AZ

Aleksanyandan XƏBƏRDARLIQ: “Sülh istəməyən revanşistlər terrora hazırlaşır” – EKSKLÜZİV

“Sülh müqaviləsinin imzalanması üçün dəqiq tarixi proqnozlaşdırmaq çox çətin bir işdir. Bir tərəfdən, artıq iki ildir ki, sərhəddə faktiki sülh hökm sürür, heç kim bir-birinə atəş açmır. Digər tərəfdən isə, ölkələrin artıq uzun müddət öz mövqelərini bəyan etdiyini görürük və bu mövqelərdə sülh müqaviləsinin imzalanmasına mane olacaq heç nə yoxdur”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında tanınmış erməni jurnalist Natali Aleksanyan deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Erməni bloqerdən ETİRAF: “Mina terrorunun günahkarları İrəvandadır” – EKSKLÜZİV


“Proses sülhə gətirib çıxaracaq”

Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətni üzrə danışıqların başa çatmasına münasibət bildirən erməni jurnalist, yaxın günlərdə sülh müqaviləsinin imzalanacağına ümidvar olduğunu bildirib.

“Ermənistan və Azərbaycan müqavilə imzalamağa hazır olduqlarını bildirirlər və yaxın gələcəkdə imzalanacağını elan edirlər və mən ümid edirəm ki, bəyanatlar real addımlarla dəstəklənəcək. Tarixlər barədə heç nə deyə bilmərəm, amma əminliklə deyə bilərəm ki, başlanan proses artıq geri dönülməzdir və bu, mütləq Ermənistan və Azərbaycan arasında uzun müddətdir gözlənilən sülhə gətirib çıxaracaq”, - deyə N.Aleksanyan qeyd edib.

Təbii ki, münasibətlərin normallaşması İrəvandakı revanşistləri narahat etməyə bilməz.

Natali Aleksanyan hesab edir ki, bu yaxınlaşma revanşistlərin terror aktlarına əl atmasına da səbəb ola bilər:
 

“İrəvanda revanşistlərdən hər şey gözlənilə bilər. Hətta mənə elə gəlir ki, sülh müqaviləsinin imzalanmasından sonra onların fəaliyyəti artacaq və bu, açıq-aşkar provokasiyalara, hətta terror aktlarına çevrilə bilər.


Kim olduqlarını bilirəm, buna görə də revanşist aktivistləri çox təhlükəli elementlər hesab edirəm və onlarla ciddi şəkildə məşğul olmaq lazımdır. Bu, şübhəsiz ki, Ermənistan hökuməti üçün bir çağırışdır”, - deyə erməni jurnalist əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media

Seçilən
2
bizim.media

1Mənbələr