Danaların kütləvi kəsimi ətin qiymətinin artmasına səbəb olur.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatı”nın müzakirəsində deputat Tahir Rzayev deyib.
Tahir Rzayev bildirib ki, son illər iri və xırda buynuzlu mal-qaranın sayı azalsa da, heyvandarlıq məhsullarının istehsalı xeyli artıb: “Dövlət mal-qaranın sayının artırılmasında deyil, ətlik və südlük heyvanlarının yetişdirilməsində maraqlıdır. Bu, düzgün seçimdir. Ancaq 7-8 kq-lıq quzuların, körpə danaların kütləvi kəsimi və bazara çıxarılması heyvandarlığın inkişafına maneədir və bazarda ətin qiymətinin artmasına səbəbdir. Orta kəsim çəkisinin 2 kq az olması illik qoyun əti istehsalında 8 min ton itki deməkdir. Bizdə kəsim çəkisi normadan nəinki 2, hətta 9-10 kq azdır. Heyvanların kəsilməsi üçün yaş həddinin müəyyən edilməsi, qadağaların qoyulması, cərimələrin tətbiqi yaxşı olardı. Son illərdə mənşəyi bilinməyən ətin satışa çıxarılması zəhərlənmələrə, müəyyən xəstəliklərə səbəb olur. Ətin satışına qadağalar olmadığı üçün işbazlar bundan sui-istifadə edirlər”.