23 il davam edən münaqişə başa çatdı
Postsovet məkanında tarixi hadisə baş verdi. Martın 13-də Bişkekdə danışıqlar zamanı Qırğızıstan və Tacikistanın prezidentləri Sadır Japarov və Emoməli Rəhmon Qırğız Respublikası və Tacikistan Respublikası arasında dövlət sərhədi haqqında tarixi saziş imzaladılar. Bununla da 23 il davam edən, silahlı toqquşma və itkilərlə müşayiət olunan sərhəd münaqişəsi sona çatdı. İndi prosedura əsasən, bu saziş iki ölkənin parlamentlərinə baxılmaq üçün təqdim ediləcək. Qanun layihəsi deputatlar tərəfindən ratifikasiya olunduqdan sonra yenidən dövlət başçılarının imzalanması üçün təqdim olunacaq.
Qırğızıstanla Tacikistan arasında 972 kilometrlik sərhəd bölgəsi uzun müddət mühahisəli olaraq qalırdı. 101 il əvvəl, yəni 1924-cü ildə Orta Asiyanın ayrı-ayrı dövlətlərə bölünməsindən sonra sərhəd elə çəkilmişdi ki, o təkcə məskunlaşan ərazilərdən deyil, həm də sərhədyanı rayonların sakinlərinin evlərindən keçirdi. Bu proses anklavlar yaradaraq, etnoqrafik və iqtisadi reallıqlara nəzərə almırdı. Eyni zamanda, delimitasiyası resurslara çıxışla bağlı münaqişələrə səbəb oldu. SSRİ-nin dağılmasından sonra vəziyyətin pisləşməsi yerli qırğızlarla taciklər arasında çoxsaylı toqquşmalara gətirib çıxartdı və 2022-ci ildə iki yüzdən çox insanın həyatına son qoyan və əhalinin kütləvi təxliyəsinə səbəb olan silahlı münaqişə ilə nəticələndi. Silahlı münaqişə zamanı Suqd və Batken rayonlarının sərhədyanı ərazilərinin infrastrukturuna xeyli maddi ziyan dəydi.
Bu hadisələrdən sonra iki ölkənin hakimiyyət orqanları sərhədlərin delimitasiyası prosesini sürətləndirmək qərarına gəliblər. 23 il davam edən danışıqlardan sonra Bişkek və Düşənbə sərhəd haqqında razılığa gəldilər və nəhayət, əraziləri mübadilə edərək, onu birləşdirdilər və işarələdilər. Martın 13-də sənədin imzalanmasından və birgə bəyanatın qəbulundan əvvəl tərəflər danışıqlar apardılar. Görüş zamanı siyasi və iqtisadi sahədə ikitərəfli əlaqələr, o cümlədən təhsil və mədəni-humanitar sahələrdə əməkdaşlıq məsələləri müzakirə edildi. Bundan sonra iki ölkə arasında sərhəd haqqında saziş iki ölkənin parlamentlərində ratifikasiya prosedurundan keçməlidir və prezidentlər tərəfindən imzalandıqdan sonra qanunlar qüvvəyə minəcək.
Yenilənmiş məlumatlara görə, Qırğızıstan-Tacikistan sərhədinin ümumi uzunluğu 10684 kilometrdir ki, bunun da 519,9 kilometri 2011-ci ilə qədər yeni razılaşdırıldı, 486,94 kilometri isə son üç ildə müəyyən edildi. Qırğız prezidenti Japarov əmin olduğunu bildirdi ki, müqavilənin imzalanması təkcə hər iki ölkənin deyil, bütün regionun təhlükəsizliyinin möhkəmlənməsinə töhfə verəcək. O qeyd etdi ki, saziş əməkdaşlıq və mehriban qonşuluq üçün möhkəm zəmin yaradır. Prezident Japarov vurğuladı ki, bundan sonra da Qırğızıstan və Tacikistan arasındakı sərhəd qardaş xalqlar arasında əbədi dostluq sərhəddi olacaq.
Sənədi imzaladıqdan sonra prezidentlər 2021-ci ildən bağlı qalan ümumi sərhədi videobağlantı vasitəsilə dərhal rəsmi olaraq açdılar. Nəzarət-keçid məntəqələri ilə yanaşı, hava hərəkəti və avtobus marşrutları tezliklə bərpa olunacaq. Düşənbə ilə Bişkek arasında hava hərəkəti bərpa edildikdən sonra ilk uçuş martın 14-də baş tutacaq. Həmçinin Tacikistanın Suqd vilayətinin inzibati mərkəzi Xucənddən Qırğızıstanın paytaxtına və əks istiqamətdə aviareys açılacaq. Xatırladaq ki, Bişkek və Düşənbə arasında hava əlaqəsi 2021-ci ilin mayında sərhəddə baş verən silahlı münaqişədən sonra kəsilmişdi.
S.ELAY
XQ