AZ

Avropa kimdən və nədən müdafiə olunur?

Avropa İttifaqında müdafiə məsələləri uzun illər, əsasən, NATO çərçivəsində müzakirə olunurdu. Lakin 5 mart 2025-ci ildə Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisin Avropa Xalq Partiyasına Avropanın müdafiə xərclərinin artırılması üçün çağırışı Qərb alyansında mühüm dəyişikliklərin baş verdiyinə işarə edir. Xüsusilə, ABŞ-ın NATO və Avropa təhlükəsizliyi ilə bağlı mövqeyinin qeyri-müəyyənləşməsi Aİ ölkələrini öz təhlükəsizlik strategiyalarını yenidən nəzərdən keçirməyə vadar edir.

Son illərdə NATO-nun ABŞ-a bağlılığı barədə suallar artır. Avropa İttifaqı isə öz müdafiə qabiliyyətini gücləndirmək üçün müxtəlif təşəbbüslər irəli sürür. Avropa Komissiyasının irəli sürdüyü beş yeni maliyyələşdirmə təşəbbüsü Aİ-nin NATO-dan kənarda öz təhlükəsizlik strategiyasını formalaşdırmaq niyyətini ortaya qoyur. Bunlar, xüsusilə müdafiə sənayesinin inkişaf etdirilməsi, hərbi tədqiqat və inkişaf layihələrinə investisiyalar və Aİ-nin vahid müdafiə siyasətinin gücləndirilməsidir.

Yunanıstan tarixən müdafiə xərclərinə yüksək vəsait ayıran Aİ üzvlərindən biridir. Aralıq dənizindəki enerji resursları uğrunda mübarizə və regiondakı geosiyasi risklər Afina üçün güclü müdafiə siyasətini vacib edir. Mitsotakisin çağırışı da məhz bu kontekstdə başa düşülməlidir. Avropanın müdafiə siyasətində daha müstəqil olmağa yönəlməsi, NATO və ABŞ ilə münasibətlərin gələcəyinə də təsir edə bilər. Əgər Aİ öz hərbi gücünü artırmaqda uğurlu olarsa, bu, NATO çərçivəsindəki tarazlığı dəyişdirə və alyans daxilində yeni bir güc bölgüsünə gətirib çıxara bilər. Avropa artıq təhlükəsizlik baxımından yalnız ABŞ-dan asılı olmaq istəmir. Mitsotakisin çağırışı və Avropa Komissiyasının yeni maliyyələşdirmə planları qitənin gələcəkdə daha müstəqil müdafiə strategiyası formalaşdırmağa çalışdığını göstərir. Bunun uğur qazanıb-qazanmayacağını isə Aİ ölkələrinin siyasi iradəsi və ortaq təhlükəsizlik strategiyasına nə dərəcədə sadiq olmaları müəyyən edəcək.

Məsələyə tarixi aspektdən baxsaq görərik ki, “qoca qitə” uzun illər təhlükəsizlik məsələlərində əsasən ABŞ və NATO-nun çətiri altına sığınsa da, Avropa dövlətlərinin vahid hərbi gücə malik olması ideyası yeni deyil. İkinci dünya Müharibəsindən sonra Qərbi Avropa ölkələri təhlükəsizliklərini təmin etmək üçün ABŞ və NATO-ya güvəndilər. Lakin bu dövrdə Avropanın özünümüdafiə qabiliyyətinin artırılması da müzakirə olunurdu. 1950-ci illərdə Avropa Müdafiə Cəmiyyəti (EDC) çərçivəsində Pleven planı irəli sürüldü. Fransa Baş naziri Rene Pleven tərəfindən 1950-ci ildə təklif edilən bu planın əsas məqsədi Avropa ordusu yaratmaq və ABŞ-dan asılılığı azaltmaq idi. Plan Almaniyanın yenidən silahlanması məsələsini də həll etmək üçün nəzərdə tutulmuşdu. Çünki İkinci dünya müharibəsindən sonra Almaniya silahsızlaşdırılmışdı və Fransa başda olmaqla bir çox Avropa dövləti onun hərbi gücünün yenidən bərpa olunmasına ehtiyatla yanaşırdı. Pleven planı çərçivəsində Avropa Müdafiə Cəmiyyəti yaradılmalı və bu birlik vahid komandanlığa tabe olmalı idi.

