Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə danışıqlar artıq başa çatıb. Tərəflər uzun müddətdir davam edən müzakirələrin yekun mərhələsini tamamlayaraq əsas prinsiplər üzərində razılığa gəliblər. Bu razılaşma regionda davamlı sülhün və sabitliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanla sülh sazişi üzrə danışıqların bitməsi ilə bağlı bəyanat verib.
Bəs bundan sonra sülh sazişinin imzalanması üçün hansı proseslərin baş verməsi gözlənilir? İki ölkə arasında münasibətlərin normallaşması istiqamətində başqa hansı əlavə addımların atılması zəruridir?
Sfera.az-a açıqlama verən politoloq Yalçın Hacızadə qeyd edib ki, razılaşmanın əldə edilməsi məhz Azərbaycanın yaratdığı realıqlar əsasında mümkün olub:
“İkinci Qarabağ müharibəsinin nəticəsində Ermənistan təslim olaraq kapituliyasiya aktını imzalamışdı. Ondan sonra da Azərbaycan rəsmi şəkildə Ermənistana sülh danışıqlarını başlamaq üzrə 5 prinspdən ibarət təkliflərini bildirdi. Sadəcə olaraq həmin vaxt Rusiya sülhməramlılarının əraziyə yerləşdirilməsi, bəzi qüvvələrin Ermənistana yeni müharibəyə başlamaq üçün dəstək verməsi rəsmi İrəvanı sülh razılaşmasının imzalamasından uzaqlaşdırırdı. Lakin, 2023-cü ilin sentyabrında keçirdiyimiz antiterror əməliyyatı və 2024-cü ilin aprel ayında Rusiya sülhməramlılarının vaxtından əvvəl regiondan getməsi rəsmi İrəvan üçün vəziyyəti daha da çətinləşdirdi. Ermənistanın bu nöqtəyə gəlməsində son günlər beynəlxalq miqyasda baş verən proseslərin də böyük təsiri var. Artıq Ermənistana açıq-aşkar dəstək verən iqtidarlar və USAİD kimi qurumlar yoxdur. Eyni zamanda, Ermənistan ağalarına güvənərək Rusiya ilə münasibətlərini daha da kəskinləşdirib. Amma indi Rusiya ilə ABŞ arasında münasibətlər istiləşməyə doğru gedir. Rusiya-Ukrayna müharibəsində atəşkəsin əldə olunacağı gözlənilir. Belə olduqda da Rusiyanın ona qarşı nankorluq etmiş Ermənistan kimi ölkələri cəzalandıracağı bəllidir”.
Y.Hacızadə Ermənistanın təhlükəsizliyinin və gələcəyinin Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağa, konstitusiyasında dəyişikliklər etməyə və regional əməkdaşlığa bağlı olduğunu vurğulayıb. Onun sözlərinə görə, uzun illərdi Ermənistanı Azərbaycan və Türkiyəyə qarşı düşmən mövqedə dayanmağa məcbur edən Avropa ölkələrinin özlərinin təhlükəsizliklərini təmin etmələri ilə bağlı böyük problemləri yaranıb:
“Həmin ölkələr öz təhlükəsizliklərini təmin etmək üçün nicat yolu olaraq Türkiyə ilə münasibətləri düzəltməkdə, inkişaf etdirməkdə görürlər. Qardaş Türkiyə beynəlxalq gücə çevrilib. Onunla münasibət qurmaq istəyən ölkələrin yadına indi Ermənistan düşmür. Avropalılar Cənubu Qafqazın və Orta Asiyanın Türkiyənin tam nəzarətinə keçməsində maraqlıdırlar. Yəni, qısacası Ermənistana dəstək verən ABŞ hakimiyyəti yoxdur, Fransa, İran və başqa ölkələr öz dərdləri ilə əlləşirlər. Rusiya-Ukrayna müharibəsi bitir. Bu müddətdə Rusiyaya balta vurmağa çalışan ölkələrlə Putinin haqq-hesab çəkəcəyi hər kəsə aydındır. Yaranmış geosiyasi vəziyyətə görə Paşinyanın Azərbaycan və Türkiyə ilə münasibətlər qurmaqdan başqa çıxış yolu qalmadığı görünür. Ermənistan var olmaq, təhlükəsizliyinin təmin olunmasını istəyirsə sülh tərəfdarı olmalıdır, bundan sonra bütün razılaşdırılmış şərtlərə uyğun addımlar atmalıdır. Ermənistan Konstitusiyasında və qanunlarında Azərbaycan və Türkiyəyə qarşı olan torpaq iddialırının qaldırılması üçün referendum keçirməli, Minsk qrupunun buraxılması üçün müraciət etməlidir. Hesab edirəm ki, bu razılaşmanın əldə olunması sərhədlərin müəyyən edilməsi və Zəngəzur dəhlizin açılması ilə bağlı proseslərin də sürətlənməsinə təsir edəcək”.
Fidan Hacızadə