1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"NEQSOL Holding" "Rəqəmsal İpək Yolu" ("Digital Silk Way") layihəsinin mühüm hissəsi olan trans-Xəzər fiber-optik kabel xəttinin tikintisi üzrə tender proseslərinin uğurla başa çatdığını və tikintinin birinci mərhələsinin başlandığını elan edib.
Trans-Xəzər kabel xətti layihəsi, "NEQSOL Holding"in tərkibinə daxil olan Azərbaycanın magistral internet provayderi "AzerTelecom" şirkəti tərəfindən Qazaxıstanın milli telekommunikasiya operatoru "Kazakhtelecom" ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilir.
Bu strateji layihə Xəzər dənizinin dibi ilə 380 km uzunluğunda fiber-optik kabel xəttinin tikintisini nəzərdə tutur. Bu xətt Azərbaycanın Sumqayıt və Qazaxıstanın Aktau şəhərlərini birləşdirəcək, yüksəkhəcmli məlumatların ötürülməsini və 400 terabit/s-ə qədər yüksəksürətli internet bağlantısını təmin edəcək.
"Trans-Xəzər kabel xətti "Rəqəmsal İpək Yolu" layihəsinin mühüm hissəsidir. Bu layihə Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan və Türkmənistan daxil olmaqla bir sıra ölkələrdən keçən rəqəmsal telekommunikasiya dəhlizinin yaradılmasını nəzərdə tutur", - deyə "NEQSOL Holding"in baş direktoru Yusif Cabbarov qeyd edib.
Yusif Cabbarov həmçinin qeyd edib ki, "Rəqəmsal İpək Yolu"nun infrastrukturu yüksəksürətli məlumat ötürmə imkanı sayəsində Avropa və Asiya arasında ən optimal və qısa marşrutun yaradılmasını təmin edəcək:
"Bu, regional əməkdaşlığın güclənməsinə və region ölkələrinin iqtisadi inkişafına töhfə verəcək. Bu layihəni həyata keçirən və bütün region üçün tarixi bir nailiyyətə imza atan komandamızla böyük qürur duyuram".
Trans-Xəzər kabel xəttinin tikintisi bir neçə mərhələdə həyata keçiriləcək. Bu mərhələlərə sahilyanı ərazilərin və dəniz dibinin qiymətləndirilməsi, yüksəkkeyfiyyətli və davamlı kabellərin layihələndirilməsi və istehsalı, onların daşınması və quraşdırılması daxildir. "AzerTelecom" və "Kazakhtelecom" şirkətləri tikinti işlərini 2026-cı ilin sonuna qədər yekunlaşdırmağı planlaşdırır.
"NEQSOL Holding" haqqında
"NEQSOL Holding" telekommunikasiya, enerji, tikinti və yüksək texnologiyalar sahələrində 11 ölkədə fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur. Qrup dünyada 25 milyondan çox müştəriyə xidmət göstərir. Əlavə məlumat üçün: https://www.neqsolholding.com
AzerTelecom haqqında
"AzerTelecom" Azərbaycanın aparıcı telekommunikasiya şirkətidir, topdansatış operatoru səviyyəsində rabitə xidmətləri, eləcə də rəqəmsal və digər xidmətlər təqdim edir. "AzerTelecom" müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərən "NEQSOL Holding"in tərkibində olan "Azerconnect Group"a daxildir.
Kazakhtelecom haqqında
"Kazakhtelecom" Qazaxıstanın ən böyük telekommunikasiya şirkətidir və milli telekommunikasiya operatoru statusuna malikdir. Şirkət sabit telefon, genişzolaqlı internet, rəqəmsal televiziya, mobil rabitə və digər telekommunikasiya xidmətləri təqdim edir.