Azərbaycan Milli Elmlər AkademiyasıMərkəzi Elmi Kitabxanası (MEK) 100 illik fəaliyyəti dövründə ölkəmizin ən iri kitabxana-informasiya müəssisələrindən birinə çevrilərək elmimizin inkişafında, elmi kadrlarımızın yetişdirilməsində əvəzsiz rol oynamışdır. AMEA-nın əsas struktur vahidlərindən olan Mərkəzi Elmi Kitabxana EA sistemində və digər elmi müəssisələrdə aparılan elmi tədqiqatların analitik-informasiya təminatı, kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq, kitabşünaslıq, kitabxana fondlarının konservasiyası və bərpası, kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması, müasir informasiya texnologiyalarının istifadəsi və tətbiqi sahələrində fəaliyyət göstərən elmi xidmətmüəssisəsidir. 1923-cüildə təşkil edilmişAzərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin nəzdində yaradılan “Biblioqrafiya bürosu” 1925-ci ildə “Kitabxana- biblioqrafiya bürosu” na çevrilmiş, bu daMEK-in təşəkkülü üçün ilkin baza olmuşdur.
1929-cu ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin bazasındaAzərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu təşkil edilir. Bu zaman kitabxana da inkişaf edir, xidmət sahələrini genişləndirir, ədəbiyyat fondlarını elmi tədqiqatların aparılması üçün vacib olan ədəbiyyatla komplektləşdirir. 1933-cü ildə həmin institutun əsasında SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan bölməsi yaradılır, elmi kitabxana həmin elmi müəssisədə öz fəaliyyətini davam etdirir.
1935-ci ildə SSRİ EA Zaqafqaziya filialının Azərbaycanbölməsi SSRİ EA Azərbaycan filialına çevrilir. Bu dövrdən etibarən elmi işlərin artması elmi tədqiqat institutları nəzdində də xüsusi elmi kitabxanaların təşkil edilməsini zəruri etdi. 1935-1944-cü illər ərzində tədqiqat institutlarının nəzdində 18 ixtisaslaşdırılmış kitabxana fəaliyyətə başlamışdı.
1945-ci ildə Azərbaycanda müstəqil Elmlər Akademiyasının yaradılması ilə əlaqədar Mərkəzi Elmi Kitabxananın tarixində yeni inkişaf mərhələsi başlamış, Həmin ildə Azərbaycan EA Rəyasət Heyətinin qərarı ilə Elmi tədqiqat institutlarının kitabxana şəbəkəsinin fəaliyyətini əlaqələndirmək və onlara rəhbərlik etmək məqsədilə Kitabxana Şurası yaradılmışdır.
1950-ci illərdə kitabxanaAzərbaycan Elmlər Akademiyasının əsaslı kitabxanasına çevrilmiş, bu da onun inkişafında mühüm mərhələlərdən birini təşkil etmişdir. Əsaslı kitabxana Azərbaycan SSR EA-nın elmi-tədqiqat institutlarının kitabxanalarınabaşçılıq etmiş, onların yeni ədəbiyyatla komplektləşdirilməsinə, məlumat işinin təşkilinə yaxından köməklik göstərmişdir.
1960-cı illəri kitabxananın fəaliyyəti tarixində ən yaxçı dövrlərdən biri kimi xarakterizə edənkitabxanaşünas alim, tarix elmləri doktoru, professor Abuzər Xələfov yazır ki, həmin illərdə kitabxana işi sahəsində olduqca mühüm əhəmiyyət kəsb edənkitabxanalararsı abonoment təşkil olunmuş, bu da oxucuların sayının kəskin artmasına səbəb olmuşdur. AMEA Rəyasət Heyətinin qərarına əsasən, Azərbaycan alimlərinin elmi nailiyyətlərini, onların həyat və yaradıcılığını əks etdirmək məqsədilə Kitabxana 1964-cü ildən “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyasından şəxsi biblioqrafik göstəricilər çap edir. Bu seriyada indiyədək 400-dən artıq şəxsi və mövzu biblioqrafiyaları nəşr olunmuşdur.