Lakin 1954-cü ildə Fransa parlamenti bu təşəbbüsü rədd etdi və Pleven planı baş tutmadı. Bu uğursuzluğun bir neçə səbəbi var idi. Birincisi, Fransa siyasi elitası öz ordusunun Aİ çərçivəsində tam inteqrasiya olunmasına və milli təhlükəsizlik siyasətinin xarici təsir altına düşməsinə qarşı idi. Bununla yanaşı, ABŞ və NATO-nun Avropanın təhlükəsizliyində mühüm rol oynadığına görə, bəzi dövlətlər yeni bir hərbi birlik yaratmağın alyansın gücünü böləcəyi qənaətində idilər. Böyük Britaniya bu prosesə qoşulmadı və Avropanın müdafiə inteqrasiyasına qarşı ehtiyatlı mövqe sərgilədi. Fransa daxilində də Pleven planı ilə bağlı konsensus yox idi. Planın həyata keçirilməsi Fransanın öz hərbi nəzarətindən imtina etməsi anlamına gəlirdi ki, bu da milli maraqlara uyğun deyildi.

Bu uğursuzluqdan sonra Avropa ölkələri müdafiə siyasətində NATO-ya güvənməyə davam etdilər və Avropa Müdafiə Cəmiyyəti ideyası bir müddət unuduldu. Pleven planının uğursuzluğundan sonra Avropa dövlətləri təhlükəsizlik strategiyalarını əsasən NATO çərçivəsində formalaşdırmağa davam etdilər. 1990-cı illərdən etibarən isə Avropa İttifaqı tədricən müdafiə və təhlükəsizlik məsələlərində daha aktiv rol almağa başladı. 1998-ci ildə Böyük Britaniya və Fransa arasında Sent-Malo razılaşması Avropa Birliyinin müdafiə qabiliyyətini artırmaq üçün yeni imkanlar yaratdı. Bu razılaşma Aİ çərçivəsində hərbi əməkdaşlığın genişləndirilməsi üçün mühüm addım idi. 2003-cü ildə Avropa Təhlükəsizlik və Müdafiə Siyasəti çərçivəsində ilk müstəqil Aİ hərbi əməliyyatları həyata keçirilməyə başladı. 2017-ci ildə Permanent Structured Cooperation (PESCO) layihəsi Avropa İttifaqı daxilində müdafiə sahəsində əməkdaşlığı daha da gücləndirdi. Buna baxmayaraq, NATO hələ də Avropanın əsas hərbi alyansı olaraq qalır. ABŞ-ın NATO-dakı rolu zamanla dəyişsə də, Avropa ölkələri üçün alyansın təmin etdiyi kollektiv müdafiə sistemi həlledici olaraq qalmaqdadır. Bununla belə, son dövrlərdə Aİ-nin müdafiə xərclərini artırmaq və ABŞ-dan daha az asılı olmaq təşəbbüsləri Avropanın təhlükəsizlik arxitekturasının gələcəyinə dair yeni müzakirələrə yol açır.

Avropanın müdafiə siyasətində daha müstəqil olmağa yönəlməsi, NATO və ABŞ ilə münasibətlərin gələcəyinə də təsir edə bilər. Əgər Aİ öz hərbi gücünü artırmaqda uğurlu olarsa, bu, NATO çərçivəsindəki tarazlığı dəyişdirə və alyans daxilində yeni bir güc bölgüsünə gətirib çıxara bilər.Bununla belə, Aİ ölkələri arasında fikir ayrılıqları mövcuddur. Xüsusilə, Şərqi Avropa dövlətləri ABŞ-ın NATO-dakı liderliyini qorumaqda maraqlıdır. Polşa və Baltikyanı ölkələr Rusiya təhlükəsi qarşısında Vaşinqtonun hərbi dəstəyinə etibar edirlər. Digər tərəfdən, Fransa və Almaniya kimi dövlətlər isə daha müstəqil Avropa müdafiə strategiyasına üstünlük verirlər.

Mitsotakisin son çağırışı və Avropa Komissiyasının yeni maliyyələşdirmə planları, Pleven planının uğursuzluğundan 70 il sonra Avropanın öz təhlükəsizliyini təmin etmək üçün yenidən ciddi addımlar atmaq istəyini göstərir. Bu dəfə uğur qazanıb-qazanmayacağı isə Aİ ölkələrinin siyasi iradəsindən və qlobal geosiyasi proseslərdən asılı olacaq.

Şəbnəm ZEYNALOVA,
siyasi elmlər üzrə fəlsəfə doktoru

Seçilən
28
xalqqazeti.az

1Mənbələr