Azərbaycan Premyer Liqasının XXVII turuna start veriləcək. İlk oyun günündə bir qarşılaşma baş tutacaq. “Araz-Naxçıvan” “Şamaxı” ilə üz-üzə gələcək.
“Araz-Naxçıvan” çempionatda son beş oyunda qələbə qazana bilməyib. Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv bu matçlarda 3 heç-heçə edib, 2 dəfə uduzub. Komanda 46 xalla turnir cədvəlinin 3-cü sırasındadır. Naxçıvan təmsilçisi ən yaxın izləyicisi “Turan Tovuz”u 3 xal qabaqlayır.
“Şamaxı” isə rəqibindən fərqli olaraq son iki turu qələbə ilə başa vurub. Ayxan Abbasovun yetirmələri “Sabah” və “Səbail”ə qalib gəlməklə autsayderlər zonasından uzaqlaşıb. 27 xalla 7-ci olan “Şamaxı” bu gün qələbə qazanacağı halda, bir pillə də irəliləyə – “Neftçi”ni keçə bilər. Heç-heçə də “şirlər” üçün pis nəticə sayılmayacaq.
Avrokuboklara vəsiqə mübarizəsi aparan “Araz-Naxçıvan” uğursuz seriyaya son qoymaqçün qələbə hədəfindədir. Komandanın heyətində braziliyalı Felipe Santos oyunu buraxacaq. “Araz-Naxçıvan”ın bumövsümkü bombardiri olan Santosun yoxluğu komanda adına ciddi itkidir. Komanda bu gün xal itirəcəyi halda, üçüncü pillə artıq təhlükəyə düşəcək.
“Araz-Naxçıvan” və “Şamaxı” bu mövsüm iki dəfə üz-üzə gəlib və hər iki oyunda naxçıvanlılar minimal hesabla qələbə qazanıb.
“Liv Bona Dea Arena”da keçiriləcək oyuna saat 19:00-da start veriləcək.
Şahin Cəfərov