Avropa İttifaqı (Aİ) dünya siyasətinin aparıcı qüvvəsinə çevrilmək üçün öz daxili prinsiplərini qlobal səviyyədə tətbiq etməlidir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Bosniya və Herseqovinanın keçmiş prezidenti (2014-2018-ci illər) Mladen İvaniç XII Qlobal Bakı Forumunda panel müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, Aİ kompromisə əsaslanan mürəkkəb çoxtərəfli strukturdur və artıq bir çox çağırışlar qarşısında öz dayanıqlılığını sübut edib. Lakin ittifaqın qlobal proseslərdə aparıcı rol oynamağa hazır olub-olmadığı ilə bağlı sual açıq qalır.
"Hələlik Aİ ABŞ-nin idarə etdiyi qatarda əlavə vaqon olaraq qalır. Lakin ABŞ artıq bu rolu icra etmək istəmir və bunda maraqlı olmadığını bildirib. İndi Aİ liderlərinin qarşısında sadəcə başqalarının ardınca getmək deyil, qlobal qaydalar hazırlamaq və tətbiq etməyə başlamaq kimi ciddi bir vəzifə durur" – M.İvaniç vurğulayıb.
O, həmçinin qeyd edib ki, Çin qlobal səviyyədə dəyişikliklərdə mühüm və müsbət rol oynaya bilər.