AZ

İrəvanda başlayan yeni oyun

Ermənistan vətəndaşlarının əksəriyyəti konstitusiyanın dəyişdirilməsinə qarşıdır. 

“Gallup International Association” beynəlxalq sorğu mərkəzinin Ermənistan nümayəndəliyi tərəfindən aparılan araşdırmanın nəticələrinə əsasən, respondentlərin 60 faizə qədəri ölkənin əsas qanununda dəyişiklik edilməsinin əleyhinədir. Sorğuda iştirak edənlərin 18,4 faizi konstitusiyanın bəzi müddəalarının yenilənməsinin tərəfdarı olduğunu bildirib. 

Bununla yanaşı, 7,5 faizi tamamilə yeni konstitusiyanın qəbul edilməli olduğunu düşünür, 14,5 faiz isə sualla bağlı dəqiq fikir bildirməkdə çətinlik çəkib. Qeyd edək ki, araşdırma fevralın 27-dən martın 6-dək 1100 respondent arasında telefon vasitəsilə aparılıb. Nəticələr ölkədə konstitusiya islahatları ilə bağlı müxtəlif yanaşmaların mövcud olduğunu göstərsə də, əhalinin əhəmiyyətli bir hissəsi mövcud qanunvericiliyin dəyişdirilməsini məqsədəuyğun hesab etmir. 

Qeyd edilən rəy sorğusunun nəticələri Ermənistan cəmiyyətində mühafizəkarlığın hələ üstünlük təşkil etdiyini göstərir. Yəni Ermənistanda siyasi revanşizm meyllərinin aradan qalxmasından danışmaq hələ tezdir. 

Doğrudur, 1100 nəfər respondentin rəyi ümumxalq səsverməsi zamanı ümumi nəticələrlə üst-üstə düşməyə bilər. Referendum zamanı seçicilərin 50 faizdən çoxunun konstitusiyanın dəyişdirilməsinə səs verməsi də istisna olunmur. Bu, həm də Nikol Paşinyanın rəhbərlik etdiyi hakim komandanın 2026-cı ildə keçiriləcək növbəti parlament seçkilərində qazanacağı səslərin sayından da asılıdır. Əgər Paşinyanın liderlik etdiyi siyasi qüvvə 2021-ci ildə olduğu kimi səslərin 53 faizini və ya artığını toplaya bilsə, o zaman həmin seçici kütləsinin onun təklif etdiyi yeni konstitusiya layihəsinə səs verəcəyinə əmin ola bilər. 

Lakin son rəy sorğuları heç də Paşinyanın xeyrinə deyil. “Gallup International Association” mərkəzinin hesabatına görə, respondentlərin cəmi 9 faizi Paşinyanın fəaliyyətini bəyənir. Bu gün Ermənistanda parlament seçkiləri keçirilsə, rəyi soruşulanların 11,8 faizi hakim “Vətəndaş Müqaviləsi” Partiyasına səs verməyə hazır olduğunu bildirib. Paşinyanın əsas rəqibi sayılan eks-prezident Robert Köçəryanın liderlik etdiyi “Ermənistan” blokuna isə cəmi 4,7 faiz seçici səs vermək istədiyini deyib. Ona görə də nə hakimiyyət, nə də müxalifət siyasi təşəbbüsü ələ almaq iqtidarındadır. Buna baxmayaraq, Ermənistan hakimiyyəti seçkilərdə qalib gəlsə belə, sözügedən sorğudan referendumdan yayınmaq üçün də istifadə edə bilər. 

Baş nazir Nikol Paşinyanın və ədliyyə naziri Srbuhi Qalyanın yeni konstitusiyanın mətninin hazırlanmasına dair açıqlamalarına rəğmən, Ermənistan hakimiyyətinin sonda xalqın əksəriyyətinin referenduma qarşı olduğunu əsas gətirərək Azərbaycanın tələbindən yayınması da mümkün variantlardan biridir. 

Bu isə Azərbaycanla Ermənistan arasında sülh prosesinə ciddi maneələrin qaldığını göstərir. Hətta sözügedən sorğunun hesabatının Paşinyanın siyasi direktivləri əsasında hazırlandığı da istisna edilmir. Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının qalması sülh müqaviləsinin imzalanmasını mümkünsüz edir. 

Seçilən
2
cebheinfo.az

1Mənbələr