AZ

“AzDrama”da gərginlik pik həddə çatdı: Mehriban Xanlarova açıq iclas tələb edir? - FOTO


Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında (“AzDrama”) qalmaqal səngimək bilmir. Əməkdar artist Mehriban Xanlarova teatrın bədii rəhbəri Mehriban Ələkbərzadə ilə bağlı növbəti açıqlamasıyla gündəmə gəlib. Bu dəfə aktrisanın tələbi açıq və sərt olub.

Bakupost.az xəbər verir ki, Mehriban Xanlarova sosial şəbəkədə Mehriban Ələkbərzadənin onu şəxsi otağında danışığa dəvət etdiyini bildirib:
“Bir neçə gündür ki, “AzDrama”nın bədii rəhbəri məni otağında danışığa dəvət edir. Lakin şəxsi otaqlarda aparılan söhbətlərin heç bir nəticə vermədiyini bildiyim üçün bütün kollektivin, Mədəniyyət Nazirliyinin və mətbuatın iştirakı ilə açıq iclasın keçirilməsini və önəmli bir məsələnin orada müzakirəyə çıxarılmasını xahiş edirəm”.
Aktrisa qeyd edib ki, bu məsələni yalnız ictimaiyyətin gözü önündə müzakirə etmək istəyir:
“Mehriban Ələkbərzadə, məni nə üçün otağınıza gizli danışığa dəvət edirsiniz? Tək mən yox, bütün kollektivimiz sizin fəaliyyətinizlə bağlı fikirlərini səsləndirmək istəyir. Mətbuat üçün açıq iclas keçirmək bu qədərmi çətindir? Düşünürəm ki, 1998-ci ildən bu günə qədər ömrümün 27 ilini həsr etdiyim doğma teatrımda bir sənət fədaisi olaraq bu xahişi etməyə tam haqqım var. Əks halda, məni narahat edən və ölkəmiz üçün önəmli bir məsələni ictimaiyyətə açıqlamaq məcburiyyətində qalacağam”.
Xatırladaq ki, son vaxtlar “AzDrama”da baş verən qalmaqalın mərkəzində “Baş” tamaşasının hazırlıq prosesi və Mehriban Ələkbərzadənin bədii rəhbər kimi fəaliyyəti dayanır.

Mənbə: www.bakupost.az

Seçilən
25
5
www.bakupost.az

7Mənbələr