AZ

Ciddə görüşü müharibəyə son qoyacaqmı?

30 günlük atəşkəs razılaşması müharibəni bitirməyəcək, sadəcə donduracaq

Rusiya-Ukrayna müharibəsi fonunda  Avropa və ABŞ müttəfiqlik statusundan çıxaraq rəqibə çevriliblər. Səbəb  ABŞ-ın yeni prezidenti Donald Trampın sözügedən müharibəni bitirəcəyi barədə açıqlaması ilə əlaqədardır. Düzdür, Avropa əvvəlcə proseslərdə təmsil olunması məqsədilə ən müxtəlif səpkilərdə bəyanatla çıxış etdi. Hətta  Avropa koalisiyası Trampa qarşı çıxaraq Ukraynaya hərbi və maddi dəstək göstərəcəyini bəyan etdi. Lakin müharibənin  dayandırılması üçün aparılan danışıqlarda Ukraynanın belə kənarda qaldığını görən  Avropanın neytral mövqe sərgiləməkdən başqa yolu qalmadı. Nəticədə  ABŞ və Ukrayna prezidentləri arasında fevralın 28-də Ağ Evdə görüş baş tutdu. Gərgin şəraitdə keçən görüşdə Ukrayna lideri Volodimir Zelenski ABŞ-ın irəli sürdüyü təbii ehtiyarlarla bağlı sazişin imzalanmasına qarşı çıxmışdı. Eləcə də müharibə mövzusunda, Ukraynanın gələcəyi haqda da fikir toqquşmaları baş verdi. Görüşdə Donald Trampın aqressiv rəftarı isə dünyanı şoka salmışdı. Bunun ardınca Zelenski yerli və xarici mediada ABŞ imperializminə sinə gərən lider kimi təqdim edilirdi. Lakin fakt ondan ibarətdir ki, ABŞ və Ukrayna prezidentləri faydalı qazıntılarla bağlı sazişin tezliklə imzalanması barədə razılığa gəliblər. Beləliklə, Fransa, Almaniya, Böyük Britaniya, Türkiyə ofsayt vəziyyətdə qaldı. Nəhayət martın 11-də Ciddədə ABŞ-Ukrayna nümayəndələri arasında keçirilən görüşdə Rusiya ilə atəşkəs məsələsində ümumi razılıq əldə edildi. 

Ciddə danışıqlarından sonra beynəlxlaq ictimaiyyətə açıqlanıb ki, Ukrayna 30 gün ərzində cəbhə xətti boyunca atəşi dayandıracaq, yalnız Rusiya da buna razı olarsa. Ukrayna lideri V.  Zelenski Teleqram kanalında bu barədə paylaşım edib: "Bugünkü danışıqlarda Amerika tərəfdən ilk addımı dərhal atmaq və təkcə Qara dənizdə deyil, həm də raket, pilotsuz uçuş aparatları da daxil olmaqla, bütün cəbhə xətti boyunca 30 gün ərzində tam atəşkəs yaratmağa çalışmaq təklifi səslənib. Biz belə bir addım atmağa hazırıq və  ABŞ Rusiyanı buna razı salmalıdır. Yəni biz razıyıq və əgər ruslar razılaşarsa, o zaman sükut başlayacaq". 

Təkcə bu açıqlama deməyə əsas verir ki,  Ciddədə baş tutan görüşdə Ukrayna  ABŞ-ın cəbhədə bir aylıq atəşkəs təklifini qəbul edib. Qalır ABŞ-nin Rusiyanı razı salması və Rusiyanın  əlavə iddialar irəli sürmədən bu təkliflə razılaşması məsələsi. Əvvala qeyd edək ki, ABŞ Səudiyyə Ərəbistanında keçirilən görüşdə Ukraynanın təhlükəsizlik zəmanətləri tələbini heç müzakirə predmeti də etməyib. Bu isə o anlama gəlir ki, tərəflər arasında əldə edilən razılaşma Ukraynanın əsas tələbi olan təhlükəsizlik zəmanətləri məsələsini əks etdirmir. Kiyevin danışıqlar heyəti yalnız "Ukraynanın uzunmüddətli təhlükəsizliyi" mövzusunda dərhal danışıqların başlayacağına təminat verə bilib. Sənəddə ABŞ-in Ukraynaya yardım xərclərinin kompensasiya edilməsi və Ukraynanın mineral resurslarının inkişafı barədə qərarın qəbul edilməsi məslələri əksini tapıb. Təxminən doqquz saat yarım davam edən görüşdə ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının verilməsini yenidən başlatmağa və hərbi yardımı bərpa etməyə söz verib. Görüşün nəticələri ilə bağlı yayılan Bəyanatda əlavə edilib ki, tərəflər tezliklə Ukraynanın iqtisadiyyatını genişləndirmək məqsədilə Ukraynanın mühüm mineral resurslarının inkişafına dair genişmiqyaslı razılaşma bağlamaq barədə razılığa gəliblər. 

