Astana, 14 mart, AZƏRTAC
Aprelin 7-8-də Astanada Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin səhiyyə nazirlərinin beşinci iclasının keçirilməsi planlaşdırılır. Tədbir Ümumdünya Sağlamlıq Gününə təsadüf edir.
AZƏRTAC Qazaxıstan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu məsələ Ankarada iki ölkənin nazirlərinin görüşündə müzakirə olunub.
Qeyd olunur ki, TDT-ə üzv dövlətlərin səhiyyə nazirlərinin qarşıdan gələn görüşü türkdilli ölkələr arasında tibb sahəsində əsas problemlərin və əməkdaşlıq perspektivlərinin müzakirəsi üçün platformaya çevriləcək.
İclasda vahid tibbi platformanın yaradılması, mütəxəssis mübadiləsi və tibb işçilərinin təlimi, təcili tibbi yardım və fövqəladə halların aradan qaldırılması sahəsində qarşılıqlı fəaliyyət, o cümlədən əczaçılıq sektoru və dərman istehsalında tərəfdaşlıq üzrə əməkdaşlıq ətrafında fikir mübadiləsi aparılacaq.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana