AZ

Kişi müəllimlərin azlığı: Qadınların əhatəsində böyüyən oğlanların xarakterində qüsurlar olur

Ölkə üzrə ümumi təhsil məktəblərində 1781 nəfər kişi ibtidai sinif müəllimi var. Statistikadan da göründüyü kimi hər il kişi müəllimlərin sayı azalmağa doğru gedir.

 

Bəs görəsən niyə kişilər ibtidai siniflərdən üz çeviriblər? Kişilərin azalması bizi uçuruma apara bilərmi?

 

ADPU-nun İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmov AzEdu.az-a mövzu ilə əlaqədar açıqlama verib.

 

Professor qeyd edib ki, keçən əsrin 90-cı illərinin əvvəllərində cəmiyyətdəki ictimai-siyasi proseslər, iqtisadi çətinliklər, ermənilərin Azərbaycan torpağına təcavüzü kişi müəllimlərin böyük əksəriyyətinin məktəblərdən getməsinə səbəb oldu.

 

“1958-1959-cu tədris ilinə kimi Azərbaycanın ibtidai siniflərində adətən pedaqoji texnikumları bitirən ibtidai sinif müəllimləri işləyib. Ali təhsilli ibtidai sinif müəllimi hazırlığına ilk dəfə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetində başlanıb. Ali təhsilli ibtidai sinif müəllimi hazırlığına başlanılması ibtidai siniflərdə təhsilin məzmunun ciddi çəkildə dəyişdirilməsi, elmiliyin yüksəldilməsi, təlim müddətinin 4 ildən üç ilə endirilməsi ilə bağlı idi. İlk illərdə bu ixtisasda təhsil alan tələbələrin böyük əksəriyyəti oğlanlar idi. 70-ci illərin axırlarından başlayayaraq balans qızların xeyirinə dəyişdi, qızlar üstünlük təşkil etməyə başladı. Mən də həmin ixtisasda təhsil almışam. 1978-1982-ci illərdə də oğlanların sayı qızların sayına nisbətdə o qədər də çox deyildi. Hər qrupda 3-4 oğlan tələbə var idi. 1990-cı illərin əvvəllərində cəmiyyətdə baş verən ictimai-siyasi proseslər, iqtisadi çətinliklər, ermənilərin Azərbaycan torpaqlarına təcavüzü kişi müəllimlərinin böyük əksəriyyətinin məktəblərdən getməsinə səbəb oldu. Onların yerini 8 aylıq kurs keçən  fərqli ixtisaslarda (texnoloq, kənd təsərrüfatı, mexanik və s.)  ali təhsil alan qadınlar tutdu. Obyektiv və subyektiv səbəblərdən  kişilərin  böyük bir  qismi məktəbə üz tutmadılar. İbtidai sinif müəllimi olmaq istəyən oğlanların sayı kəskin şəkildə azaldı. Ona görə də bu gün məktəblərdə, xüsusilə də şəhər məktəblərində  işləyən  kişi müəllimlərinin  sayı o qədər də çox deyildir.

 

15 il İbtidai təhsil fakültəsinin dekanı vəzifəsində çalışmışam. Öz təcrübəmə əsasən deyə bilərəm ki, bu illər ərzində ən yaxşı halda təxminən 30-40 oğlan tələbəmiz olub. Onlar da əsasən, cənub bölgələrindən və digər ucqar dağ kəndlərindən idilər. İndi cəmiyyətdə belə stereotip formalaşıb: ibtidai təhsil sinif müəllimliyi  daha çox qadın peşəsi hesab olunur. İbtidai sinif müəllimliyi daha çox səbr, qayğıkeşlik, həssaslıq və uşaqlarla emosional bağlılıq tələb etdiyi üçün kişilər bu peşəyə o qədər də uyğun olmadığı düşünülür.

