Dünyada müharibə ritorikası hər gün daha da artır. Böyük dövlətlər arasında artan gərginlik, regional qarşıdurmalar və hərbi təhdidlər bəşəriyyətin III Dünya Müharibəsinin astanasında olduğunu göstərir. Bu vəziyyət fonunda Azərbaycan kimi geostrateji mövqeyə malik ölkələrin hansı addımları atmalı olduğu aktual müzakirə mövzusudur.
Son illərdə dünya arenasında güc balansının dəyişməsi, yeni hərbi blokların yaranması və silahlanma yarışının artması ciddi təhlükələr yaradır. Azərbaycanın Cənubi Qafqazda yerləşməsi və zəngin enerji resurslarına sahib olması ölkəmizi bu geopolitik qarşıdurmaların mərkəzinə çevirir. Belə bir şəraitdə milli maraqların qorunması və təhlükəsizliyin təmin edilməsi prioritet vəzifədir.
Əvvəlki dünya savaşlarını, savaşdan əvvəl və sonrakı dövürlərdə müxtəlif ölkələr tərəfindən həyata keçirilən siyasi kursları nəzərə alaraq bəzi strateji yanaşmalar ortaya qoymaq mümkündür.
1. Diplomatik aktivlik və bitərəflik
Azərbaycan beynəlxalq arenada bitərəf və tarazlaşdırılmış mövqe nümayiş etdirməlidir. Ölkəmiz sülhə və təhlükəsizliyə dair təşəbbüslərdə fəal iştirak etməli, BMT, ATƏT (Fransa və orbitində formalaşan gücün Cənubi Qafqaza irticaçı marağını neytrallaşdırdıqdan sonra) və Qoşulmama Hərəkatı kimi platformalarda sülhyaratma proseslərinə töhfə verməlidir. Siyasi bitərəflik prinsipinə sadiq qalmaqla, qlobal münaqişələrdən mümkün qədər uzaq dayanmaq strateji əhəmiyyət daşıyır.
2. Müdafiə və təhlükəsizlik strategiyalarının gücləndirilməsi
Geopolitik risklər fonunda Azərbaycanın müdafiə qabiliyyətinin artırılması vacibdir. Müdafiə sənayesinin inkişafı, müasir silahlanma və hərbi təlimlərin intensivləşdirilməsi ölkənin müdafiə potensialını artıracaqdır. Xüsusilə hava hücumundan müdafiə sistemlərinin və kiber təhlükəsizlik infrastrukturunun gücləndirilməsi xüsusi önəm daşıyır. Hesab edirəm ki, hərbi hava qüvvələrinin zənginləşdirilməsi üçün şaxələndirilmiş arsenal formalaşdırılmalıdır. Məsələn, Böyük Britaniya və bu kimi Azərbaycanda strateji maraqları olan ölkələrdən yeni təyyarələr, müdafiə sistemləri satın alınmalıdır.
3. Enerji təhlükəsizliyi və iqtisadi şaxələnmə
Azərbaycanın enerji resurslarına olan böyük tələbat ölkəmizi beynəlxalq maraqların hədəfinə çevirir. Enerji təhlükəsizliyini təmin etmək və tədarük marşrutlarını şaxələndirmək strateji prioritetdir. Eyni zamanda iqtisadiyyatın neft-qaz asılılığını azaltmaq, qeyri-neft sektorunu inkişaf etdirmək qlobal risklərə qarşı dayanıqlılığı artıracaq. Adətən Azərbaycan kimi ölkələrdə xırda sahələrin (sex və s) və kənd təsərüfatının inkişaf etdirilməsi daha realdır. Bununla belə, innovasiya və texnologiya mərkəzlərinin yaradılması, turizm sektorunun inkişafı, yüngül və ağır sənayenin inkişafı, nəqliyyat və logistika imkanlarının genişləndirilməsi və tranzit rolun artırılması, kənd təsərüfatının modernləşdirilməsi və s. gecikdirilmədən həyata keçirilməlidir.
4. İnformasiya təhlükəsizliyi və kiber müdafiə
Müasir müharibələrin yalnız fiziki toqquşmalardan ibarət olmadığını nəzərə alaraq, informasiya və kiber təhlükəsizlik tədbirləri xüsusi diqqət tələb edir. Dezinformasiya kampaniyalarına qarşı effektiv mexanizmlər qurulmalı, strateji kommunikasiya bacarıqları gücləndirilməlidir. Kiberhücumların qarşısını almaq üçün milli təhlükəsizlik strategiyasına uyğun həllər tətbiq olunmalıdır. Yeri gəlmikən, hesab edirəm ki, yeni qəbul ediləcək təhlükəsizlik doktrinasında informasiya təhlükəsizliyinə və kiber müdafiəyə xüsusi yer ayrılmalıdır.
5. Regional əməkdaşlıq və ittifaqların gücləndirilməsi
Azərbaycanın qonşu ölkələrlə və strateji tərəfdaşlarla (xüsusilə Türkiyə, Böyük Britaniya, İsrail və Pakistan) münasibətlərini möhkəmləndirməsi vacibdir. Regional təhlükəsizlik formatlarında, xüsusilə Türk Dövlətləri Təşkilatı əməkdaşlığın dərinləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə müştərək təhlükəsizlik layihələri və təlimlər keçirilməlidir. Eyni zamanda 20-ci əsrin əvvəllərindən bəri aktual olan, son zamanlar prezident İlham Əliyevin tezislərində də ehtiva olunan “Qafqaz evi” təssis olunmalıdır. Şayət 3 ölkədən birinə hücum digərlərini də münaqişəyə sürükləyəcək.
Yekun olaraq qeyd etmək istəyirəm ki, dünyada artan müharibə ritorikası fonunda Azərbaycan üçün əsas prioritet milli təhlükəsizliyin təmin edilməsi, siyasi bitərəflik və strateji tərəfdaşlıqların gücləndirilməsidir. Müasir dövrün çağırışlarına adekvat cavab vermək üçün müdafiə qabiliyyətini artırmaqla yanaşı, diplomatik fəallığı qorumaq da həyati əhəmiyyət kəsb edir. Bakıda bu istiqamətdə tez-tez keçirilən konfranslar, strateji diplomatların və siyasət mühəndislərinin bu konfranslarda iştirakı Azərbaycan hökumətinin diplomatik aktivliklə bağlı konseptual planla hərəkət etdiyini göstərir. Hesab edirəm ki, bu strateji yanaşma Azərbaycanın qlobal gərginliklərdən minimal itki ilə çıxmasına zəmanət verə bilər.
Nicat Abdullayev