AZ

“Minsk Qrupuan ehtiyac yoxdur, blokadanın götürülməsi isə...” - Mirzoyan yenə "nala-mıxa" vurur

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə bəyan edib ki, sülh sazişinin imzalanması və ratifikasiyasından sonra ATƏT-in Minsk qrupunun fəaliyyətinə ehtiyac qalmayacaq.

"Minsk Qrupu ilə bağlı mövqeyimiz də bəllidir. Münasibətlərin normallaşmasından və sülh sazişinin imzalanmasından sonra hesab edə bilərik ki, institusional mənada münaqişə başa çatıb və indidən deyə bilərik ki, Minsk Qrupunun fəaliyyətinə ehtiyac yoxdur", - XİN rəhbəri qeyd edib.

Ararat Mirzoyan onu da vurğulayıb ki, razılaşdırılmış mətndə Zəngəzur dəhlizi ilə bağlı heç bir müddəa yoxdur.

“Ümumiyyətlə, sazişin mətnində blokadanın götürülməsi ilə bağlı heç nə yoxdur. "Müxtəlif sahələrdə əməkdaşlıq etmək istəyi var - ikitərəfli istək, o cümlədən nəqliyyat, tranzit və iqtisadi məsələlərdə", - Mirzoyan bildirib.

“Biz ilk növbədə dəmir yollarının birləşdirilməsi, iki ölkəyə bir-birinin dəmir yolu şəbəkələrindən istifadə etmək imkanı verməyi təklif etmişik. İnanırıq ki, biz yüklərin daha rahat hərəkətini təmin etmək üçün sərhəd-keçid prosesini bir qədər sadələşdirə bilərik. Lakin əvvəllər olduğu kimi, indi də, sabah da bizim üçün sarsılmaz bir anlayış və şərtdir ki, blokdan çıxarılacaq bütün nəqliyyat infrastrukturları onların ərazisində yerləşən ölkələrin suverenliyi altında qalacaq ", - deyə, Mirzoyan növbəti dəfə İrəvanın Bakı qarşsındakı öhdəliyini yerinə yetirmək istəmədiyini nümayiş etdirib.

Qeyd edək ki, hələ 9 noyabr 2020-ci il tarixində Paşinyanın imzaladığı kapitulyasiya aktı ilə İrəvan üzərinə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında maneəsiz gediş-gəlişi təmin edəcəyinə dair öhdəlik götürüb. Ancaq artıq 5 ildən artıqdır bu öhdəliyi yerinə yetirməkdən yayınır. Bakı isə bu İrəvanın bu öhdəliyini yerinə yetirməsində israr edir.

“Mən bunu ətrafımızdakı regionda, Ermənistan ətrafında münasibətlərin normallaşması və sülhün bərqərar olması üçün son dərəcə vacib hesab edirəm”, - deyən Mirzoyan, eyni zamanda Ermənistanın sazişin vaxtı və digər detalları barədə razılığa gəlmək üçün Azərbaycanla məsləhətləşmələrə mümkün qədər tez başlamağı təklif etdiyini iddia edib.

Bakının Ermənistan-Azərbaycan sərhədində üçüncü ölkə qüvvələrinin yerləşdirilməməsi ilə bağlı tələbinə toxunan Mirzoyan bəyan edib ki, saziş imzalandıqdan və ratifikasiya edildikdən sonra İrəvan müşahidəçilərlə bağlı Aİ tərəfdaşları ilə məqbul qərarlara gələcək.

İrəvan bundan əvvəl bildirmişdi ki, sülh müqaviləsi imzalanacağı təqdirdə avropalı müşahidəçilər müstəsna olaraq demarkasiya olunmuş ərazilərdən geri çəkiləcəklər.

“AzPolitika.info”

Seçilən
11
azpolitika.info

1Mənbələr