 

Uşaqlarla işləmək, onların  təlim ehtiyaclarını qarşılamaq, hər bir  uğağa fərdi yanaşmaq daha çox  səbr və emosionallıq tələb edir.  Artıq cəmiyyətdə elə hal yaranıb ki, sanki “Göydən stress yağır”. Kişilərdə hövsələ qalmayıb. Ciddi nizam-intizamı, sərtliyi  və liderlik xüsusiyyəti ilə fərqlənən kişilərin ibtidai sinif şagirdləri ilə işləməsində müəyyən çətinlikləri olur. Kişilərin bəzi hallarda daha ciddi və avtoritar üsluba üstünlük vermələri  kiçik yaşlı uşaqlarla işləməkdə çətinlik yaradır. Ancaq bu, onların təbiətində deyil, daha çox sosial gözləntiləri ilə  bağlıdır. Qadınlar adətən uşaqlarla ünsiyyətdə daha rahat olduqları üçün bu sahədə üstünlük təşkil edirlər. Qadınlar anadır, onlar evdə də tərbiyəçidir. Buna görə də sözügdən peşə onların psixologiyasına daha uyğun gəlir. Bir də kişilər peşəkar inkişaf üçün daha çox karyera yüksəlişi imkanlarının olduğu sahələrə, rəhbərlik və idarəetmə sahələrində işləməyə  meyillidirlər.

 

Kişi müəllimlərinin məktəbdən uzaqlaşmasının digər bir səbəbi ibtidai sinif müəllimliyinin onlar üçün maddi baxımdan cazibədar və prestijli  peşə hesab edilməməsidir. Kişilər üçün müəllim maaşı ilə ailə saxlamaq çətindir. Bu səbəbdən də onlar daha yüksək məvacibli işlərə üz tuturlar. Kənddən fərqli olaraq, şəhərlərdə kişi müəllimləri  üçün alternativ iş imkanları genişdir. Onlar biznesdə, texniki sahələrdə işləməklə uğur qazana bilirlər. Müəllimlik diplomu olmasına baxmayaraq  fərqli sahələrdə uğur qazanan müəllimlərimiz çoxdur. Gənc müəllim kimi pedaqoji fəaliyyətə başlayan kişi müəllimlərin də böyük əksəriyyəti  həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra məktəbdə müəllim kimi çalışmaq istəmirlər.

 

Ümumiyyətlə bu proses təkcə Azərbaycana aid deyil. Keçmiş MBD ölkələrində və bəzi Avropa ölkələrin də məktəblərdə qadınlar üstünlük təşkil edir. Sadəcə bu hal ölkəmizdə daha sürətlə irəliləyir. Elə məktəblər var ki, böyük bir kollektivdə bir nəfər də olsun kişi müəllimi yoxdur”.

 

Professor qeyd edib ki, kişi müəllimlərin ibtidai siniflərdə olması uşaqlarda xarakter formalaşdırır:

 

“Məktəbdə kişi müəllimlərinin olması vacibdir, çünki müəllimlər şagirdlərə yalnız bilik vermir, həm də onların  şəxsiyyətini və xarakterini formalaşdırır. Məktəbdə həm kişi, həm də qadın müəllimlərin olması uşaqlara müxtəlif davranış modellərini və dünyagörüşlərini mənimsəmək, müxtəlif xarakter xüsusiyyətlərini müşahidə etmək imkanı verir. Bəzi uşaqlar ailədə ata nəfəsindən, ata nümunəsindən məhrum olur. Məktəbdə kişi müəllimlərinin  olması onlarda qayğıkeş, məsuliyyətli və güclü bir kişi obrazının yaranmasna səbəb olur. Bu, xüsusilə də atasız böyüyən uşaqlar üçün çox önəmlidir. İndi ibtidai sinif şagirdləri bütün günü qadınların əhatəsində olur, evdə anasının, məktəbdə qadın müəlliminin. Kişi sərtliyi, nizam-intizamı, nümunəsi görməyən, qadınların əhatəsində böyüyən oğlanların xarakterində sonralar ciddi qüsurlar özünü göstərir. Son illərdə kütləvi boşanmaların bir səbəbini də burada axtarmaq lazımdır. Axı, xarakteri xarakter formalaşdırır. Qadın məhəbbəti və qayğısı oğlanların sərt, ciddi nizam-intizamlı, cəsur, istənilən  mürəkkəb situasiyalardan baş çıxara bilən, ailə  məsuliyyətini öz üzərinə götürə bilən  oğlan uşaqarının – gələcək  əsgərlərin tərbiyəsində  kifayət qədər mühüm rol oynasa da, yetərli deyil. Kişilərə məxsus xüsusiyyətləri yalnız məktəbdə kişi müəllimlərindən, ailədə isə atadan əxz etmək olar.

