“Əlillik - xəstəlik və qocalıq nəticəsində əmək qabiliyyətini itirmiş insanın vəziyyətinə deyilir. Fiziki, əqli, duyğu və ya psixi xəstəliyi nəticəsində əlil adamlarıncəmiyyətdə həyat imkanları məhdud olduğundan onların qayğısına qalmaq vacib şərtlərdəndir”.
Bu sözləri Azad Vətən Partiyası (AzVP) hüquqi məsələləri üzrə müşaviri Tacəddin Əyyubov “Cümhuriyət”-ə açıqlamasında deyib. O bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə görə, sağlamlıq imkanları məhdud olanlar, onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, bu Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyır:
Kimlər əlilliyi olan şəxs hesab olunur?
“Azərbaycan Respublikası Konstitusiyası 38-ci maddəsinə əsasən də maddə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə görə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası 2 oktyabr 2008-ci ildə BMT Baş Məclisi tərəfindən 13 dekabr 2006-cı ildə qəbul edilmiş “Əlilliyi olan şəxslərin hüquqları” haqqında Konvensiyaya qoşulub.
Konkret olaraq əlillik nədir? Əlillik müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasıdır. Kimlər əlilliyi olan şəxs hesab olunur? Müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs əlilliyi olan şəxs hesab edilir”.
Əlillik necə hesablanır?
Həmsöhbətimiz əlilliyin müəyyən olunma faizləri barədə danışıb: “Orqanizmin funksiyalarının pozulması faizləri bu şəkildə müəyyən olunur. Xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında 31-60 faiz hesablanır. Xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında isə 61-80 faizdir. Xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin I dərəcə məhdudlaşması halında 81-100 faizdir.
Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-sosial ekspert komissiyaları əlilliyi olan şəxslərin peşə-əmək qabiliyyətlərinin, tibbi, psixoloji-pedaqoji, sosial bacarıqlarının, mənzil-məişət şəraitlərinin kompleks qiymətləndirilməsini həyata keçirir, reabilitasiya potensiallarıınıdəyərləndirir, eləcə də əlilliyi olan şəxslərin itirilmiş funksiyalarının bərpasına yönəldilən reabilitasiya vasitələri və xidmətləri, həmçinin sanatoriya-kurort müalicəsinə ehtiyaclarını müəyyənləşdirir. Bu zaman əlilliyi olan şəxslərin ictimai və peşə fəaliyyəti, təhsili və maraq dairəsi nəzərə alınır”.
Əlilliyin yeni meyarları necə müəyyən olunur?
O, əlilliyin müəyyən olunma prosesindən də söz açıb:
“Şəxsin əlilliyi müxtəlif səbəblərdən müəyyən edilir. Birincisi, ümumi səbəblər, ümumi xəstəlik, istehsalat zədəsi, peşə xəstəliyi, Çernobıl AES-də qəzanın ləğvi, eləcə də hərbi xidmət dövrü, hərbi əməliyyatlar keçirilən zonada olmaqla və terror hadisəsi ilə əlaqədar olanlar. İkincisi, xüsusi səbəblərdən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı ilin 20 Yanvar hadisələri, hərbi xidmət vəzifələrini yerinə yetirməklə, Çernobıl AES-də hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar. Bəs əlilliyin yeni meyarları necə müəyyən olunur? Əlillik insanın həyat fəaliyyətinin 7 əsas kateqoriyaları (özünəqulluq, sərbəst hərəkətetmə, istiqamətseçmə, ünsiyyət, davranışına nəzarətetmə, öyrənmə, əmək fəaliyyəti) üzrə məhdudlaşması və “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur.
Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir”.
Müddətsiz əlillik nə vaxt verilir?
Tacəddin Əyyubov əlavə edib ki, hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir:
“Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Əlillik hansı müddətlərə müəyyən olunur? Əlillik 1 il, 2 il, 5 il və müddətsiz müəyyən edilir. Hansı hallarda əlillik müddətsiz müəyyən olunur? “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin üçüncü hissəsinə əsasən həmin Qanunun 5-ci maddəsinin birinci hissəsinin 1-ci bəndində göstərilən şəxslərin əlilliyi Çernobıl qəzası nəticəsində əmələ gəldikdə, əlillik müddətsiz müəyyən edilir.
Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” qaydasının 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası istisna olmaqla) və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddətsiz müəyyən edilir”.
Əlillik necə verilir?
O, əlilliyi olan şəxslərə əmək zəmanətinin müəyyən edilməsi prosesindən də bəhs edib:
“Bu, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı”na əsasən əlilliyi olan şəxslərin əmək zəmanəti Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-sosial ekspert komissiyaları tərəfindən şəxsin tibbi sənədləri, xəstəliklərinin xarakteri, yaşı, peşəsi və s. amillər nəzərə alınmaqla müəyyən edilir. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilməsi üçün şəxs və ya müalicə həkimi tibb müəssisələrinin həkim-məsləhət komissiyasına müraciət edir.
Komissiya göndəriş üçün müraciətdən 7 iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 iş gününədək artırılır. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı araşdırma bitdikdən sonra dərhal qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir.
Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı komissiyaya getmək imkanı olmadıqda, o, komissiya tərəfindən ölkə hüdudları daxilində olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, qərar qəbul edilir. Qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə komissiya tərəfindən qərarın qəbul edildiyi gündən sonra 5 iş günü müddətindən gec olmayaraq göndəriş tərtib edilir”.
Məhkəmə yolu da var
O, sözlərini belə yekunlaşdırıb:
“Tərtib edilmiş göndəriş dərhal komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. Əlilliyin qiymətləndirilməsi prosesi də müxtəlif mərhələlərdən keçir.
Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır.
Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" (TSERAS) altsisteminə (bundan sonra - altsistem) ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərəkadsızlaşdırılır.
Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) Tibbi-sosial ekspert komissiyalarına (TSEK) göndərilir. TSEK 10 iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir.
Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 iş gününədək uzadıla bilər. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Əlillik, Nazirlər Kabinetinin 2022 - ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunmasına dair Əsasnamə” əsasında müəyyən edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020- ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsiQaydası”na əsasən əlilliyin qiymətləndirilməsielektron qaydada aparılır. Əlilliyin qiymətləndirilməsindən razı qalmadıqda nə etməli? Qəbul edilən qərardan narazı olan vətəndaş onlayn növbə alaraq Mərkəzi TSEK-ə və ya yaşadığı ərazi üzrə TSEK-ə müraciət edə bilər. Burada vətəndaş həkim-ekspert komissiyası tərəfindən əyani müayinə olunur və qanunvericiliyə uyğun olaraq yenidən qiymətləndirmə aparılır. Əgər vətəndaş burada da verilən qərardan razı deyilsə TSEK-in imtinası ilə birgə topladığı sənədlərlə İnzibati Məhkəməyə müraciət edə bilər”.