Ermənistan və Azərbaycan sülh müqaviləsinin mətninin tam razılaşdırıldığı elan ediblər. Bu, qırx ilə yaxın bir dövrdə davam edən Ermənistan-Azərbaycan münaqişəsinə hüquqi nöqteyi-nəzərdən son qoyan mühüm hadisə olmaqla Cənubi Qafqaz regionunda sabitlik və əməkdaşlıq üçün yeni dövrün başlanğıcı hesab edilir. Prezident İlham Əliyev də XII Qlobal Bakı Forumundakı çıxışında bildirdi ki, “Azərbaycan sülh prosesinin təşəbbüskarı olub. Əslində, Azərbaycan hətta bu gün Ermənistanla müzakirə olunan və əsasən razılaşdırılmış sülh sazişi layihəsinin, sülh müqaviləsinin müəllifidir”. Çünki Azərbaycan sülh müqaviləsinin hazırlanmasında danılmaz rol oynayıb. Bakı 2020-ci ildə başa çatan ikinci Qarabağ müharibəsi qurtarandan dərhal sonra sülh təşəbbüsü ilə çıxış etdi və Ermənistanla münasibətlərin normallaşdırılmasını ehtiva edən təkliflər paketi ilə çıxış etdi. Bununla da Azərbaycan bölgədə yeni reallıqlar formalaşdırdı və danışıqlar prosesini özü yönləndirdi. Təbii ki, bu məsələdə Prezident İlham Əliyevin qətiyyətli siyasəti və diplomatik manevrləri də mühüm rol oynadı. Bunun nəticəsində Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur oldu. Azərbaycan işğalda olan torpaqlarını azad etməklə yanaşı, bütün ərazisində suverenliyini də bərqərar etdi.
Təbii ki, tərəflər arasında sülh müqaviləsinin imzalanmasının regional və qlobal təsirləri olacaq, Cənubi Qafqazdakı prosesləri sürətləndirəcək. Bu, ilk növbədə sərhədlərin rəsmi tanınmasına və açılmasına təsir göstərəcək, delimitasiya və demarkasiya prosesi sürətlənəcək. Xüsusilə Zəngəzur dəhlizinin açılması, Naxçıvan və Türkiyə ilə birbaşa quru bağlantısının təmin edilməsi diqqət mərkəzində olacaq. Müqavilə ilə region ölkələri arasında ticarət və iqtisadi münasibətlər genişlənəcək. Türkiyə və İran sülh müqaviləsindən sonra regionda iqtisadi və siyasi nüfuzlarını artıracaq. Türkiyə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını təşviq edərək Ermənistanla ticarət əlaqələrini gücləndirməyə çalışacaq.
Bu sazişin qlobal təsirlərinə gəlincə, deyə bilərik ki, Rusiya və Qərb arasında geosiyasi rəqabət fonunda bu müqavilə, Cənubi Qafqazda yeni bir güc balansı yaradacaq. Avropa İttifaqı sülh prosesində fəal iştirak etməyə çalışsa da, Azərbaycanla Türkiyənin sıx əməkdaşlığı digər tərəflərin regiona təsirini məhdudlaşdıracaq. Lakin müqavilənin mətninin tam razılaşdırılması hələ onun imzalanması anlamına gəlməməlidir. Çünki hələ görüləcək çox iş var və rəsmi Bakının xeyli müddətdir İrəvan qarşısında irəli sürdüyü tələblərin tam yerinə yetirilməsi lazımdır. Bura Ermənistanın mövcud konstitusiyasının dəyişdirilməsi və orada Azərbaycana qarşı ərazi iddialarının çıxarılması, bununla bağlı qanunvericilik aktlarına düzəlişlər edilməsi, ATƏT-in Minsk qrupunun ləğv edilməsinə dair birgə müraciətin olunması, sərhəddə üçüncü qüvvələrin yerləşdirilməməsi daxildir. Ermənistan hələ ki, bu istiqamətdə konkret addımlar atmayıb. Düzdür, ötən ay Ermənistan konstitusiyasının yeni mətninin hazırlanması ilə bağlı rəsmi informasiya dövriyyəyə buraxıldı, parlament seçkilərinə qədər bu işlərin başa çatdırılacağı məlum oldu. Lakin bir qədər əvvəl qeyd etdiyimiz digər məsələlər barədə rəsmi İrəvanın hansı addımlar atacağı, hansı tədbirləri görəcəyi barədə heç bir məlumat yoxdur. Ona görə də Prezident İlham Əliyev forumdakı çıxışında haqlı olaraq bildirdi ki, “Bizə sənədlər, yazılı kağızlar lazımdır. Bizə lazımdır ki, onların Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmasın. Orada Azərbaycana qarşı ərazi iddiaları hələ də qalır. Bizə lazımdır ki, ATƏT-in Minsk qrupu buraxılsın. Biz bu mesajı Ermənistana çatdırırıq və deyirik ki, Minsk qrupunun saxlanılmasında məntiq yoxdur”.
Göründüyü kimi, Azərbaycan problemin paket həllinə çalışır və hər hansı problemin həllinin gələcəyə miras saxlanmasını düzgün hesab etmir. Ona görə də rəsmi Bakı sülh müqaviləsinin razılaşdırılmasını Cənubi Qafqazda yeni dövrün başlanğıcı hesab edir. Heç şübhəsiz ki, Azərbaycan bu prosesi də uğurla idarə edəcək, digər problemlərin də həllinə nail olacaq. Çünki vəziyyətin bu cür irəliləməsi həm Azərbaycan, həm Ermənistan, həm də bütün region üçün sülh və sabitlik yolunda fundamental dəyişikliklər vəd edir.