 

Son illərdə  bəzi məktəblərdə neqativ halların  yaranmasında, direktor-müəllim və valideyn münasibətlərinin pozulmasında qadınların adı daha çox hallanır. Belə məktəb direktorları müəllimlərə, şagirdlərə, valideynlərə və ümumiyyətlə, cəmiyyəti necə nümunə ola bilər?  Fikrimizcə, kişi müəllimlərinin məktəbdə olması yalnız oğlan uşaqlarının təhsil-tərbiyəsi üçün deyil, həm də  məktəb mühitinin al-əlvanlığı, ünsiyyət və idarəetmə mədəniyyətinin düzgün formalaşması üçün çox vacibdir. Kişi müəllimlərinin məktəbdə olması qadın müəllimlərinin özlərinin də danışıqlarına, hərəkətlərinə, geyimlərinə, davranışlarına sərhəd qoymalarını tənzimləyə bilər".

 

 “Kişi müəllimləri  inzibati yolla məktəbə qaytarmaq mümkün deyil”, - deyə Fərrux Rüstəmov vurğulayıb:

 

Məktəblərdə kişi və qadın müəllimlərin say nisbətinin kəskin şəkildə  pozulmasının təhsilin keyfiyyətinə və şagirdlərin inkişafına müsbət təsir göstərməməsi fikrindəyəm. Kişi müəllimlərini məktəbə necə cəlb etmək olar? Bu, mümkündürmü? Əlbəttə! Bunun üçün müəyyən tədbirlər həyata keçirilməlidir. Hər şeydən əvvəl, onların sosial təminatları gücləndirilməli, onlara ipoteka və mənzil güzəştləri tətbiq edilməli, əlavə mükafatlar verilməli, stimullaşdırıcı tədbirlər həyata keçirilməli, məktəbdə rəhbər vəzifələrdə kişi müəllimlərinin sayı artırılmalı, pedaqoji ixtisaslarda oxuyan oğlan tələbələri üçün təqaqdlər təsis edilməli, kişi müəllimlərinin məktəbə cəlb edilməsi ilə bağlı Elm və Təhsil Nazirliyi və müvafiq ali təhsil müəssisələri tərəfindən xüsusi  proqramlar qəbul edilməlidir. Cəmiyyətdə kişi müəllimlərinin nümunəvi obrazı yaradılmalır. Biz də isə bəzən əksinə olur. Kişi müəllimə şagirdə qarşı ciddi olanda, sərt tədbir görəndə hadisənin məğzi öyrənilmədən müəllim cəzalandırılır, cox hallarda isə onun əmək müqaviləsinə xitam verilir. Belə yanaşma nə qədər ədalətlidir. Asanlıqla bir gənc müəllimin karyerasının üstündən necə xətt çəkmək olar? Digər bir məsələ isə, cəmiyyətdə "müəllimlik qadın peşəsidir" -stereotipinin dağıdılması məqsədilə televiziya, radio və sosial şəbəkələrdə ciddi maarifləndirmə işlərinin aparılmasıdır.

 

Sonda onu deyim ki, müəllimlərin işi cəmiyyət üçün layiqli və ləyaqətli insanlar yetişdirməkdir. Ayrı-ayrı insanlar dünyaya gəldiyinə görə valideynlərinə borclu olduğu halda, millət də millət kimi formalaşması üşün olması məktəbdə və müəllimə borcludur. Biz məktəbi və müəllimləri qorumalı, hər vasitə ilə onların nüfuzunu yüksəltməli, cəmiyyətin elitar təbəqəsinə çevirməliyik. Burada isə kişi müəllimlərin pedaqoji fəaliyyətə cəlb edilməsinə xüsusi diqqət və həssaslıqla yanaşmalıyıq. Kişi müəllimlərin məktəblərdən uzaqlaşması (və ya uzaqlaşdırılması) gələcək faciələrə səbəb ola bilər. Bunun qarşısı indidən alınmalıdır. Allah-təala kişi və qadını bərabər yaradıb. Onların bir yerdə olması xoşbəxtliyin, tərəqqinin, səadətinin, xoşbəxt gələcəyimizin qarantı olan uşaqların sağlam və gümrah böyüməsinin rəhnidir. Hazırda bu bərabərlik pozulub, insanlıq emalatxanası olan məktəbin ”ədalət tərəzisi” əyilib. Onu düzəltməyin vaxtıdır”.  

Seçilən
6
azedu.az

1Mənbələr