AZ

Dost həsrəti, Şuşa haqqı, təəccüb və heyrət - Rəşad Məcid

Xalq yazıçısı Anarın - Anar müəllimin növbəti d
oğum günüdür. Bu əlamətdar gün ərəfəsində Anar müəllimlə bağlı son illər məni təəccübləndirən, heyrətləndirən, yeri gəldikcə başqaları ilə də bölüşdüyüm bəzi məqamları qələmə almağı düşündüm.

Uzun illərdən bəri tanımağıma, 20 ildən artıq Azərbaycan Yazıçılar Birliyində bir yerdə işləməyimizə baxmayaraq, indinin özündə də Anar müəllimin yeni-yeni keyfiyyətlərini müşahidə edir və hələ də ondan öyrənir, nümunə götürür, hətta tez-tez təəccüblənirəm.

Gənc Füzuli heyrəti

Dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 530 illik yubileyi münasibətilə "bp Azərbaycan"la "Azərnəşr"in birgə hazırladıqları ikicildliyin bu günlərdə keçirilən təqdimat mərasimində Anar müəllimin çıxışı həmişəki kimi öz fərqliliyi ilə olduqca diqqətçəkən idi. Ona görə "həmişəki kimi" ki, Anar müəllim bütün çıxışlarında qısa, lakonik, amma fərqli danışır, eyni zamanda emosiyalara təsir edir, düşünmək üçün müəyyən tezislər ötürür. Bu tədbirdəki çıxış da elə oldu: "Mən bunu vaxtilə Tahir Salahova, Toğrul Nərimanbəyova demişdim, indi isə burada gənc rəssamlar varsa, onlara müraciət edirəm: Məhəmməd Füzulinin ancaq yaşlı vaxtının rəsmləri var, ancaq Füzulini gənc yaşında da çəkmək lazımdır axı. Əgər "Tutuşdu qəm oduna şad gördügün könlüm, Müqəyyəd oldu ol azad gördügün könlüm" - yaşlı Füzulinin şeiri kimi normal qəbul edilir və çəkilmiş rəsmlərilə uyğunluq təşkil edirsə, "Dəhənin dərdimə dərman dedilər cananın, Bildilər dərdimi, yoxdur dedilər dərmanın" beytini qoca kişi deməz, gənc Məhəmməd Füzuli deyər. Əgər Füzulinin cavanlıq rəsmi də olsa, insanlar belə şeirləri onunla assosiasiya edərlər". Anar müəllim auditoriya qarşısında Füzulinin böyüklüyünü vurğulamaqla yanaşı, çox vacib bir məqama da toxunur, öz fərqli mesajlarını mədəniyyət adamlarına çatdırırdı.

Son illər birgə səfərlərimizdə, tədbirlərdə, söhbətlərimizdə belə məqamların çox şahidi olmuşam. O, Azərbaycan ədəbiyyatının canlı klassiki, bir neçə nəslin ictimai şüurunun, bədii zövqünün formalaşmasında mühim rol oynamış böyük ziyalımızdır. "Kitabi Dədə Qorqud"un xalqımıza tanıdılmasında və filmin çəkilməsilə populyarlıq qazanmasında Anar müəllimin xidməti əvəzsizdir. Onun Mirzə Cəlil, Üzeyir Hacıbəyli, Mirzə Fətəli Axundov, Hüseyn Cavid haqqında ssenarilərinə çəkilmiş bədii filmlər Azərbaycan mədəniyyət tariximizə əvəzsiz töhfələrdir. Son illərdə Cəfər Cabbarlı haqqında ssenari yazıb, filmin çəkilməsini çox arzulayır. Əminəm ki, tez bir zamanda Anar müəllimin bu istəyi gerçəkləşəcək və mədəniyyətimizə, ədəbiyyatımıza daha bir töhfəsini verəcək.

Yaddaşa heyrət

Anar müəllimin məni heyrətləndirən cəhətlərindən biri də dərin bilgisi və unikal yaddaşıdır. Hərdən yaşından gileylənən adamlara Anar müəllimi örnək göstərir, onun 87 yaşında da son dərəcə iti yaddaşa sahib olduğunu deyirəm.

