Xankəndini dörd bir yandan daim başı qarlı, sıx meşəli hündür dağlar, sıldırım yarğanlı dərələr, bol sulu çaylar, yerin təkindən qaynayıb çıxan bulaqlar əhatə edir.
Ərazidəki yer-yurd adları – toponimlər bu təbii zənginliyin, onun həqiqi sahiblərinin kimliyinin tarixi möhürüdür: Üçbulaq, Fətəli xan səngəri, Məhəmməd ağanın qoruğu, Yağlıbulaq yaylağı, Ağa körpüsü, Əylis meşəsi, Çinar bulağı, Qarqar çayı və s. Bu yer adlarının hərəsinin özünəməxsus məna çaları, etimologiyası haqqında yaddaşlarda əbədi izi qalmış əfsanələr, rəvayətlər, nağıllar var.
“Qırxqız” dağı
Belə rəvayətlərin biri də şərq ətəklərində Xankəndi şəhəri yerləşən, Qarabağ dağ silsiləsinin ən hündür zirvələrindən olan (2 min 629 m) Qırxqız haqqındadır. Rəvayətdə deyilir: “Bir gün 40 nəfər qız o zirvədəki “Qızlar bulağı” adlanan və insana bənzərsiz gözəllik bəxş edən çeşmədən su içməyə qalxırlar. Onların hər biri güclü və yaraşıqlı bir oğlanı sevirmiş. Bulaq başında olarkən qızlara xəbər çatır ki, sevdikləri oğlanlar döyüşdə həlak olublar. Məhəbbət oxu daşa dəyən nakam qızlar özləri də elə həmin yerdə bir-bir daşa dönürlər. Bundan sonra ora “Qırxqız” adlandırılır”.
Bu əhvalat Qarabağ savaşlarında həlak olmuş nişanlı könül ortaqlı igidlərimizin taleyi ilə də səsləşir.
“Xan bağı” karvansarası
Xankəndidə tarixi abidələrin sayı da az deyil. Ötən əsrin 30-cu illərinə qədər fəaliyyətini davam etdirmiş mehmanxana tipli “Xan bağı” karvansarası XIX əsrin yadigarlarından idi. Bu milli mehmanxana Qarqar çayının sol yaxasında, Şuşa–Ağdam yolunun üstündə, Malıbəyli körpüsünün yaxınlığında inşa edilmişdi. Tarixi abidə hündür və yoğun gövdəli beşbarmaq çinar ağaclarının sərin kölgəsində, suyu bumbuz, dişgöynədən bir bulağın iki addımlığında idi.
Gorusdan Yevlax səmtinə, Aşağı Qarabağdan Zəngəzura tərəf gəlib-gedənlər çox vaxt dayanacaq məntəqəsi rolu oynayan bu karvansarada gecələyirmişlər. Burda qonaqlara yüksək səviyyədə xidmət göstərilirmiş. Karvansarada geniş və səliqəli yataq otaqları, yeməkxana, çayxana, bərbərxana, ayrıca musiqi salonu var idi. Hər gün bura xanəndələr və çalğıçılar dəstəsi dəvət olunurmuş, bəzən də təntənəli musiqi məclisləri qurulurmuş. Karvansaranın həyətində buzxana, nalbəndxana, dəmirçixana, topdansatış bazarı fəaliyyət göstərirmiş. Çapar atlarının dincəlməsi üçün meydança da düzəldilibmiş.
Xankəndi kurqanları
Şəhərdə və onun ətrafında qədim tarixin yadigarları olan kurqanlar da var. Bu ərazilərdə 1890-cı ildə alman əsilli tədqiqatçı-müəllim Emil Resler, 1938-ci ildə isə Azərbaycanda arxeologiya elminin banilərindən olan Yakov Hummel qazıntı-axtarış işləri aparıblar.
İndiki Xankəndi şəhərində aşkar edilmiş kurqan eramızdan əvvəl III minilliyin əvvəllərinə – ilk Tunc dövrünə və Kür–Araz mədəniyyətinin ilk mərhələsinə aid edilir. Kurqan ailəvi və ya qəbiləyə məxsus dəfn yeri olub. Burada insan cəsədlərinin qalıqları ilə yanaşı, daş kürzlər, mis, xəncər tiyələri, daş həvəngdəstə, ox ucları, sümük alətlər, qızıl muncuq və asmalar, eləcə də heyvan sümükləri aşkar olunub. Xankəndinin qərb qurtaracağında – Kərkicahan kəndində yerli sakinlər yer şumlayarkən müxtəlif arxeoloji əşyalar tapdıqdan sonra (1938) Azərbaycan Elmlər Akademiyası Y.Hummelin rəhbərliyi ilə bura ekspedisiya göndərib. Qazıntı aparılan yerdə heç bir dəfn əlaməti görünməyib, tunc əşyalar, baltalar, toppuzlar, kiçik borular, məftil parçası, birbuynuzlu heyvan və bir quş fiquru, bir neçə balıqqulağı, altı kiloqrama qədər müxtəlif formalı əqiq muncuq yığılmış böyük bir gil küp tapılıb.
Həmin yerdən 200 metr aralıda aparılan qazıntı zamanı 3 daş qutu, 1 kult süxuru və 1 torpaq qəbir aşkar edilib. Daş qutulardan qara gildən, sümükdən, dəmir və obsidiandan düzəldilmiş qablar çıxıb.
Erməni vandallarının 30 illik faciəli münaqişə və qanlı savaşlar dövründə Qarabağın dağlıq hissəsində xalqımıza məxsus mədəni irsin yer üzündən silinməsi ilə bağlı vəhşilikləri Xankəndidə və onun ətrafında daha dağıdıcı olub. Hazırda işğalçılardan və separatçılardan təmizlənmiş Xankəndi şəhərinin tarixində yeni dövr başlanıb. Bu ərazidə Azərbaycan xalqına məxsus mədəni irsin bərpası istiqamətində zəruri iş aparılır.
Vasif QULİYEV,
tədqiqatçı-jurnalist