Kanada və Aİ-yə qarşı rüsumların artırılması ilə bağlı Tramp qəribə bir açıqlama verib...
Eldəniz Məmmədov: “ABŞ elə bir ölkədir ki, orada baş verən ciddi proseslər birmənalı olaraq dünya iqtisadiyyatına ciddi təsir göstərir”.
“Trampın ticarətdə rüsumlar tətbiq etməsi ABŞ-nin guya defolt təhlükəsinin sığortalanması məqsədi ilə edildiyi bildirilir. Hətta, İlon Mask defolt təhlükəsi ilə bağlı bir necə dəfə açıqlama verib. Amma əslində belə bir təhlükə yoxdur”.
Bu sözləri iqtisadçı-ekspert Eldəniz Məmmədov ABŞ prezidenti Donald Trampın rüsumlarla bağlı son açıqlamasını Poliqon-a şərh edərkən qeyd edib.
Ötən gün Kanada və Aİ-yə qarşı rüsumların artırılması ilə bağlı Tramp qəribə bir açıqlama verib. ABŞ prezidenti bildirib öləkəyə miyardlarla dollar gömrük rüsumları daxil olacaq və amerikalılar o qədər varlı olacaq ki, pullarını xərcləməyə yer tapmayacaqlar.
Nəzərə alsaq ki, yüksək rüsum tətbiq edilən ölkələr də ABŞ-yə adekvat addımlarla cavab verirlər, o zaman Trampın bu bəyanatını necə dəyərləndirmək olar? Trampın atdığı son addımlardan sonra Amerika birjalarında təlatüm yaşanır və inflyasiya da artmaqdadır. Doğrudanmı bu vəziyyətdə Trampın başlatdığı ticarət müharibələri ABŞ üçün faydlı olacaq? ABŞ-nin ənənəvi tərəfdaşları digər bazarlara yönəlsələr nə baş verəcək?
Mövzunu Poliqon-un əməkdaşı iqtisadçı-ekspert Eldəniz Məmmədov ilə müzakirə edib.
Eldəniz Məmmədov: “Bu tip davranışların ABŞ-a və həmin qarşı ölkələrə təsirləri haqqında deyə bilərəm ki, birmənalı olaraq hansısa ölkənin tarif siyasətindən udacağını deyə bilmərik”.
Belə ziddiyyətli, popiusrt çıxışların Trampın özü üçün də zərərli olduğunu nəzərə çatdıran ekspert bildirib ki, bu birjalara, səhm bazarlarına da mənfi təsir göstərir, ciddi dalğalanmalar yaradır:
“ABŞ elə bir ölkədir ki, orada baş verən ciddi proseslər birmənalı olaraq dünya iqtisadiyyatına ciddi təsir göstərir. Dövlər borcu 36 trilyon dollardan çox olan bir ölkədir. Amma heç bir ölkə də ABŞ-dan öz borcunu istəmir, istəyə bilmir. ABŞ-nin defolt olması bütün dünyanın defolt olması deməkdir.
Mən nədən bunu ilk öncə xatırladıram? Çünki Trampın ticarətdə rüsumlar tətbiq etməsi ABŞ-nin guya defolt təhlükəsinin sığortalanması məqsədi ilə edildiyi bildirilir. Hətta, İlon Mask defolt təhlükəsi ilə bağlı bir necə dəfə açıqlama verib. Amma əslində belə bir təhlükə yoxdur.
Hesab edirəm ki, Trampın hakimiyyətə gəlməsindən sonra ard-arda bir neçə dəfə ziddiyyətli fikirlər söyləməsi beynəlxalq aləmdə ABŞ-nin imicinə çox ciddi zərbələr vurur.
Eldəniz Məmmədov: “İstər Avropa İttifaqını, istər Çini, istər Meksikanı, istər Kanadanı, istərsə də digər ölkələri ABŞ-a qarşı müvafiq cavab tədbirləri görməyə vadar edir ki, bu da ABŞ sahibkarlarına ciddi zərbə vurur”.
Bu tip davranışların ABŞ-a və həmin qarşı ölkələrə təsirləri haqqında deyə bilərəm ki, birmənalı olaraq hansısa ölkənin tarif siyasətindən udacağını deyə bilmərik. Ona görə ki, qısa müddətli faydalar ABŞ üçün görünsə də, bu daha sonra ABŞ-da inflyasiyanı sürətləndirəcək. Təsəvvür edin ki, ABŞ-da Trampın seçicisi maqazinə getdiyi zaman məhsulun 25-30 faiz artığını görəcək. Soruşacaq səbəb nədir? Səbəb odur ki, tarif var və ABŞ-da Çin, Kadana və s. məhsullar bahalaşıb. Bu Trampın özü də zərərlidir.
Ümumiyyətlə, belə ziddiyyətli, popiusrt çıxışlar hesab edirəm Trampın özü üçün də zərərlidir. Bu birjalara, səhm bazarlarına da mənfi təsir göstərir, ciddi dalğalanmalar yaradır. İnvestorları ciddi şəkildə narahat edir. Eyni zamanda istər Avropa İttifaqını, istər Çini, istər Meksikanı, istər Kanadanı, istərsə də digər ölkələri ABŞ-a qarşı müvafiq cavab tədbirləri görməyə vadar edir ki, bu da ABŞ sahibkarlarına ciddi zərbə vurur. ABŞ sahibkarları isə təbii olaraq Trampın bu siyasətindən narazı olacaq.
Yəni bütün hallarda hazırkı ABŞ siyasəti nə ABŞ-nin özü üçün, nə də dünya üçün qənaətbəxş hesab edilə bilməz”.
Nərminə UMUDLU
Poliqon.info