2014-cü ildə cənab Prezident İlham Əliyevin iştirakı ilə dahi bəstəkar Qara Qarayevin heykəlinin açılış mərasimində Anar müəllimin çıxışı məni heyrətə gətirmişdi. Həmin açılış mərasimini televiziya ilə izlədiyim günün səhərisi Yazıçılar Birliyində təəssüratımı onun özüylə də bölüşdüm, Qara Qarayevin əsərləri, bu əsərlərin hər birinin məğzi, mahiyyəti, dahi sənətkarın Azərbaycan musiqisinə verdiyi töhfələr haqqında belə dəqiq, səlis və sistemli, üstəlik də, bədahətən danışmasından heyrətləndiyimi bildirdim.

Anar müəllimin belə çıxışları çoxdur. Unudulmayan o çıxışlardan biri də 2022-ci ilin yayında Şuşada keçirilən Vaqif Poeziya Günlərində dərin mənaları, zəngin alt qatı olan çıxış idi. Həmin çıxışda Anar müəllim Molla Pənah Vaqifdən danışdı. Onun "Görmədim" müxəmməsindən bir neçə bəndi və "Sevgilim, ləblərin yaquta bənzər" misrasıyla başlayan məşhur qoşmasını əzbər dedi: "Təbiət də canlı varlıqdır. Ağaclar çiçək açır, payızda yarpaqlar solur, tökülüb xəzəl olur. Amma ağac ölmür, yenidən dirilir və yeni baharda torpağın gücü ilə günəşə boylanaraq çiçəkləyir. Əgər təbiət canlı varlıqdırsa, sevinc də duyur, həsrət də duyur və 30 il Şuşanın dağları, dumanları, meşələri, bulaqları muğam həsrəti ilə, doğma dildə şeir nisgili ilə yaşayıb. Xoşbəxtlikdən, bu nisgil sona yetdi. Bu gün Cıdır düzü Azərbaycanın ən möhtəşəm konsert salonudur. Bu gün Vaqif məqbərəsinin önü Azərbaycanın ən yüksək şeir kürsüsüdür. Təsadüfi deyil ki, hörmətli Prezidentimizin ilk fərmanlarından biri Şuşanı - Vaqifin, Natəvanın, Nəvvabın, Cabbarın, Üzeyirin, Bülbülün Şuşasını Azərbaycanın mədəniyyət paytaxtı elan eləmək oldu. İlk günlərdən Şuşada şeir, musiqi tədbirləri keçirilir və biz Şuşaya, vandallar tərəfindən dağıdılmış, viran qoyulmuş küçələrə, evlərə sənət, mədəniyyət gətiririk".

Ötən ilin dekabr ayında Anar müəllimlə Almatıya Qazaxıstan Yazıçılar Birliyinin 90 illik yubileyinə getmişdik. Yubiley tədbirində Anar müəllim çox təsirli və əhatəli çıxış elədi. O, çıxışında qazax yazıçıları, onların əsərləri, ümumtürk ədəbiyyatına təsirləri, eləcə də 1926-cı ildə Bakıda keçirilən Türkoloji qurultayda iştirak edən qazax yazıçı-alimləri barədə faktları bir-birinin ardınca elə dəqiqliklə sadalayırdı ki, bir məqamda gördüm digər türkdilli ölkələrin yazıçıları, ədəbiyyat nümayəndələri heyrətlə mənə baxırlar. Onları heyrətə salan ahıl yaşda bir insanın ensiklopedik biliyi, bu qədər adı, əsəri yadında saxlayıb aydın şəkildə ifadə etməsi, Türk dünyasının gələcək istiqamətlərini sadə fikirlərlə göstərmək məharəti idi. Təbii ki, bu reaksiyalar mənə çox böyük zövq verirdi. Özbəkistanın yaşı 80-i keçmiş Xalq şairinin heyrətli baxışlarını hələ də unuda bilmirəm.

Qarlı, soyuq havada iki gün çəkən o səfərimiz çox gözəl keçdi. Qayıdandan sonra Anar müəllim mənə xoş ovqat yaradan sözlər dedi: "Sən yaxşı səfər yoldaşısan, gərək səninlə tez-tez səfərə çıxaq!" Halbuki Anar müəllimlə ildə bir neçə dəfə səfərlərimiz olur.

