AZ

Bayramda bölgələrə gedənlərin NƏZƏRİNƏ: Günlük kirayə evlərin  qiymətində...

Bu il Novruz və Ramazan bayramları ilə əlaqədar 12 qeyri-iş günü olacaq. Məlumdur ki, uzunmüddətli qeyri-iş günlərində insanların əksəriyyəti istirahət üçün xarii ölkələrə və ya bölgələrimizə üz tuturlar.

Maraqlıdır ki, bölgələrdə kirayə evlərə artan tələb qarşısında bahalaşma gözlənilirmi?

Daşınmaz əmlak üzrə ekspert Anar Nəsirov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, bu il ötən illə müqayisədə günlük kirayə evlərin qiymətində 10-12 faizlik artımın olacağı gözlənilir.

Onun sözlərinə görə, iki bayramın eyni vaxta düşməsi bölgələrdə kirayə evlərə tələbata daha çox təkan verəcək:

"Hər il bayram ərəfəsində bölgələrə üz tutanların sayında artım müşahidə olunur. Bu konteksdə günlük və aylıq kirayə evlərə artan tələbat qiymətlərə təsirsiz ötüşmür. Hazırda rayonlarda günlük kirayə evlərin qiyməti 50-300 manat civarında dəyişir. Bu qiymət mənzilin şəraitinə və yerləşdiyi əraziyə uyğun tənzimlənir”.

Müsahibimiz vurğulayıb ki, rayonlarda əsasən aylıq kirayə evləri 5-10 günlük istirahət üçün gələn insanlara verilmir. Çünki ev sahibi kirayə haqqını aylıq dolanışığı üçün nəzərdə tutur. Yəni, aylığı 300 manata olan evi bir neçə günlük üçün tutmaq mümkün deyil.

Anar Nəsirov: Günlük kirayə evlərin qiymətinin 20-25 faiz bahalaşacağı gözləniləndir

A.Nəsirov qeyd edib ki, paytaxt sakinləri istirahət üçün əsasən Qəbələ, Şamaxı, Şəki, İsmayıllı, Quba, cənub zonasında Masallı, Lənkəran və Lerikə üz tuturlar.

"Onu da qeyd edim ki, paytaxtdan bölgələrə gedənlər kimi, bölgələrdən də istirahət və qohum-əqrəba ilə görüşmək üçün Bakıya üz tutan vətəndaşlarımız olur. Rayondan gələnlərin sayı çox olmasa da, bayram günlərində Bakıda da günlük kirayə evlərin qiymətində artım qeydə alınır. Baxmayaraq ki, rayondan gələnlər öz qohumlarının və ya tanışlarının evində qalırlar. Bakıda kirayə evlərinin qiymətinin bahalaşmasına qonşu ölkələrdən, İran, Pakistan, Türkiyə və Rusiyadan gələn turistlərin sayı təsir edir", - deyə müsahibimiz əlavə edib.

Bu il Bakıda da bayram ərəfəsində günlük kirayə evlərin qiymətinin ötən illə müqayisədə çox artacağını bildirən ekspertin fikrincə, buna bir neçə amillər təsir edir:

"Hazırda Bakıda günlük kirayə evlərin qiyməti 70 manatdan başlayır. Mövcud vəziyyətdə bütün əmlak qiymətlərinin artımını nəzərə alsaq, günlük kirayə evlərin qiymətinin 20-25 faiz civarında bahalaşacağı gözləniləndir".

Bakıvaxtı.az bəzi rayonlada günlük kirayə qiymətlərini təqdim edir.

Qeyd edək ki, qiymətlər otaq sayına görə dəyişir.

Qəbələ 80 -220 manat

Quba 50-250 manat

Qusar 70-220 manat

İsmayıllı 70-250 manat

Şəki 70-250 manat

Qax 70-250 manat

Şamaxı 90-250 manat

Lerik – 70-250 manat

Oğuz 50-180 manat

Lənkəran 50-185 manat.

Onu da bildirək ki, günlük kirayələrdə evlərə giriş saat 14-dən növbəti gün saat 12-dək hüsablanır.

Gülşən Şərif

Seçilən
17
bakivaxti.az

1Mənbələr