Xəbər verdiyimiz kimi, Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığı barədə bəyanat yayıb.
Bakıvaxtı.az-ın məlumatına görə, bəyanatda qeyd olunub ki, bununla yanaşı, danışıq aparılmış mətnin imzalanması üçün əsas şərtin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması məqsədilə Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi olduğu barədə Azərbaycanın uzunmüddətli və prinsipial mövqeyini bir daha diqqətə çatdırılıb. Eyni zamanda, ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk Qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasının zəruriliyi vurğulanıb:
"İki ölkə arasında normallaşma prosesi ilə bağlı bu və digər məsələlər üzrə ikitərəfli dialoqu davam etdirməyə hazırıq".
Qeyd edək ki, sülh sazişi layihəsi 17 maddədən ibarətdir. İndiyədək saziş layihəsinin 15 maddəsi razılaşdırılmışdı. Razılaşdırılmamış maddələrdən biri bir-birinə qarşı beynəlxalq iddialardan kənarda durmaq, digəri başqa ölkələrin nümayəndələrini Azərbaycan-Ermənistan sərhədində yerləşdirməməklə bağlı idi.
Siyasi şərhçi Tural İrfan Bakıvaxtı.az-a açıqlamasında deyib k, Ermənistanın buna razılaşması Azərbaycanın apardığı prinsipial səmərəli siyasətinin nəticəsidir.
Onun sözlərinə görə, Ermənistana Fransa, Hindistan, İran dayanmadan silah verir və revanşa sürükləyir:
"Lakin Azərbaycanın bölgədə və dünyada artan nüfuzu, söz sahibi, gücə malik olması Ermənistanın başqa çıxış yolunu qoymadı. Əks halda onun aqibətinin aydın olmayacağına inandırdı. Konstitusiyasının dəyişərək Azərbaycana qarşı iddialarından vaz keçməsi üçün Nikol Paşinyan artıq bir qədər əvvəldən hazırlıq işlərinə başlamışdı. Minsk qrupu məsələsində də israr edəcəyini düşünmürəm. Çünki sülh yolunda uzun yol qət edəndən sonra bir-iki, özü də əhəmiyyətli olmayan detala görə prosesi ləngidəcəyinə inanmıram. Çünki Ermənistanın Türkiyə ilə də əlaqələri bərpa edilməlidir ki, bunun da tam və hərtərəfli mümkünlüyü Azərbaycanla sülhün bağlanmasından keçir. Doğrudur, Ermənistan hiyləgər və məkrli siyasət aparır və Avropa İttifaqının "müşahidə missiyası" adı altında Qərb agentura şəbəkəsini gətirib sərhədə töküb".
Tural İrfan: Sülhdən qeyri yol yalnız Ermənistana zərər vura bilər
Analitik vurğulayıb ki, Ermənistanı da sülhdən yayındırmaq istəyənlər və revanşizmə sürümək istəyənlər var:
"Fəqət bunun artıq Ermənistana ziyan verəcəyini hakimiyyətləri anlayır və yenidən uduzmağın Ermənistanın dövlət kimi təhlükəli duruma düşəcəyini lübüd edir. Ona görə də Paşinyan sülh şəraitində, normal münasibətlərin sayəsində inkişaf yolunu tutmasını seçir. Sülh və sabitliyin Ermənistan üçün hava-su kimi vacib olduğunu anlayır. Sülhdən qeyri yol yalnız Ermənistana zərər vura bilər”.
Müsahibimiz vurğulayıb ki, ancaq bununla yanaşı, Azərbaycana qarşı iddialarından tamamilə vaz keçməli, konstitusiyanı dəyişib Minsk qrupundan imtina etməlidir:
“İlkin mərhələdə bu da müəyyən qədər zaman aparacaq. Əgər Ermənistan konstitusiya dəyişər və iddialardan vaz keçirsə, o zaman Minsk qrupunun qalmasına da lüzum qalmır".
Aydın Baxış