Bu il fevralın ilk günləri idi, Heydər Əliyev sarayında Xalq artisti, böyük sənətkar Polad Bülbüloğlunun 80 illik yubiley gecəsi keçiriləcəkdi. Təbii ki, tədbirə bütün biletlər satılıb qurtarmışdı. Həmin ərəfədə Yazıçılar Birliyində Anar müəllim, Çingiz Abdullayev və mən söhbət edirdik. Sözarası Çingiz müəllimə dedim ki, Polad Bülbüloğlunun yubiley tədbirində mən də iştirak etmək istəyərdim. Düzü, Anar müəllimin mənim bu sözümü eşidib-eşitmədiyini bilmədim. Bir neçə gün sonra Anar müəllim məni yanına çağırdı. Sən demə, Polad Bülbüloğlu onların ailəsi üçün üç dəvətnamə göndəribmiş, amma Zemfira xanımla Günel xanım xəstəhal olduqlarından tədbirə gedə bilməyəcəklərmiş. Anar müəllim mənə dedi ki, sən o konsertə getmək istəyirdin, buyur, bu iki bileti, gələrsən. Adi, ani bir sözü Anar müəllimin həssaslıqla yadında saxlayıb diqqət göstərməyi məni növbəti dəfə təəccübləndirən nüans oldu.

"İçindən bayır şəhərə çıxan təəccübüm..."

Anar müəllimin mənə yaşatdığı təəccüblü və heyrətli məqamlar haqqında düşünərkən bu tanış misralar yadıma düşür:

Əyrin-üyrün,

Dar küçələrin,

Gündüzlər

otaqlarındakı bəyaz gecələrin,

damlarının yastısı,

içinin astası

Küçələrini

dolanan addımların

Həmişə tənha səsi,

Gecələrinin

dünyada itən tarix tikəsi,

İçindən bayır şəhərə

çıxan təəccübüm,

Oğrularından qorxan cibim,

ölüm ayağındadır indi.

İçərişəhər,

Biçarə şəhər.

Xalq şairi Vaqif Səmədoğlunun İçərişəhərə həsr etdiyi bu şeirdəki təəccübə ilk dəfə Anar müəllimin "Gürcü familiyası" hekayəsində, İçərişəhərin təsvirində rast gəlmişdim. Bu hekayə əsasında məşhur "Gün keçdi" filmi də çəkilib. İndi mənim Anar müəllimin unikal yaddaşı, fövqəladə şəxsi keyfiyyətləri, yazmaq, yaşamaq şövqü qarşısındakı təəccübüm Vaqif Səmədoğlunun İçərişəhərlə bağlı duyduğu həmin təəccübə bənzəyir.

Anar müəllimin ömrünün indiki çağında belə unikal yaddaşa sahib olmasını mən yalnız yaradıcılıq şövqü, yazmaq ehtirası ilə bağlaya bilirəm. Almatıdan Bakıya dönərkən həyatın mənası barədə söhbət edərkən, o, qısaca dedi ki, həyatın mənası yaşamaqdır. Amma yaşamaq Anar müəllimin anlamında çox dərin mətləbdir. Yaşamaq durmadan yazmaq, öz hisslərini, duyğularını, təcrübəni qələmə almaq, eyni zamanda ömür boyu oxumaq, öyrənmək, indiki informasiya bolluğunda zamandan geri qalmamaq və öz əsərlərində sətiraltı ifadələrlə dərin mətləblərə münasibət bildirməkdir.

O, Səməd Vurğun haqqında olan son kitabında da məni təəccübləndirməyi bacardı. Kitabla tanış olanda xeyli keçmişə qayıtdım və dedim ki, gərək Vaqif Səmədoğlunun Nigar Rəfibəylinin vəfatı ilə bağlı yazdığı "Dekabr yağmuru, konyak çiskini" şeirini də kitaba salaydınız.

Həssas və kübar davranış... Daha bir heyrət!

2022-ci ilin iyun ayında akademik İsa Həbibbəyli bizi Naxçıvana dəvət elədi. Fərhad Xəlilov, Fərhad Bədəlbəyli, Anar müəllim və mən gedib iki gün Naxçıvanı gəzdik, Batabatı ziyarət etdik.

Biz Şərur rayonunun Danyeri kəndinə gedib İsa müəllimin ata evini də ziyarət etdik, 90 yaşlı anası Qəndab xanım Həbibbəyli ilə görüşdük. Bir də gördüm Anar müəllim çantasını axtarır. Əgər Anar müəllim çantasını axtarırsa, deməli, nəsə sürpriz var. Yəqin İsa müəllimlə Naxçıvan gediriksə, mütləq onun ata evini də ziyarət edəcəyimizi, anası ilə də görüşəcəyimizi düşünüb hazırlıqlı gəlibmiş. Anar müəllim çantasından bir yaylıq çıxartdı, Qəndab xanıma təqdim edib dedi ki, həyat yoldaşım Zemfira xanım sizə göndərib. Onun bu yaşda bu qədər kübar, diqqətcil olmasına, heç kimi və heç nəyi unutmamasına heyrətlənməmək mümkündürmü ki?!