1972-ci ildə kitabxanadaMərkəzləşdirilmiş Kitabxana Sistemi yaradılmış,1978-ci ildən isə MEK respublika miqyasında təbiət və dəqiq elmlər üzrə əsas depozitar kitabsaxlayıcı kimi fəaliyyət göstərmişdir. 1984-cü ildən Kitabxana respublikamızda nəşr edilmiş çap məhsullarının pulsuz məcburi nüsxəsini almaqdadır. Hazırda MEK-in fondları nəşriyyat və poliqrafiya müəssisələri,məcburi nüsxə, kitab ticarəti müəssisələri, beynəlxalq kitab mübadiləsi və hədiyyələr yolu ilə komplektləşdirilir. Sadalanan bu zəngin tarixi inkişaf yolu boyunca bir əsrlik şərəfli missiyasını yerinə yetirərək Azərbaycan elminin formalaşmasına və tərəqqisinə misilsiz töhfələr verməkdə davam edən Mərkəzi Elmi Kitabxana öz unikal fondları ilə hər zaman istifadəçilərin diqqət mərkəzindədir. Belə fondlarımızdan biri “Nadir kitablar fondu”dur. Bu foddaçoxsaylı qiymətli əsərlər xüsusi meyarlar əsasında toplanmışdır. Fonda daxil olan kitablar nəfis tərtibatı, nəşr tarixi, ölçüləri və ən əsası, region və ölkə əhəmiyyətinə görə seçilir. Fondun ən qədim kitabları XVI əsrə aiddir. Azərbaycan kitabxanaları içərisində XVI əsrə aid ən qədim nəşr məhz burada qorunur. Sözügedən kitab 1502-ci ildə çap olunmuş Vallendorflu Virgilinin "Müxtəlif səhifələrdən və müəllifin məcmuələrindən ibarət Heptalogiya" adlı monoqrafiyasıdır. Bundan əlavə, fondun ən nəfis tərtibatlı kitabları arasında üz qabığı füruzə qaşlarla bəzədilmiş, kənarları qızıl suyuna salınmış, dəridən hazırlanmış nadir nüsxələr mövcuddur.
Fondun ən iri ölçülü kitabı Edvard Stebbinqin 1893-cü ildə Londonda nəşr olunmuş Ərdəbil məscidinin müqəddəs xalçaları (The Holy Carpet of the Mosque at Ardebil) əsəridir. Bu kitabın ölçüləri 54 x 64 sm. təşkil edir. Ən kiçik ölçülü-miniatür kitabı isə 1967-ci ilə aid olan Yanka Kupalanın “Şeirlər” kitabıdır, onun ölçüləri isə 3.5 x 4.5 sm-dir. Qədim və nadir kitablar xüsusi şəraitdə, turşusuz kartondan düzəldilmiş mikroiqlimli qutularda-yəni konteynerlərdə saxlanılır. Fondda geniş formatda bütün elm sahələrini əhatə edən universal ensiklopediyalar mövcuddur ki, bunlar alimlər və tədqiqatçılar üçün dəyərli mənbələr hesab olunur. Digər xüsusi əhəmiyyət daşıyan fondlarımızdan biri də “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi” şöbəsidir. Burada Ümummilli lider Heydər Əliyevin, Prazident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanınhəyat və fəaliyyətlərini özündə əks etdirən ,eləcə də Azərbaycan dövlətçiliyi sahəsində nəşr olunan ədəbiyyatlar qorunub saxlanır və istifadəçilərə çatdırılır.
“Qarabağ Qəhrəmanları Fondu” isəVətən müharibəsinin qalibiyyətlə başa çatmasından sonra AMEA Rəyasət Heyətinin 28 yanvar 2021-ci il tarixli 6/3 saylı qərarı ilə yaradılmışdır. Burada I-II Qarabağ savaşında, Aprel və Tovuz döyüşlərində şəhid olmuş hərbçilər, qazilər və iştirakçılar haqqında materialların toplanması, mühafizəsi və istifadəsi həyata keçirilir. Fondda, həmçinin Qarabağın tarixinə, etnoqrafiyasına, coğrafiyasına, musiqisinə, folkloruna dair materiallar da qorunur. MEK-in daha bir unikal fondu müxtəlif elm sahələrinin tanınmış mütəxəssislərinin şəxsi kitabxanalarının kolleksiyalarıdır. Hazırdakitabxanamızda 43 adda 40000nüsxədən artıq ədəbiyyatı özündə toplayan kolleksiyalar oxucuların istifadəsindədir. Bunlardan B.N.Zaxoder, Y.E.Bertels, Y.A.Belyayev, Y.A.Paxomov, Z. Hüseynzadə, M. İbrahimov, İ.D.Mustafayev, M.Ə.Useynov,İ.Həbibbəyli, B.Nəbiyev, A. Əlizadə və b. göstərmək olar. Oxucularışəxsi kolleksiyalaradaxil olan ədəbiyyatla tanış etmək məqsədilə çap kataloqları hazırlanır. Belə ki, MEK-də saxlanılan B.N.Zaxoderin, M.Ə.Useynovun, İ.D.Mustafayevin və Y.E.Bertelsin şəxsi kitabxanalarının kataloqları tərtib edilib oxucuların istifadəsinə verilmişdir.
