"Adətən, yaz aylarında tikinti materiallarına tələbat artdığına görə bazarda qiymətlərin yüksəldiyi müşahidə edilir".
Bunu tikinti materialları bazarındakı vəziyyətlə bağlı oxu.az-ın suallarını cavablandıran iqtisadçı ekspert, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib.
O bildirib ki, tikinti bazarında qiymət artımının səbəbləri müxtəlif olsa da, əsas amillərdən biri artıq daha böyük həcmdə inşaat materialları tələb olunan layihələrə start verilməsidir:
"Bildiyiniz kimi, işğaldan azad olunmuş ərazilərdə də böyük infrastruktur quruculuğu başlayıb. Eyni zamanda, ölkədə əsas biznes sahəsi kimi bina tikintisində xüsusi fəallıq hiss olunur. Bu, vətəndaşlarımızın investisiya cəlbediciliyi baxımından daha çox daşınmaz əmlaka üstünlük verməsindən irəli gəlir. Sahibkarlar vətəndaşların daha çox daşınmaz əmlak əldə etmək arzusunda olduqlarını gördükləri üçün torpaq sahələri götürərək orada tikinti işləri aparırlar. Bu da tikinti bazarında aktivlik yaradır".
Vüqar Orucun sözlərinə görə, vətəndaşların daşınmaz əmlaka investisiya yatırmağının səbəbi bunun daha az riskli, stabil gəlir mənbəyi kimi görülməsi ilə bağlıdır:
"Hətta təməl mərhələdə olan mənzillər belə, bir ildən sonra öz dəyərini 15-20 faiz artırmış olur. Əgər insanlar hazır mənzil əldə edirlərsə, bu da bir müddətdən sonra kirayə verilir və stabil gəlir mənbəyinə çevrilir".
Tikinti bazarında hazırkı vəziyyətə gəlincə, ekspertin sözlərinə görə, hələ aktivlik hiss edilmir:
"Bunun səbəbi mart ayının Ramazanla üst-üstə düşməsidir. Orucluq insanları ənənəvi mart fəallığından uzaqlaşdırır. Ancaq düşünürəm ki, martın sonu - aprelin əvvəlində tikinti bazarında həm aktivlik, həm də qiymət artımı ilə qarşılaşacağıq".
V.Orucun fikrincə, qiymət artımına təsir edən amillərdən biri də işçi qüvvəsinin əməkhaqqısının artmasıdır:
"Tikinti sahəsində müxtəlif istiqamətlər üzrə işçi qüvvəsinin xidmət haqları ötən illərlə müqayisədə, təxminən, 25-30 faiz artıb. Bu da qlobal maliyyə böhranından sonra dünyada baş vermiş inflyasiya ilə bağlıdır. Artıq işçilər əvvəlki əməkhaqqı ilə razılaşmır və daha yüksək məbləğ tələb edirlər. Bu da tikinti materiallarının qiymətinə təsirsiz ötüşmür, çünki tikinti materialları ilə işçi qüvvəsinin əməkhaqqısı arasında düz mütənasiblik var. Birinin artması digərinə də təsir göstərir".
Qiymət artımının daha çox hansı materiallarda olacağına gəlincə, V.Oruc bildirib ki, bu, xüsusilə xaricdən gətirilən materiallarda özünü göstərəcək:
"Əsas konstruksiya elementlərini daşıyan materiallar - taxta, metal məmulatlarının və s. qiymətində ciddi artım gözlənilir. Bunun 10-12 faiz civarında olacağını proqnozlaşdırıram. Bu, daşınma xərclərində də artımın olması ilə bağlıdır".
Yerli istehsala gəlincə, V.Oruc deyib ki, qeyd olunan amillər onların qiymətinə də təsirsiz ötüşməyəcək, lakin bu, xaricdən gətirilənlərlə müqayisədə az - 3.5-5.7 faiz olacaq.
Həmsöhbətimiz deyib ki, tikinti materiallarının qiymətinin artması tikintinin maya dəyərinin artması ilə nəticələnir:
"Dövlət Statistika Komitəsinin verdiyi məlumatlara əsaslansaq, iki-üç il əvvəllə müqayisədə 1 kvadratmetrin başa gəlməsinə çəkilən xərc 80-100 faiz artıb. Bu da onu göstərir ki, 2025-ci ildə bu məbləğin, təxminən, 15-20 faiz artma ehtimalı var. Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planında yaşıllıq sahələrinin daha çox olması, tikinti sahəsinin nisbətən azaldılması, normativlərə ciddi şəkildə əməl olunması məsələləri öz əksini tapıb. Buna görə də sahibkar əvvəl əldə etdiyi torpaq sahəsində 30 min kvadratmetrlik bina inşa edirdisə, indi bu rəqəm 15-20 min arası olacaq. Sahibkar əvvəl planlaşdırırdı ki, beş bina tikərək, məsələn, bir ortasahəli mənzildən yüz min manat qazanc əldə edəcək, amma indi üç bina tikəndə də yüz min qazanc, hətta inflyasiyanı nəzərə alsaq, yüz iyirmi min qazanmaq istəyəcək".
V.Oruc deyib ki, 2025-ci il tikinti və daşınmaz əmlak bazarında, eyni zamanda, işçi qüvvəsinin əməkhaqqısında artım ili olacaq.
Milli.Az