qədər geniş fikir müxtəlifliyini təmsil edən insanları neytral və mehriban bir mühitdə bir araya gətirərək, onların dünyanın qlobal çağırışları ilə bağlı fikir mübadiləsi aparmasına imkan yaradır. Forumda enerji, səhiyyə, beynəlxalq əlaqələr və hamımızın yaşadığımız informasiya məkanına inam məsələlərinə toxunulacaq.

Təbii ki, bu kimi rəyləri xeyli sayda davam etdirə bilərik. Cənab İlham Əliyev XII Qlobal Bakı Forumu çərçivəsində Albaniya Respublikasının Prezidenti Bayram Beqay, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç ilə görüşdü. Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunu, Bolqarıstanın xarici işlər nazirini, Beynəlxalq Enerji Agentliyinin icraçı direktorunu, BMT-nin Ticarət və İnkişaf Konfransının baş katibini qəbul edən dövlət başçısı İlham Əliyev Forumun beynəlxalq gündəlikdə dayanan məsələlərin müzakirəsi baxımından xüsusi əhəmiyyət daşıdığını bildirdi.

Yeganə Əliyeva, “İki sahil”

Seçilən
11
35
ikisahil.az

10Mənbələr