Bir az əvvəl "yaradıcılıq şövqü" ifadəsini elə-belə işlətmədim. İndi də yadıma elə bu məsələ ilə bağlı bir hadisə düşdü. 2023-cü ilin noyabr ayında İLESAM-ın təşkilatçılığı ilə V Türk Yazarlar Qurultayında iştirak edirdik. Tədbirlər Ankarada başlayıb, İstanbulda davam etdirilmişdi. Nümayəndə heyətində bizim həm gənc yazarlar - Nadir Yalçın, Ulucay Akif, Rəvan Cavid, həm də orta nəslin nümayəndələri - Əyyub Qiyas və Xəyal Rza da vardı. Anar müəllim məni bu səfərdə də təəccübləndirdi. Deməli, bir həftə boyunca davam edən tədbirlərdə Anar müəllim hamımızdan çox çıxış etdi, hamımızdan çox fərqli təkliflər verdi, tədbirlərin hamısında axıracan oturdu, axşamlar ziyafətlərdə yenə də hamımızdan çox, yorulmadan, təmkinlə əyləşdi. Bakıya qayıdıb işə çıxanda isə mənə yeni hekayəsini - "Balaca Fuad"ın son xahişi"ni verib dedi ki, buna bax, qəzetdə çap edək. Heyrətə gəldim: "Bir həftədir gecə-gündüz gözümüzün qabağında tədbirlərdə, görüşlərdə iştirak edirdiniz, bu hekayəni yazmağa necə vaxt tapdınız?" Sonra gənclərə dedim ki, baxın, nümunə götürün, Anar müəllim hamımızdan daha fəal, daha enerjilidir, üstəgəl, iki qəzet səhifəsi həcmində hekayə də yazmağa vaxt tapıb.

Şuşa haqqı...

Ötən il iyulun 12-də Azərbaycan Yazıçılar Birliyinin 90 illik yubileyində Türk dünyasından bir çox yazar iştirak edirdi. Onların arasında Anar müəllimin köhnə dostları da var idi (Anar müəllim heç zaman dostlarını unutmur, onları tez-tez xatırlayır). Tükiyənin məşhur şairi Ataol Bəhramoğlu və TÜRKSOY-un keçmiş baş katibi Düsen Kaseinov Şuşanı görməyi çox istəyirdilər. Hətta Düsen Kaseinov demişdi ki, Şuşa mənim vaxtımda TÜRKSOY-un mədəniyyət paytaxtı elan olundu, amma sonrakı tədbirlərin heç birində iştirak edə bilmədim, Şuşanı görmədim. Ona görə də Anar müəllim onları Şuşaya dəvət etdi. İyulun 12-də qonaqlarımızla birlikdə Şuşaya getdik, tarixi abidələrimizi ziyarət etdik, Üzeyir bəyin büstü önündə şəkillər çəkdirdik, Turşsuda olduq. Orada Anar müəllimin Düsen bəyin bu arzusunu gerçəkləşdirmək üçün etdiyi cəhdlər onu çox duyğulandırdı.

Həmin səfərimizdə səhər "Xarıbülbül" otelində foyeyə enərkən gördüm Anar müəllim Ataol bəylə oturub klassik musiqilər dinləyir. Mən də "Şuşada Bülbülün dupduru səsini dinləməyin öz yeri var", - deyib Bülbülün təsniflərini açdım, birlikdə dinlədik.

Şuşa demişkən, böyük Zəfərimizdən sonra biz Anar müəllimlə birlikdə Şuşada çox olmuşuq. Onun Şuşa sevgisinin canlı şahidlərindən biriyəm. Şuşa onun ən həssas yeridir. Hələ çox illər öncədən yazıçı Anarın Şuşa haqqında yazılarını oxuyur, Şuşanı bir də bu böyük yazıçının gözü ilə görməyə, kəşf etməyə çalışırdım. Sonralar çıxışlarımda, yazılarımda dəfələrlə onun Şuşa haqqındakı fikirlərindən sitatlar gətirmişəm.

