AZ

Balaca müdirlərin həyasız trolları - Səbinə Əvəzqızı

Kulis.az Səbinə Əvəzqızının yeni yazısını təqdim edir.

Müdirlərin trolları, imkan verin işləyək!

Trollun biri dərc etdiyimiz məqaləyə görə yazıb ki, əlimə keçsən gör səni nə edəcəm. Maraqlıdır, həyatda olmayan, yalnız virtual aləmdən ibarət saxta bir şey ortaya necə çıxır? Bu trolla “süni intellekt” demək, o proqramı yazanlara söyüş kimi bir şey olar. “Varlıq” desək ortada var olan bir şey yoxdur. İş orasındadır ki, yox da deyirlər. Virtual milçəklərə oxşayırlar, ürək bulandırmaqdan və ortalığı çirkləndirməkdən başqa bir işə yaramırlar.

Demək, hər hansı nazirliyin, komitənin hansısa şöbə müdirindən nəsə yazmaq olmur. Qadan alım, başına dönümlə yazırıq ki, vallah burasını düz demədin, bax orasını tamamilə səhv elədin. Yazının dərc edildiyini imkan tapıb görə bilmirik. Bunlar necə coşur? İnboxsumuz, e-mail poçtumuz hədə, təhqir, küçə sözləri ilə dolu mesajların hücumuna məruz qalır. Özü də ən gülməlisi budur ki, mətn eynidir, hətta hərf səhvlərinə kimi eyni məzmunu göndərirlər. Gün kimi aydındır ki, bu yazılar bir əldən çıxıb, sadəcə müxtəlif ünvanlardan göndəriblər. Niyə belə dayaz trollarla işləyirlər anlamadım. Yəqin pullarını az verirlər. Ucuz ətin şorbası məsələsi.


Yoxsa, camaat elə trollarla işləyir ki, ABŞ kimi hegemon ölkədə seçkilərin yönünü dəyişirlər. Bizim müxalifətçilərin də trolları “babat”dır. Amma bu balaca müdirlər hələlik bu işdə naşıdır. Gərək onlar üçün “Trollardan necə istifadə edilməlidir” sahəsində bir kurs filan təşkil edək.

Nazir susur, şöbə müdirinə söz demək olmur

Yüksək kürsü sahibləri belə şeylərə heç önəm vermirlər. Məsələn, Elm və təhsil naziri Emin Əmrullayevin səbrinə heyran qalıram. Bütün media məktəbləri, universitetləri, yeni imtahan qaydaları ilə bağlı mövzuları haqlı və ya haqsız olaraq bütün günü meydana gətirir. İnsan mədənidir, çıxıb birimizi təhqir etmir. Etirazını da normal bildirir. Mən demirəm ki, nazir ideal işləyir. Sadəcə, məsələlərə münasibəti xoşuma gəlir. Cıkıllı müdirlər kimi, özünü hörmətdən salmır.

Hansısa nazirlikdə və ya komitədə 20-ci dərəcəli idarənin daxilində olan şöbə müdiridir, amma havasından keçilmir. Axı adında “MÜDİR” sözü var. Sanki kimsə onlara “gözün üstə qaşın var” desə yenə razılaşmayacaq ki, xeyir mənim qaşım gözümün altındadır.

Yazımızı və mövqeyimizi haqlı hesab ediriksə, bizə gələn mesajlara qətiyyən cavab vermirik. Çox narazısınızsa Azərbaycanda ədalət mühakiməsi var, məhkəmələrin qapısı daima açıqdır. Gedib müraciət edə bilərsiniz. Ən pis halda Mətbuat Şurasına gedin. Oranın bir gülərüz, şirindilli sədri var ki, heç narazı qalmazsınız. Rəşad Məcid sülh adamıdır.

Ona görə də, ay hörmətsiz trollar, barmaqlarınıza yazığınız gəlsin. Sizlər bizi əqidəmizdən, düz bildiyimiz yoldan döndərə bilməzsiniz. Sizin kimi balacaların qüsuruna görə, bizlər bu qədər zəhmətlə qurulan, əmək verilən dövlətimizin adına hər hansı bir söz gəlməsinə imkan vermərik. Bir zəhmət, ağzınızdan çıxan sözlərə, etdiyiniz əməllərə, heç nazirlərin belə özünə qıymadığı həyat tərzinizə diqqət yetirin. Bizi düşmən də oxuyur. Bəlkə siz elə bilirsiniz ki, savaş yalnız səngərdə gedir? Xeyir! Biz dövlətin, Azərbaycanımızın adı daha ucalardan səslənsin deyə gecəmizi-gündüzümüzə qatırıq. Zaman gəlir gecə yarıya qədər çalışırıq. Yeri gəlir beynəlxalq forumlarda düşmənin yalanları, böhtanları ilə səbrimizi basa-basa mübarizə aparırıq. Məmləkət üçün önəmli günlərdə işdən evə getməyi heç düşünmürük. Bunu minnət olaraq yazmadım. Təbii ki, bu bizim vəzifə borcumuzdur. Amma imkan verin işimizi görək də. Biz hər dəfə sizin cahil trollarınızın, mənasız mesajlarına baxmaq üçün zaman ayırmalıyıq? Hesab edirsinizsə ki, bununla bizi qorxudursunuz, ciddi yanılırsız. Oturduğunuz o balaca kreslolarda etdiyiniz bütün səhvləri izləməyə və bunu ictimailəşdirməyə davam edəcəyik. Təki dövlətin adına xələl gəlməsin.

Bu cür davranışların, medianın və jurnalistlərin işinə maneə törətdiyini və dövlətin imicinə zərər verdiyini anlaya bilirsinizmi? Əgər yüksək vəzifəli məmurlar tənqidlərə qarşı daha təmkinli və mədəniyyətli yanaşırsa, bunu nümunə götürün. Sizi yüksəyə qaldırsalar bizim halımız necə olar?

Bir daha xatırladım ki, dövlət qurumlarında işləyən balaca müdirlər, şəffaflığın və tənqidə açıq olmağın əhəmiyyətini anlamalısınız axır-əvvəl. Həmçinin qəbullanın ki, trolların qeyri-etik davranışlarının cəmiyyətə və dövlətə mənfi təsirləri var.

Virtual aləmdə belə təcrübələrimiz çoxdur. Xüsusən də anonim istifadəçilərin təhqir və hədə-qorxu mesajları bizə heç yad deyil. Bir ara sosial mediada fanatik dindarların hücumuna məruz qalanda güc strukturlarına müraciət etməkdən başqa əlacım qalmamışdır. Bu cür davranışların cəmiyyətə nə qədər mənfi təsiri olduğunun fərqindəsinizmi? Biz həmişə mövzuya müsbət yanaşmaların və konstruktiv tənqidlərin əhəmiyyətini vurğulayırıq. Bu cür mövzuların müzakirəsi aktualdır və cəmiyyətin şüurlu şəkildə məlumatlandırılması baxımından dəyərlidir.

Deməli belə, ey heç əziz olmayan trollar. Heç olmasa o yalançı profillərinizə özünüzün də olmasa internetdən tapıb bir foto qoyun. Yalandan doğum tarixi, orta məktəb, lap istəsəniz akademiya belə əlavə edin. Vallah saxta olmağınız hər halınızla bəllidir.

Seçilən
5
kulis.az

1Mənbələr