AMEA-nın Mərkəzi Elmi Kitabxanası fəaliyyətinin bütün dövrlərində beynəlxalq əlaqələrin yaradılmasına və daha da genişləndirilməsinə böyük əhəmiyyət vermişdir. 1990-cı illərdə mövcud siyasi vəziyyətlə əlaqədar olaraq bu əlaqələr zəifləmiş, 2000-ci illərin əvvəllərindən isə yenidən bu münasibətlərdə canlanma müşahidə olunmuşdur. 2015-ci ildən etibarən MEK xaricdəfəaliyyət göstərən kitabxanalar, elm, təhsil, mədəniyyət müəssisələri, Azərbaycanda akkreditasiya olunmuş diplomatik korpus təmsilçiləri, habelə Azərbaycanın xaricdəki diplomatik qurumları ilə əməkdaşlıq qurur, beynəlxalq kitab mübadiləsi aparır, sazişlər imzalayır, layihələr, görüşlər, tədbirlər həyata keçirir.
Hazırda MEK 46 ölkənin 127 təşkilatı, 80 elmi jurnalı, o cümlədənTürk Dil Qurumu, Türk Dünyası Araşdırmalar Vakfı, Ankara Milli Kitabxanası, Rusiya Milli Kitabxanası, Rusiya Dövlət Kitabxanası, Fransa Mərkəzi Kitabxanası, Çin Milli Kitabxanası, Rumıniya Elmlər Akademiyasının Kitabxanası, AlmaniyanınPotsdam,Humboltdvə Berlin, Bolqarıstanın Sofiya, PolşanınUniversitet kitabxanaları, eyni zamandaYaponiyanın Nippon Fondu, UNESCO kimi təşkilatlarla sıx əməkdaşlıq edir.
MEK Misir Milli Kitabxanası və Arxivləri, Kolumbiya Respublikasının Mədəniyyət Nazirliyi, Türkiyənin Karabük Universitet Kitabxanası və Yıldırım Bəyazit Universitet Kitabxanası, Rusiya Elmlər Akademiyasının Təbiət Elmləri Kitabxanası, Moldova Respublikasının Elmi Kitabxanası, Qazaxıstanın “Elm Ordası” Mərkəzi Elmi Kitabxanası, Belarus MEA-nın Mərkəzi Elmi Kitabxanası, Litva Elmlər Akademiyasının Kitabxanası, Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Kitabxanası, Macarıstandakı Eötvös Loránd Universiteti (ELTE) və Macarıstanın rəqəmsal dövri məlumat bazası, milyonlarla oxucusu olan “ARCANUM Database” təşkilatı, Özbəkistanın İnnovativ İnkişaf Nazirliyi yanında Elmi-Texniki İnformasiya Mərkəzi, Özbəkistan Elmlər Akademiyasının Fundamental Kitabxanası, İ.V. Vernadski adına UkraynaMilli Kitabxanası, Özbəkistanın Mamun Universiteti və Ürgənc Dövlət Pedaqoji İnstitutu, Bolqarıstan Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası, Özbəkistanın Ürgənc Dövlət Universiteti ilə əməkdaşlıq müqavilələri imzalayıb, qarşılıqlı çalışmalar həyata keçirir,ölkəmizdəki bir sıra səfirliklərlə əməkdaşlıq edir. 2021-ci ildə MEK Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının Rusiyanın Moskva şəhərində keçirilən toplantısında quruma üzv seçilmişdir.