Bir dəfə Şuşada uzaqdan Anar müəllimin "Qarabağ" otelinin qarşısında oturub fikrə daldığını gördüm və şəklini çəkib sosial şəbəkədə paylaşdım. Həmin şəkil çox məşhurlaşdı, onun oturuşuna başqa mənalar yükləməyə çalışan ağzıgöyçəklər də tapıldı. Amma Anar müəllim Şuşada belə şəstlə oturmağa ən çox haqqı çatan insanlardandır. İndi də hərdən şəkillərini çəkəndə zarafatla deyir ki, bu şəkil də məşhur olacaq.

Anar müəllim "Ay Laçın" mahnısını ifa etməyi çox sevir. Bir dəfə Şabrandakı Yaradıcılıq evində keçirilən Poeziya gecəsində şairlər öz şeirlərini oxuyurdular, Anar müəllim isə "Ay Laçın" mahnısını oxudu. Sonra bu mahnını Anar müəllimin dilindən Zemfira xanımın yubiley tədbirində eşitdim. Zemfira xanımın, Fərhad Xəlilovun, Fərhad Bədəlbəylinin ona qoşulub "Ay Laçın"ı birlikdə oxumaları çox gözəl ab-hava yaratmışdı. Bax, Anar müəllimin həyatın mənası dediyi yaşamaq həm də budur və o bu yaşam tərzindən zövq alır.

Yaşamaq haqqı...

Anar müəllimin 85 illik yubileyi ilə əlaqədar Ankarada, İstanbulda yaddaqalan bir çox tədbirlər keçirildi. Türk Ədəbiyyat Vəqfinin təşkilatçılığı ilə İstanbulun incisi Boğazın mavi sularında gəmi ilə gəzə-gəzə onun yubileyini qeyd etdik. Bundan əlavə, TÜRKSOY-da çox maraqlı yubiley tədbiri oldu. Həmin səfərlərin birində Zemfira xanımla Anar müəllim birinci sinifdə ilk dərs günü bir-birini görmələrini bütün detallarına vararaq elə aydın danışırdılar ki, hamımız heyrətlə onları dinləyirdik. Hətta bəzən mübahisə də edirdilər ki, filan hadisə elə yox, belə olmuşdu. Sən demə, Anar müəllim ilk dərs günündə Rəsul Rzanın ona aldığı saatı qoluna taxıb gedibmiş dərsə. Zemfira xanım da deyir ki, mən elə o saata görə vuruldum sənə. Təsəvvür edin ki, onlar düz 78 il öncənin hadisələrini hələ də ən xırdalıqlarını belə unutmadan, sanki dünən olubmuş kimi həyəcanla danışa bilirlər. Bu həm də Anar müəllimin ən doğmalarına qarşı həssaslığının nümunəsidir.

Anar müəllimin "Yaşamaq haqqı" adlı traktatı var. Təəssüf ki, kitab az tirajla çap olunmuşdu, indi tapılmır. Amma mən çox istəyərdim ki, kitab daha da təkmilləşdirilmiş formada, geniş tirajla yenidən çap olunsun. Yadımdadır, o zaman təhsil nazirinə də müraciət etmişdim ki, bu kitab hər bir azərbaycanlının evində olmalı, ali təhsil müəssisələrimizdə tədris edilməli, tələbələr mütləq o kitabı oxumalıdırlar. Anar müəllim xalqımızın tarixini, haradan gəlib-hara getdiyini o kitabda məharətlə, çox sadə və lakonik dillə, zəngin informasiyalarla anladır. Ümumiyyətlə, Anar müəllimin əsərləri, publisistikası, çıxışları misilsiz gücə malikdir.

Bəzən Anar müəllimi yaşı ilə bağlı tənqid etməyə çalışanlara deyirəm ki, onun bu yaşda da yazdığı hekayələr böyük rezonans, geniş müzakirələrə yol açır və bu, heç bir cavan yazıçıya müyəssər olmur.

Mən Anar müəllimin son hekayələrindən olan "Qatardan qalan adam" hekayəsini bir neçə dəfə oxudum və heyrətləndim. Hekayənin o qədər dərin alt qatı, ötürdüyü mesajlar var ki, bu barədə çox yazıldı, çox müzakirələr getdi, hətta Türkiyədə o adda kitabı da çap olundu.

Yadımdadır, 2022-ci ildə Anar müəllimlə birlikdə Ağdaşda Fikrət Qocanın xatirəsinə həsr olunan tədbirdə iştirak edib, Göyçayda Şairlər bağında qoyulmuş büstünü də gördük, büst və gerçək Anarla şəkil çəkdirdik, oradan İmişliyə gəlib Səyyad Aranın yubiley tədbirində iştirak etdik. Belə silsilə tədbirlərdə Anar müəllimi müşahidə etdikcə onun yorulmazlığına heyran qalmamaq,ədəbiyyatımız, dəyərlərimiz və dostları qarşısında özünə vəfa borcu bildiyi jestlərindən, şövqlə etdiyi çıxışlardan heyrətlənməmək mümkünsüzdür.

