Şair Zülfiyyə Lənkəranın Fəxri vətəndaşı olmuşdu
“Özbəkistanın bahar qızı” adlandırılan tanınmış şair Zülfiyyə İsrailova 1915-ci il martın 14-də Daşkənddə dəmirçi ailəsində dünyaya göz açıb. Beynəlxalq Cəvahirləl Nehru, “Nilufər” mükafatları, Həmzə adına Özbəkistan Dövlət Mükafatı laureatı olub.
Onun zərif ruhlu yaradıcılığı başdan-başa söz rəsmlərindən ibarətdir. Növbəti ad günlərindən birində yazın gəlişini rəssam kimi təsvir edib:
Yenə bahar gəlib!
Bahar dünyası,
Badam güllərinin süd rəngləriylə.
Quşların pərvazı, yellərin nazı,
Dünyanın müqəddəs çiçəkləriylə.
“Həyat səhifələri” adlı ilk şeirlər kitabı hələ 17 yaşında ikən çapdan çıxmış Zülfiyyə özünün parlaq həyat səhifələri ilə tezliklə sovetlər birliyinin və Şərqin ən populyar şairlərindən olub. Özbəkistanın xalq şairi, Sosialist Əməyi Qəhrəmanı adlarına layiq görülüb. Onun poeziyası Şərq və Qərb ənənələri zəminində formalaşıb yüksək mərhələyə çatan sənətdir. Özü qeyd edirdi ki, böyük Nəvainin həssas qəzəlləri, Füzulinin poemaları, Puşkinin billur misraları, Bayronun üsyankar şeirləri, Lermontovun təsirli poeziyası şairə güclü təsir göstərib və yaradıcılığında silinməz izlər buraxıb.
Yuxarıdakı şeir parçasından göründüyü kimi, qardaş xalqın xanım şairinin poetik nəfəsi bizim ədəbi ruhumuza çox yaxındır. Azərbaycan poeziyasının Özbəkistanda təbliğində də onun xidmətləri var, şairlərimizin, o cümlədən M.Dilbazi, Mədinə Gülgün, Nigar Rəfibəyli və Hökumə Büllurinin xeyli əsərini özbəkcəyə uyğunlaşdırıb. Onun şeirlərinini isə Ələkbər Ziyatay, İlyas Tapdıq, Mirvarid Dilbazi dilimizə çeviriblər. “Torpağa səcdə” kitabı Bakıda nəşr olunub.
Xalq şairi Mirvarid Dilbazi həmkarının yaradıcılığından bəhs edərkən deyib: “Onun əsərlərinin ən böyük məziyyəti onların obrazlılığındadır. Onun mövzuları müxtəlif, boyaları rəngarəng, poeziyası nikbindir. Bu nikbin poeziya insanı yüksəlməyə, vüqarlı yaşamağa, mətanətli olmağa çağırır. Zülfiyyə vətənpərvər, insanpərvər şairdir”.
Mirvarid xanımın bacısı – yazıçı Yaqut Dilbazinin Özbəkistanın məşhur xanım şairinin yaradıcılığından bəhs edən “Zülfiyyənin şeirləri Azərbaycan dilində” məqaləsi də onun poeziyasına verilən yüksək dəyərin elmi ifadəsidir. Ədəbiyyatşünas, professor Pənah Xəlilov isə Zülfiyyənin poeziyasını yüksək dəyərləndirərək yazırdı: “Bu lirikada yalnız ona məxsus fərdi duyğular və düşüncələr var. Bu duyğular taleyin zərbəsinə məruz qalmış nakam qadınların, ömrünü ailəsinə, ümidini qələminə bağlamış anaların könül aləmini təmsil edir”.
Zülfiyyənin erkən vəfat etmiş ömür-gün yoldaşının ölümünə yazdığı şeir onun sevgi duyğularını qısaca belə təcəssüm etdirir:
Sən göz işığımda, ürək odumda,
Neçə ki, mən sağam, bil sən də sağsan.
Gecə yuxumdasan, gündüz yadımda...
Yox... Məndən sonra da yaşayacaqsan!
...1979-cu ildə Özbəkistan ədəbiyyatı və incəsənəti günlərində qonağımız olan nümayəndə heyətinin tərkibində o da vardı. Azərbaycanın şəhər və rayonlarına da unudulmaz görüşlərə yollanıb. Elə o günlərdə Zülfiyyəyə “Lənkəranın fəxri vətəndaşı” adı verilib. Növbəti ildə isə Özbəkistanda keçirilən analoji bayramda Azərbaycanın Xalq şairi Mirvarid Dilbazi Özbəkistanın Xalq şairinə onun mis üzərində döyülmüş portretini hədiyyə edib. O isə cavab olaraq deyib:
Dostlarımın təmiz eşqi hər axşam-səhər
Mənim ürək mahnım oldu bir dəniz qədər.
Tapdım orda bu dostluğa qol-qanad verən
Ürəyimə yaxın, doğma adamları mən.
Zülfiyyənin epik yaradıcılığı da olduqca geniş və rəngarəngdir. O, özbək ədəbiyyatında “Ona Fərhad deyirdilər”, “İki yoldaş”, “Müşairə”, “Vadi ulduzları”, “Nəğməli qələm” və digər poemaların müəllifi kimi tanınır. “Müşairə” poeması Asiya və Afrika tərəqqipərvər yazıçılarının 1956-cı ildə Hindistanda keçirilən konfransının təəssüratları əsasında qələmə alınıb. Poemada xalqlar dostluğu, insanpərvərlik kimi ideyalar tərənnüm olunur. “Nəğməli qələm” poeması isə böyük şair və alim Musa Aybəkin xatirəsinə həsr olunub və burada onun ədəbi obrazı yaradılıb. Şair-tərcüməçi Zülfiyyə bir çox libretto, oçerk və publisistik əsərlər müəllifi kimi də şöhrət qazanıb...
Zülfiyyə xanım Lənkəranın Fəxri vətəndaşı olandan sonra burada yeni doğulan neçə-neçə qıza onun adı verilib. Zülfiyyələr onun adını yaşatdığı kimi, Azərbaycan–Özbəkistan ədəbi əlaqələrindən bəhs ediləndə də qardaş xalqın “Bahar qız”ı ehtiramla anılır.
Əli NƏCƏFXANLI
XQ