Müstəqillik illərində kitabxana öz işini informasiya cəmiyyətinin qarşıda qoyduğu vəzifələrə müvafiq qurmaq, oxuculara kitabxana-informasiya xidmətini beynəlxalq standartlar səviyyəsində təşkil etmək üçün mühüm struktur və təşkilati islahatlar həyata keçirmişdir. Bu islahatların həyata keçirilməsinə, kitabxananın maddi-texniki bazasının yaradılmasına, kadr potensialının daha da möhkəmlənməsinə və təkmilləşməsinə AMEA-nın kitabxana işinə daimi qayğısı və 1998-ci ildə kitabxana işinin yaxşılaşdırılması haqqında qəbul etdiyi qərarının böyük rolu olmuşdur.
MEK-in fəaliyyətində informasiyalaşdırma proseslərinə 2000-ci ilin əvvəllərində bşlanılmışdır.“Kitabxana proseslərinin avtomatlaşdırılması” şöbəsitəşkil olunmuş, MEK-in vebsaytı yaradılmış, “İRBİS - 64” avtomatlaşdırılmış kitabxana sistemialınmışdır.Həmin dövrlərdə istər veb sayt, istərsə də proqram təminatında xidmət günün tələbləri səviyyəsində olmamışdır.
Hazırda isəMEK-də rəqəmsallaşdırma və informasiya-kommunikasiya texnologiyalarının tətbiqi məsələləri kitabxana fəaliyyətinin prioritet istiqaməti elan edilmiş, texniki təminat günün tələbləri səviyyəsinə qaldırılmışdır. Mövcud olduğutarixdə ilk dəfə olaraq MEK-dəElektron kitabxana, onlayn sifarişxidməti oxucuların istifadəsinə verilmişdir. Bu xidmətlər oxuculara 24/7 rejimdə kitabxananın informasiya ehtiyatlarına rahat, operativ əlçatanlığı təmin edir ki, bu da oxucu məmnunluğunun təmin edilməsi üçün vacib şərtdir. Kitabxananın bütün oxu zallarında və xidmət sahələrində QR kodlar yapışdırılmışdır ki, oxucular bu kodlar vasitəsiləmek.az saytının “Rəylər və təkliflər” səhifəsinə daxil olaraq öz rəy və təkliflərini kitabxana rəhbərliyinə göndərə bilirlər. Nəticədə oxucu rəyləri diqqətlə öyrənillir, operativ reaksiya verilir,oxucu ilə əks əlaqə qurularaqməlumatlandırılır.
MEK oxucuları yenilənmiş veb saytımız vasitəsilədünyanın 300-ə yaxın aparıcı milli, ictimai və akademik kitabxanalarının veb-portalınarahat, məhdudiyyətsiz giriş imkanına malikdirlər.Elektron kitabxana xidmətinin tətbiqi MEK-inoxucu dairəsini həm kəmiyyət, həm də coğrafi baxımdan xeyli genişləndirmişdir. Bu həm dəkitabxana resurslarının daha etibarlı mühafizəsini, korporativ əməyin təşkil edilməsinitəmin edir,insan və maliyyə resurslarından səmərəli istifadənin, çox nüsxəli ədəbiyyatın alınmasının qarşısını alır. MEK-də hal-hazırda gözdən əlil oxuculara inklüziv xidmət texnologiyalarının tətbiqi üzərində intensiv iş gedir və kitabxanada “Danışan kitablar vəinklüziv xidmət”layihəsinin tətbiqinə start verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevkitabxana işinininkişafına olan diqqət və qayğısının bariz nümunəsi olaraq29 aprel 2011-ci il tarixində “AzərbaycanMilli Elmlər Akademiyasının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında Sərəncamı” nın 1-ci bəndinə əsasənMEK üçünyeni bina tikilərək 5 may 2014-cü ildə istifadəyə verilmiş və açılışda cənab prezident iştirak etmişdir. Sahəsi 28 min kvadratmetrdən çox olanMərkəzi Elmi Kitabxana bu gün 14 oxu zalı ilə 1000-dən çox oxucuya eyni anda xidmət etmək imkanına malikdir.
Bu il 100 illiyini qeyd edən AMEA-nın Mərkəzi Elmi Kitabxanası respublikanın ən zəngin kitabxanalarından biri olaraq oxuculara yüksək səviyyəli xidməti özününəsas prioritetihesab edir. Və biz bu işlərin öhdəsindən ötən 100 ilin bütün dönəmlərində şərəflə gəldiyimiz kimi, bu gün də gəlməkdəyik.
Hüseyn Hüseynov
Mərkəzi Elmi Kitabxananın direktoru, tex.e.d., dosent