Dost xiffəti, dost həsrəti...

2018-ci ildə mərhum şairimiz Musa Yaquba Xalq şairi fəxri adı veriləndə İsmayıllıya Buynuz kəndinə getmişdik. Biz Buynuza çatanda şairin vəziyyəti pisləşmişdi, təcili yardım çağırmışdılar. Şair bizim gəlişimizə çox sevinmiş, üzrxahlıq etmiş, əl yelləyərək "siz oturub çay için, gələcəyəm" - demişdi. Musa Yaqubun evində içdiyimiz çay, onun Xalq şairi adı almasına necə sevinməyimiz unudulmaz məqamlardır.

Musa Yaqub vəfat edəndən bir müddət sonra isə Buynuz kəndində onun məzarüstü abidəsinin açılışı idi. Xatırlayıram, həmin günlərdə Anar müəllim soyuqlamışdı, xəstə idi və Qubadan başqa bir tədbirdən təzə qayıtmışdı, amma israrla dedi ki, açılışda mütləq iştirak edəcək. Xəstəhal olsa da, Buynuz kəndində abidənin açılışında axıracan ayaq üstə dayandı, stul təklif edilməsinə baxmayaraq, oturmadı və məzmunlu çıxışı ilə şairi ehtiramla yad etdi.

Anar müəllimin dostlarına bağlılığının, onları daima ehtiramla anmasının çox şahidi olmuşam. Yəqin ki, bu yaxınlarda onun dostlarının məzarlarını ziyarətə getməsini əks etdirən videonu çoxları xatırlayır. Videonu izləyərkən düşündüm ki, deyəsən, Anar müəllimin dediyi kimi, həqiqətən də yaş ötdükcə, torpağın altındakı dostlar torpağın üstündəki dostlardan daha çox olur.

Yaşayan Dəyər...

Bu günlərdə "Çapar" Mədəni İrsin Tədqiqi Mərkəzinin Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş tədbirində çıxış edən Ədalət Tahirzadə "Əkinçi"dən başlamış bir neçə mətbuat orqanının Azərbaycan milli fikrinə təsirindən danışarkən, sovet dövrü "Qobustan" jurnalının da adını çəkdi. Doğrudan da, Anar müəllimin o dövrdə, gənc yaşında rəhbərlik etdiyi "Qobustan" dərgisinin bizim ictimai-mədəni, milli düşüncələrimizin formalaşmasında böyük rolu olub. Təsadüfi deyil ki, iki il öncə 85 illik yubileyi ərəfəsində Mətbuat Şurasının İdarə Heyətinin bir qrup üzvü ilə Yazıçılar Birliyində məhz "Qobustan" jurnalındakı fəaliyyətini vurğulayaraq Anar müəllimə Mətbuat Şurasının diplomunu təqdim etdik.

Ötən il Trabzonda ənənəvi Qaradəniz Ədəbiyyat Festivalı keçirilirdi. Festivalın təşkilatçıları israr etdilər ki, onların "Yaşayan dəyərlər" adlı ödülü var, bu dəfə o ödülü bir gürcü yazıçısına, bir də Azərbaycandan Anar müəllimə vermək istəyirlər. O zaman Anar müəllim İstanbulda tədbirdə idi, oradan Trabzona gəldi, iki gün orada müxtəlif tədbirlərdə, qədim qala divarları arasında keçirilən təqdimat mərasimində iştirak etdik. Türkiyəli yazarların Anar müəllimə sonsuz ehtiramını müşahidə etdikcə təsirlənirdim. Ondan öncə isə Anar müəllimə Türk Dünyası Ədəbiyyat Vəqfinin "Yaşayan Dədə Qorqud" mükafatı verilmişdi.

Doğrudan da, Anar müəllim elə bir dəyərdir ki, Türk dünyasının harasına gedir-getsin, onu sevir, hörmətlə qarşılayır, rəğbət və ehtiramlarını bildirirlər. Mən də bu əlamətdar tarix ərəfəsində əziz Anar müəllimi növbəti ad günü münasibəti ilə ürəkdən təbrik edir, ona YAŞAMAQ arzulayıram!

Seçilən
15
kulis.az

1Mənbələr