AZ

Lətif Qəndilov: Nizami Gəncəvinin ideyaları Azərbaycan-Qırğızıstan münasibətlərində öz əksini tapır

Bakı, 14 mart, AZƏRTAC

Bişkekdə Şərqin ən görkəmli şair və mütəfəkkirlərindən biri olan Nizami Gəncəvinin yaradıcılığına həsr edilmiş Həftə çərçivəsində Azərbaycanın Qırğızıstandakı səfirliyinin təşkilatçılığı ilə 103 nömrəli tam orta məktəbdə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Veçerni Bişkek” qəzeti məlumat yayıb.

Tədbirdə çıxış edən Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin təkcə Şərqin deyil, bütün dünya ədəbiyyatının inkişafına böyük töhfə verdiyini bildirib. “Nizami yüksək humanizm ideallarının carçısı olub, insanları mehribanlığa, mərhəmətə, ədalətli olmağa çağırıb, xalqlar arasında dostluğu tərənnüm edib, mənəvi sərvətin hər şeydən üstün olduğuna inanıb”, -deyə diplomat qeyd edib.

Tədbirin həm dahi Azərbaycan şairinin yaradıcılığına, həm də qardaş xalqlarımızın yaxınlaşmasına həsr olunduğunu vurğulayan səfir deyib: “Qırğızıstanla Azərbaycanın adət-ənənələrində, mədəniyyətində çoxlu ümumi cəhətlər var. Nizaminin humanizm, sülh, ədalət, tərəqqi ideyaları isə ölkələrimiz arasındakı münasibətlərdə öz əksini tapıb”.

Səfir “Veçerni Bişkek” qəzetinə müsahibəsində qeyd edib ki, dahi şair Nizami Gəncəvinin adını daşıyan məktəbdə Qırğızıstanla Azərbaycan arasındakı əlaqələrlə, bu məktəbin açılışını birgə etmiş Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarovun fəaliyyəti ilə bağlı müasir dövrümüzün ruhu var. O əlavə edib: “Əlbəttə, bu, bir daha sübut edir ki, biz qardaş xalqlarıq və gənc nəsil bunu bilməlidir. İnsanlar və xalqlar arasında dostluq münasibətləri bir-birinin tarixini və mədəniyyətini bilməklə, mütəmadi keçirilən səmimi görüşlər vasitəsilə formalaşır”.

Məktəbin direktoru Gülmira Musiyevanın sözlərinə görə, Nizami Gəncəvinin yaradıcılığı ümumbəşəri əhəmiyyətə malikdir, şairin ideyaları hər bir insan üçün mənəvi qidadır. O vurğulayıb: “Biz şadıq ki, uşaqlarımız Nizami yaradıcılığı ilə tanışdırlar. Məktəbimizdə dahi şairə həsr olunmuş çoxsaylı dərs saatları keçirilir, ədəbiyyat dərslərində müəllimlər Nizaminin ən məşhur əsərləri ilə şagirdləri tanış etməyə çalışırlar. Şairin doğulduğu Gəncə şəhərinin məktəbi ilə əlaqə saxlayırıq. Hazırda bu məktəbdəki həmkarlarımız və şagirdlərlə telekörpü hazırlayırıq”.

Sonra Lətif Qəndilov Nizaminin bir neçə poemasından parçalar oxuyub.

 

Seçilən
17
1
azertag.az

2Mənbələr