AZ

Bakı və İrəvan arasında sülh sazişi hansı ölkədə imzalana bilər ? - AÇIQLAMA

Ötən gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov XII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında bildirdi ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni ilə bağlı son iki maddə qalıb və yaxın günlərdə Ermənistan tərəfi iki açıq maddə üzrə Azərbaycan tərəfinin təkliflərini qəbul etdiyini bizə əlaqə kanalları vasitəsilə çatdırıb. Buna görə, mətn üzrə işlərin yekunlaşdırılmasını biz qeyd edə bilərik. Növbəti addım olaraq Azərbaycan tərəfinin gözləntisi ondan ibarətdir ki, Ermənistan konstitusiyasında və digər normativ hüquqi aktlarda Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dair qalan iddiaların Konstitusiya dəyişikliyi yolu ilə aradan qaldırılması baş tutsun. 

Ceyhun Bayramovun bu çıxışından sonra məsələyə münasibət bildirən Ermənistan Xarici İşlər Nazirliyi bəyanat yayaraq qeyd etdi ki, İrəvan sülh müqaviləsini imzalamağa hazırdır. Bəyanatda həmçinin qeyd olunub ki, iki ölkə arasında imzalanması gözlənilən sülh müqaviəsinin vaxtı və yeri barədə razılığa gəlinəcək. 

Hər iki tərəfin sülh müaviləsinin imzalanması ilə bağlı bəyanatlar səsləndirməsindən sonra əsas məqam yekun sənədin vaxtının və yerinin müəyyən edilməsidir. 

Maraqlıdır, Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh müqaviləsi hansı tarxidə və harada reallaşa bilər?

Mövzu ilə bağlı Missiya.Az-a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, politoloq Tural İsmayılov bildirib ki, bu gün Azərbaycanla Ermənistan arasında sülhə birinci əngəl olan tərəf əlbətdəki İrəvan və onun havadarlarıdır: 

“Rəsmi Bakı dəfələrlə İrəvana sülh müqaviləsinin imzalanması ilə bağlı öz şərtlərini irəli sürüb və Ermənistanın Baş naziri Nikol Paşinyanın hakimiyyəti bu günə qədər bir çox məsələlərdə provakasiyalar yerinə konstruktiv danışıqlara getsəydi doğurdan da iki ölkə münasibətlərində xeyli irəliləyişlər əldə edilmiş olardı. Ama istənilən halda nəticələri artıq sülhə doğru dəyişməyin vaxtı yetişibdir. Hazırda Azərbaycan və Ermənistan tərəfindən verilən açıqlamalardan da görürük ki, ortada sülh müqaviləsinin bağlanmaması üçün heç bir ciddi problem qalmayıb. Ama burada əsas məsələ Ermənistanın konstitusiyasını dəyişdirməkdir. Və qarşı tərəf bunu etmədiyi halda iki ölkə arasında sülh müqaviləsinin nəticəsinin necə olacağını söyləmək çətindir. Çünki Ermənistanın konstitusiyasında ölkəmizə qarşı ərazi iddiaları yer alır. Ermənistan qarşıdakı zaman ərzində referendum keçirə və konstitusiyasını dəyişdirməklə bağlı ortaya ciddi iradə qoyarsa o zaman yaxın gələcəkdə belə bir müqavilənin imzalanması ehtimalı yüksəkdir”. 

Tural İsmayılov qeyd edib ki, iki ölkə arasında sülh müqaviləsinin imzalanamasının bu ilin sonuna kimi yekunlaşacağını ehtimal etmir:

“Çünki Ermənistan kütləvi şəkildə silahlanır və aprel ayında Azərbaycana qarşı müharibəyə başlamaq ehtimalı da var. Bundan əlavə, Ermənistan Azərbaycanın daxili işlərinə də qarışaraq, Bakıdakı erməni cinayətkarların cəzalandırılmasını əngəlləməyə çalışır. Və bu da iki ölkə arasında sülh müqaviləsinin imzalnmasını çətinləşdirir. Əgər Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanarsa, bu,  İstanbulda, Moskvada və ya hansısa  Qərb ölkəsinin paytaxtında baş tuta bilər. Ancaq əsas məqam Ermənistanın üzərinə düşən məsələləri tez bir zamanda həll etməsidir”.

Daşqın HəsənovMissiya.Az

Seçilən
4
missiya.az

1Mənbələr