Son günlərdə Milli Məclisdə Qərbi Azərbaycanla bağlı mühüm dinləmələr keçirilib. Qərbi Azərbaycana qayıdış, tarixi irsin və mədəniyyətin qorunması, gələcək nəsillərə çatdırılması istiqamətində QHT-lərin rolu xüsusi vurğulanıb.
"Tarix sahəsində Maarifləndirməyə Dəstək” İctimai Birliyinin sədri Kənan Məmmədov QHT.az-a açıqlamasında bildirib ki, Qərbi Azərbaycana qayıdış məsələsi yalnız tarixi ədalətin bərpası deyil, həm də milli kimliyimizin, mədəni irsimizin və hüquqlarımızın qorunması baxımından strateji əhəmiyyət daşıyır:
"Bu prosesdə Qeyri-Hökumət Təşkilatlarının (QHT) rolu olduqca vacibdir. QHT-lər bir neçə əsas istiqamətdə fəaliyyət göstərə bilər: Qərbi Azərbaycandakı tarixi və mədəni irsimizin dünya ictimaiyyətinə çatdırılması, beynəlxalq təşkilatlarda məsələ qaldırılması üçün fəal informasiya və diplomatik iş aparmaq; mədəni irsin qorunması üçün maarifləndirmə layihələri həyata keçirmək; hüquqi bazanın gücləndirilməsi və məcburi köçkünlərin hüquqlarının müdafiəsi istiqamətində addımlar atmaq; cəmiyyətin bu məsələyə daha çox diqqət yetirməsini təmin etmək üçün sosial media kampaniyaları, konfranslar və seminarlar təşkil etmək. Bu baxımdan, QHT-lərin həm ölkə daxilində, həm də beynəlxalq arenada aktiv fəaliyyəti mühüm əhəmiyyət kəsb edir. Tarixi irsimizin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində hər birimiz üzərimizə düşən vəzifəni yerinə yetirməliyik".
Pərvanə Fərhadqızı