AZ

AzMİU-nun 50 illik yubileyi ərəfəsində növbəti seminar

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) "AzMİU THİK50: Keçmişdən Gələcəyə" layihəsi çərçivəsində növbəti seminar keçirilib. Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) nəzdində fəaliyyət göstərən
"Cybersafe" Klubunun təşkilatçılığı ilə baş tutan seminarda İnformasiya Texnologiyaları (İT) sahəsində fəaliyyət göstərən tanınmış mütəxəssislər – Kənan Ələsgərli, Nərmin Kərimov və Elxan Xəlilov iştirak ediblər.


AzMİU-dan AzEdu.az-a bildirilib ki, THİK sədri Şahmar Rəfili qonaqları salamlayaraq, dünyada və ölkəmizdə informasiya texnologiyaları sahəsinə olan marağın artdığını deyib. O, AzMİU-nun bu istiqamətdə yüksəksəviyyəli kadr hazırlığı həyata keçirdiyini deyib. Tələbələrin əmək bazarının tələblərinə uyğun, rəqabətədavamlı mütəxəssislər kimi yetişməsində universitetin elmi-tədris imkanları ilə yanaşı, tərəfdaş şirkətlərin resurslarından faydalanmağın əhəmiyyətini vurğulayıb.


Mexanika və informasiya texnologiyaları fakültəsinin tələbələri ilə bilik və təcrübələrini bölüşən İT mütəxəssisləri sahədəki innovativ yanaşmalar, karyera perspektivləri və müasir trendlər barədə geniş məlumat veriblər. Onlar şəxsi təcrübələrinə əsaslanaraq tələbələrin suallarını cavablandırıb və praktiki nümunələr əsasında uğur qazanmağın əsas aspektlərini açıqlayıblar. Seminar müzakirələrlə yanaşı, interaktiv sessiyalar və sual-cavabla yadda qalıb.İştirakçılar müasir proqram təminatları və texnoloji yeniliklər haqqında yeni biliklər əldə edərək bu sahəyə olan maraqlarını daha da artırıblar.


Qeyd edək ki, "AzMİU THİK50: Keçmişdən Gələcəyə" layihəsi il ərzində davam edəcək. Layihə çərçivəsində müxtəlif seminarlar, görüşlər, təlimlər, sərgilər və panel müzakirələrinin keçirilməsi nəzərdə tutulub. Layihənin əsas məqsədi universitetin 50 illik yubileyi ərəfəsində ali təhsil müəssisəsinin zəngin tədris və təlim ənənələrini tələbələr üçün motivasiya mənbəyinə çevirmək, onların fərdi inkişaf imkanlarını genişləndirməkdir.

Seçilən
3
3
azedu.az

5Mənbələr