Azərbaycanda istehlakçıların malın ölçüsü, çəkisi və hesabına dair aldadılması ilə bağlı 2024-cü il ərzində Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə 319, bu ilin yanvar-fevral aylarında isə 40 vətəndaş müraciət edib. SİA xəbər verir ki, bu barədə Dövlət Agentliyinin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı "İstehlakçı hüquqları" mövzusunda keçirilən təlimdə bildirib.
O qeyd edib ki, aparılan araşdırmalar nəticəsində ötən il 13 sahibkarlıq subyekti barəsində 24 inzibati xəta protokolu tərtib edilib.
Bu ilin ilk iki ayı ərzində isə 4 sahibkarlıq subyekti barəsində inzibati tədbir görülüb.
"Baxılan müraciətlər əsasında 2024-cü ildə 189, 2025-ci ilin ilk iki ayında isə 12 istehlakçının tələbi təmin edilib. Hazırda istehlakçıların hüquqlarının qorunması və bu cür halların qarşısının alınması məqsədilə nəzarət tədbirləri davam etdirilir", - deyə Y. Tapdıqlı məlumat verib.