AZ

Koreya tarixinə şahidlik edən Kyonbokkun sarayı - FOTOREPORTAJ

Seul, 14 mart, AZƏRTAC

Koreya tarixinin böyük bir hissəsinə şahidlik etdi, yapon istilaları dövründə 2 dəfə yandırıldı və dağıdıldı, 3 əsrə yaxın istifadəsiz qaldı. Söhbət Çoson sülaləsinin hakimiyyəti dövründə, 1395-ci ildə inşa edilmiş Kyonbokkun sarayından gedir.

Koreya tarixinin böyük bir hissəsinə şahidlik edən saray imperatorlar üçün təkcə xoş günlərin deyil, həm də faciəvi hadisələrin, o cümlədən edamların baş verdiyi məkan kimi tarixə düşüb. Böyüklü-kiçikli 330 bina, 5792 otaqdan ibarət nəhəng kompleks 415 min kvadratmetr sahəni əhatə edir. Sarayın inşasına 1394-cü ilin sonunda başlanıb və xeyli sayda canlı qüvvənin cəlb olunması sayəsində cəmi 9 aya inşa olunub. Təbii ki, sarayın ilk vəziyyəti indiki qədər geniş olmayıb. Sonrakı əsrlərdə ərazisi daha da genişləndirilib. Saray əsas 2 hissədən ibarətdir. Daxili hissədə hökmdar və onun ailə üzvləri yaşayıb, kənar hissəsi isə dövlət işləri, vacib görüşlər üçün istifadə olunarmış.

Kyonbokkun sarayı Koreya mədəniyyətində təkcə parlaq memarlıq abidəsi kimi böyük yer tutmur. Onu Koreya tarixi, mədəniyyəti üçün önəmli edən digər məqam isə Koreya dilinin yazı sisteminin bu sarayda ərsəyə gətirilməsidir.

Sarayın əsas binalarından biri olan və tam mərkəzində yerləşən Kyonconcon, yəni “Taxt-tac zalı” hökmdarların dövlət əhəmiyyətli görüşlərinin keçirildiyi binadır. Dövrünün əsas memarlıq ənənələrini özündə əks etdirən bu bina həm də Koreyanın ən böyük taxta pavilyonudur.

Saray İmcin müharibəsi dövründə, yaponların işğalı zamanı 1592-ci ildə Seulun digər hissələri kimi tam yandırılıb. Təxminən 270 il istifadəsiz qaldıqdan sonra XIX əsrdə bərpa olunub, əlavə korpuslar inşa edilib. Təxminən 615 min nəfərin cəlb olunduğu bərpa işləri zamanı sarayın ilkin memarlıq üslubunun qorunması diqqətdə saxlanılıb.

Amma İmcin müharibəsindəki yanğın Kyonbokkun sarayının başına gələn son faciə olmayıb. Sarayda müxtəlif dövrlərdə bir neçə dəfə yanğın meydana gəlib, XX əsrdə yenə də yapon işğalı dövründə bəzi binaları yerlə yeksan edilib, 1950-1953-cü illər Koreya müharibəsində yağmalanıb. Koreya Respublikası hökuməti qurulduqdan sonra 1963-cü ildə Kyonbokkun sarayı tarixi məkan elan edilib və geniş bərpa işlərinə başlanılıb. Sarayın 1983-cü ildə sarayın bir neçə korpusunun, o cümlədən “Taxt-tac zalı” milli sərvət elan edilməsindən sonra bərpa işləri daha sürətlənib. 1910-1945-ci illəri əhatə edən yapon müstəmləkəçiliyi dövründə saray ərazisində yapon müstəmləkə hökuməti rəhbəri üçün inşa edilmiş bina 1995-ci ildə dağıdılıb.

Hazırda Kyonbokkun sarayı Cənubi Koreya paytaxtı Seulun turizm sektorunda böyük paya malikdir. 2011-ci ildə sakinlər, memarlar və ekspertlər arasında aparılmış sorğunun nəticələrinə görə Kyonbokkun sarayı Seulun ən cəlbedici rəmzi məkanı seçilib. Gün ərzində 10 minlərlə yerli və xarici turistin ziyarət etdiyi sarayda ən maraqlı məqamlardan biri isə Çoson xanədanı dövrünə aid fəxri qarovulun dəyişməsi ənənəsidir.

Kompleksin ərazisində Milli Xalq Muzeyi, Mili Saray Muzeyi, Koreya bağı da fəaliyyət göstərir. Koreya hökuməti 2045-ci ilədək davam edəcək 2-ci bərpa planı dövründə sarayı istiladan əvvəlki vəziyyətinə gətirməyi hədəfləyib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Seul

Seçilən
13
2
azertag.az

3Mənbələr