İsrail Azərbaycanın Cənubi Qafqaz regionunda davamlı sülhə nail olmaq səylərini dəstəkləyir.
Bu barədə “Report”a müsahibəsində İsrailin keçmiş Baş naziri Ehud Olmert Bakı və İrəvan arasında sülh sazişi mətninin razılaşdırılmasının başa çatması haqqında məlumatı şərh edərkən bildirib.
"Mən sülh prosesindəki irəliləyişdən çox məmnunam. Müstəsna səylər sayəsində iş irəliləyir. Həmçinin Ermənistanın sülh sazişinin imzalanması məsələsinə ciddi yanaşması sevindirici haldır", - E.Olmert qeyd edib.
Sabiq Baş nazir vurğulayıb ki, istənilən silahlı münaqişə xalqlara mənfi təsir göstərir, buna görə də sülhə nail olunması istiqamətində irəliləyiş ümid verir.
E. Olmert həmçinin Avropa strukturlarının Azərbaycanla bağlı siyasi addımlarını tənqid edib. Onun sözlərinə görə, Avropa liderləri və Avropa Parlamenti öz addımlarını düşünməli və ölçülüb-biçilmiş şəkildə hərəkət etməlidirlər.
"Əgər beynəlxalq məhkəmə Azərbaycana qarşı hər hansı bir qərar qəbul etsəydi, bu, başqa məsələ olardı. Amma Avropa strukturlarının siyasi addımları qəribə görünür", - o bildirib.
E.Olmert qeyd edib ki, İsrail və Azərbaycan arasında münasibətlər ənənəvi olaraq yüksək səviyyədədir. "Hakimiyyətdə hansı hökumətin olmasından asılı olmayaraq, o, həmişə Azərbaycanla yaxşı münasibətləri dəstəkləyəcək, bunu sizə vəd edirəm. Münasibətlərimiz hökumətlərdən deyil, xalqlarımızın dostluğundan asılıdır", - sabiq Baş nazir bildirib.
Siyasətçi vurğulayıb ki, İsrail hökumətinin başçısı olarkən Azərbaycan Prezidenti İlham Əliyevlə bir neçə dəfə görüşüb və dövlətlər arasında əldə edilmiş etimad səviyyəsinə görə minnətdardır.
"Birlikdə nail olduğumuz bir çox şeyə görə minnətdaram, bunun haqqında ətraflı danışa bilmərəm. Bu, təhlükəsizlik sahəsinə, iqtisadi və enerji əməkdaşlığına da aiddir. Bu, bizim üçün çox vacib idi", - sabiq baş nazir sonda bildirib.