Əslində Ciddə görüşünün nəticələri deməyə əsas verir ki, atəşkəs razılaşmasında Ukrayna tərəfi məğlub kimi təqdim olunur. Belə görüntü Ukrayna rəsmilərinin açıqlamalarında da aydın şəkildə sezilir. Məsələn, Ukrayna Prezidentinin ofisinin rəhbəri Andrey Yermak görüşdən sonra bildirib ki, mineral resursları barədə razılaşma ABŞ uyğun bildiyi zaman imzalanacaq. Bu isə o deməkdir ki, ABŞ Rusiya ilə danışıqlar aparacaq və ümumi razılıq əldə edildikdən sonra mineral resursları barədə saziş imzalanacaq. Deməli, Ukrayna proseslərdə heç bir aktiv rol oynamır, heç bir təklifi nəzərə alınmır, yalnız masadakı sənədi imzalamaq şansı əldə edir. Hazırda aparılan danışıqlar deməyə əsas verir ki, artıq Ukrayna Prezidenti Volodimir Zelenskinin kreslosu ilə vidalaşmaq məqamı çatıb. Bu arada Zelenski ölkədə prezident seçkilərinin yalnız müharibə bitdikdən və hərbi vəziyyət ləğv edildikdən sonra keçiriləcəyini açıqlayıb. O, bildirib ki, hazırda ölkədə müharibə şəraiti davam etdiyi üçün seçkilərin təşkili mümkün deyil. Ukrayna Konstitusiyasına görə, hərbi vəziyyət rejimi tətbiq olunan müddətdə seçkilərin keçirilməsi qadağandır. Zelenski vurğulayıb ki, müharibə başa çatdıqdan və sabitlik təmin edildikdən sonra Ukrayna qanunvericiliyinə uyğun olaraq seçkilər keçiriləcək.

Məlum məsələdir ki, Putin və Tramp  Zelenskisiz Ukraynanın tərəfdarlarıdır. Ancaq  Zelenskinin açıqlaması deməyə əsas verir ki, o, hələ ki, istefa vermək niyyətində deyil. Əslində bunu proseslərin gedişi də diktə edir. Qeyd edək ki, Rusiya-Ukrayna razılaşması heç də müharubənin başa çatması anlamına gəlməməlidir. Sadəcə müharibə dondurulur, münaqişə isə qalmaqda davam edir. Bu münaqişənin nə qədər davam edəcəyini proqnozlaşdırmaq isə çətindir. Mümkündür ki, Rusiya və ABŞ öz xeyirlərinə istifadə etmək üçün  münqaişəni uzun müddət saxlasınlar. Ciddə razılaşmasından elə görüntü yaradılır ki,  guya Ukrayna atəşkəs istəyir və bundan ötrü istənilən şərtlərə razıdır. Bu isə Rusiyanın əlinə "kozur" verir ki, işğal etdiyi əraziləri rəsmiləşdirsin. Bunun isə uzun müddət çəkəcəyi şübhəsiz olduğundan münaqişə də davamlı olacaq. Məlumdur ki, atəşkəsin əldə edilməsi hansısa siyasi razılıq əsasında mümkündür. Atəşkəsə kimin nəzarət edəcəyi, bölgədə sülhməramlıların olub-olmayacağı  kimi məsələlər hələ ki, açıq qalır. Deməli, 30 günlük atəşkəs razılaşması müharibəni bitirməyəcək, sadəcə donduracaq.

Etiraf edilməlidir ki, ABŞ-ın "barışdırıcı" missiyanı üzərinə götürməsi Qərbin Ukraynaya maddi və hərbi dəstək siyasətini alt -üst etdi. Avropanın fətvası ilə genişmiqyaslı, uzunmüddətli müharibəyə sürüklənən Ukrayna artıq dövlət kimi varlığını itirmək zorunda qalıb. Nəzərə alaq ki, Rusiya-Ukrayna müharibəsində hələ ki, qalib yoxdur, sadəcə insanlar qırıldı, şəhərər dağıdıldı.
Müharibənin taleyi isə Ukraynada keçiriləcək seçkilərin nəticəsindən asılı olacaq. Etiraf edək ki, Rusiya da bu müharibədən qalib çıxmadı. Rusiyanın qazancı o ola bilər ki, "minerallar sazişi" təsdiqləndiyi tədqirdə  ABŞ bu ölkəyə qarşı sanksiyaların sayını azaltsın. Mümkündür ki, sanksiyalar tamamilə aradan qaldırılmasa Rusiyada baş qalıdıracaq sosial tələblər istefaya qədər gedib çıxsın. 

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
11
olaylar.az

1Mənbələr