AZ

“Ər quyusu” – gülüş çeşməsi

Azərbaycan kinematoqrafiyasında 90-cı illərin həyat tərzi, ailə-məişət qayğıları və insan münasibətlərini əks etdirən maraqlı filmlərimiz kifayət qədərdir. Belə uğurlu ekran işlərindən biri də “evdəqalmış” damğası vurulan qızların taleyindən bəhs edən “Ər quyusu”dur.

Filmdə əsas motiv kimi qızların ailə həyatı qurmaması və məhz bu səbəbdən yaranan mənəvi-psixoloji problemlər ön plana çəkilib. 6 qızı olan və sadəcə oğul övladı dünyaya gətirmək üçün ümidini falçılara bağlayan ananın, həmçinin qızlarının ərə getməməsinə görə həmkəndlilərinin məsxərə obyektinə çevrilən atanın dramı böyük bir faciə kimi göstərilir.

Filmin ssenari müəllifi və quruluşçu rejissoru olan Səidə Haqverdiyeva ilə həmsöhbət olduq. Söhbət zamanı məlum oldu ki, Səidə xanım bu filmi anasının istəyi ilə çəkib:

– Filmdə baş verən əhvalatlar olmuş hadisəyə əsaslanaraq çəkilib. Bütün bu hadisələri anam mənə danışardı. O, hər zaman istəyirdi ki, gördüyü, eşitdiyi hər mövzu ekranlaşdırılsın. Mən də onun arzusunu ürəyində qoymayıb, belə bir ssenari yazdım. Düzünü deyim ki, filmi çəkməyə ehtiyat edirdim. Amma həmin vaxt şərait elə gətirdi ki, bu işi görmək mənim öhdəmə düşdü. Bu, mənim ilk cəsarətli addımım idi. Nəzəriyyəni bilsəm də, bu mövzuda heç bir təcrübəm olmamışdı. Peşəkar komanda ilə filmin çəkilişlərinə başladıq. Xronometrajı
95 dəqiqə olan filmin çəkilişləri Tərtər, Cəlilabad, Şamaxı, eləcə də Bakıda aparıldı. Beş günə bu ekran işini ərsəyə gətirə bildik. Filmi ilk dəfə anamla izlədim. Onun təəssüratları mənim üçün çox maraqlı idi. Anam o filmə baxanda çox gülmüşdü. Mən özüm də indi filmi izləyəndə gülürəm. Bir tərəfdən də filmdə olan nöqsanları görürəm. Düşünürəm ki, kaş, bu sahədə bir az da təcrübəm olaydı və daha yaxşı iş ortaya qoya biləydim. Film “You tube” kanalında da var. Hərdən yazılan şərhləri də açıb oxuyuram. O qədər xoş sözlər, fikirlər var orada. İzləyicilər filmin davamının çəkilməsini istəyirlər. Bu barədə bir müddət düşündüm. Hətta ssenari də hazır idi. Sonra qərara aldım ki, bu film elə burada da bitməlidir və ardını çəkmədim.

Xatırladaq ki, “Ər quyusu” 2016-cı ildə çəkilib. 2017-ci ildə isə Nizami Kino Mərkəzində təqdimatı keçirilib. Ailə-məişət mövzusunda çəkilən tammetrajlı bədii filmin quruluşçu operatoru Rəşad Qarayev, bəstəkarı Vüqar Camalzadə, quruluşçu rəssamı İqbal Əliyev, rejissoru Jalə Rəhimli, operatoru Elvin Mustafayev, rəssamı Cavid Hüseynov, geyim üzrə rəssamı Əfşan Əsədovadır.

Gülməli hadisələrlə zəngin olan filmdə rolları Əməkdar artistlər Sevinc Sarıyeva, Aybəniz Bağırova, Ülviyyə Əliyeva, Məhərrəm Qurbanov, Cavid Telman, Rəsmiyyə Nurməmmədova, Könül Şahbazova, Elnur Əliyev, Elxan İsmayılov, Zemfira Əbdülsəmədova, Hüsniyyə Əhmədova, Vüsal Hüseynov və Gülnarə Abdullayeva ifa edirlər.

Fidan SALMANOVA
XQ

Seçilən
8
xalqqazeti.az

1Mənbələr