Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Müasir futbolda fiziki hazırlıq daha ön plandadır. Çünki inkişaf səviyyəsi bunu tələb edir. Rəqiblə başabaş mübarizədə qalib olmaları üçün indi futbolçulardan texniki bacarıqlarla yanaşı, xüsusi dözümlülük və sürət-güc tələb olunur. Başqa idman növləri ilə yanaşı, futbolda fiziki hazırlığın daim təkmilləşdirilməsinə ehtiyac var. Fiziki hazırlıq nə qədər yaxşıdırsa, futbol vərdişlərinə yiyələnmək bir o qədər effektli olur. Oyunlarda sürət yüksək olarsa, futbolçuların düşünmə sürəti, topla rəftarı, texniki imkanları da templə uzlaşmalıdır. Əks halda, futbolçular tez yorulacaq, “brak”lar çoxalacaq, rəqib sonda üstün olacaq. Aparıcı futbol ölkələrində uşaqların akademiyalara qəbul zamanı ümumi göstəriciləri ilə birgə sürət keyfiyyətləri də yoxlanılır, xüsusi diqqət yetirilir. "Böyük 5-lik” ölkələri bir yana, Niderland, Belçika, Danimarka kimi çempionatlarında belə, bütün komandalar sürətli, dinamik futbola üstünlük verir.
Bundan başqa, fiziki hazırlığın yüksək olması zədə riskini də azaldır. Oyunçunun uzunmüddətli düzgün inkişafı futbol bacarıqlarının yaxşılaşmasına, eləcə də fiziki hazırlığının yüksəlməsinə imkan verir. Mütəxəssislərin "futbol məqşləri yüngül atletikadan tamamilə fərqlənməli və fiziki hazırlıq bu idman növü üçün tələb olunan yüksək güc və dözümlülüyə uyğun şəkildə qurulmalıdır" tezisi əbəs deyil...
Aparılmış bir çox tədqiqatlar göstərir ki, futbolçular fiziki hazırlıq səviyyəsinə görə başqa idman növlərinin əksəriyyətindən geri qalır. Məsələyə Azərbaycan futbolu prizmasından yanaşdıqda isə durum daha aktualdır. Fiziki hazırlıq futbolumuzun ən yaralı yeridir. Zaman-zaman məşqçilər özləri də futbolçularımızın oyun ərzindəki dözüm tempini "bir hissəlik", "bir saatlıq" təyini ilə ifadə edərək onları "çatdırmamaq"da günahlandırıblar. Təbii ki, burada ilk növbədə təməlin düzgün qoyulmadığı etiraf olunmalıdır. Digər vacib məsələ isə bu istiqamətdə kadr çatışmazlığıdır. Təsadüfi deyil ki, əksər klublarımızda fiziki hazırlıq üzrə məşqçilər əcnəbilərdir. Onlar xarici təcrübədən yararlanaraq bu istiqamətdə problemləri tam olmasa da, yoluna qoymağa çalışırlar. Odur ki, futbolçularda fərdi xüsusiyyətləri nəzərə alıb məşq prosesinin səmərəsini artırmaqla, fiziki keyfiyyətlərin təkmilləşdirilməsini həyata keçirmək olar.
Artıq bir çox tanınmış ölkələrdə sınanmaqda olan belə səmərəli metodlardan biri də fitboks məşqləridir.
Boks üzrə məşqçi, eyni zamanda fitboks məqşləri keçən Ramil Məmmədzadə Fanat.Az-a bildirib ki, bu idman növü həm də futbol üçün əhəmiyyət kəsb edir:
“Fitboks fitnes və boksun hibridindən yaranıb. Lakin bi idman növündə boks elementləri dominantlıq təşkil edir. Fitboks yüksək intensivli kardio məşqləri ilə dözümlülüyü artırır. Bu baxımdan, digər idman növləri, xüsusilə futbolla məşğul olanların fitboks məşqləri keçməsi məqsədəuyğundur. Xaricdə, xüsusilə İspaniyada futbolçulara mütəmadı olaraq fitboks məşqləri də keçilir. Təəssüf ki, fitboks hələ Azərbaycanda populyarlıq qazanmayıb, bu baxımdan, klubların diqqətindən kənarda qalıb”, - deyə Ramil Məmmədzadə bildirib.
Məşqçi əlavə edib ki, futbolçuların matçboyu eyni tempdə qaçması və enerjini idarə etməsi üçün fitboks məşqləri ideal seçimdir: “Fitboksda sürətli hərəkətlər və koordinasiya önəmlidir. Futbolçuların tez reaksiya verməsi və sürətli qərarlar qəbul etməsi üçün fitboksdan yararlana bilərlər. Bugünkü futbolda sürət önəmli roy oynayır. Fitboks da məhz bunu öyərdir.
Bu gün uşaq futbolu demək olar inkişafdan qalıb. Yaxşı futbolçu yetişdirmək üçün futbolla məşğul olan uşaqlara fitboks məşqləri keçirilməsi yaxşı olardı.
Fitboks zərbə texnikaları ilə bədənin əsas əzələ qruplarını gücləndirir. Futbolçuların güclü dayanması, rəqiblə mübarizə aparması və daha yaxşı zərbələr vurması üçün fitboks vacibdir. Bu idman növü stressi azaldır, konsentrasiyanı artırır və futbolçuların matçlarda psixoloji cəhətdən daha güclü olmasını təmin edir. Fitboks məşqlərində koordinasiya və əzələ yaddaşı inkişaf edir. Futbolçuların topa nəzarəti və meydanda hərəkəti daha dəqiq olur. Fitboks futbolçular üçün əlavə məşq kimi keçildikdə onların gücü, dözümlülüyü, çevikliyi və psixoloji dayanıqlığı arzulanan səviyyəyə çatır. Bu da oyunçuları daha güclü və hazırlıqlı edir”.
Mirağa Mirzəyev
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.