AZ

Anar: "Qırx il bəsdir, sədrlikdən gedəcəm, mənə qulaq assalar, bir neçə namizədim var"

Bu gün Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Rzayevin ad günüdür. Bu ərəfədə o, "Teleqraf" İnformasiya Agentliyinin suallarını cavablandırıb.

Publika.az müsahibəni təqdim edir.

- Anar müəllim, martın 14-ü sizin doğum gününüzdür. Əsərlənizdə zaman anlayışı həmişə bir qırmızı xətt kimi keçib. Zaman ötdükcə zaman anlayışına münasibətiniz dəyişdimi?

- Zaman anlayışına münasibətim dəyişmir, amma zaman özü dəyişir. Müxtəlif zamanlarda yaşamışam. 87 yaşım var. Çox şey yaşamışam, çox şey görmüşəm. İki quruluşda yaşamışam. Sovet dövrünü, müstəqilliyi, torpaqlarımızın işğalını, eyni zamanda nə xoş ki torpaqlarımızın azad edilməsini görmüşəm. Zaman belə dəyişib.

- Bu zaman kəsimində hansı illəriniz daha kəskin, yaxud gərgin keçib?

- Hər vaxtın öz xüsusiyyəti var. Zamanı bölmək mümkün deyil. Əlbəttə, cavan olanda daha çox ümidlərlə yaşayırsan, gələcək üçün planlar qurursan. Amma yaş ötdükcə anlayırsan ki, vaxt az qalıb və etmədiyin işi həyata keçirməyə çalışırsan. Mənim də nə qədər ömrüm qalıb, yaradıcılıqla bağlı işlərimi tamamlamaq istəyirəm. Bir neçə kitab var, onları tamamlamalıyam.

Kitablarımdan birini 30 il əvvəl yazmağa başlamışam. Müxtəlif vaxtlarda təxirə salmalı olmuşam, başqa kitab yazmışam, təkrar ona qayıtmışam... Nəhayət, həmin kitabı tamamlamaq istəyirəm. Adı belədi: "Keçən keçdi, olan oldu". Bioqrafik kitabdır, ailəmizdən bəhs edir.

Bundan başqa, son zamanlar yazdıqlarım kitabları da bitirmək istəyirəm. Hərçənd iddia edirlər ki, Anar son zamanlar kitab yazmır. Halbuki pyes, povest, iki ssenari, 10-a yaxın hekayə yazmışam. Onları toplayıb bir kitab şəklində nəşr etdirmək istəyirəm.

Mənim Azərbaycan ədəbiyyatına aid dörd cildlik "Söz dünyası" kitabım nəşr edilib. Onun beşinci cildi hazırlanıb və bu cild türk dünyasının yazıçılarına aiddir. Yaxın günlərdə bu kitab da nəşr ediləcək.

- Anar müəllim, internetdən istifadə edirsinizmi?

- Yox, istifadə eləmirəm.

- Hansısa araşdırma zamanı internet gərəyiniz olmur?

- Xeyr, istifadə etmirəm. Saytları belə izləmirəm. Hərdən mənə deyirlər ki, haqqında filan saytda yenə yalan xəbər yazıblar, onda yazılanlarla tanış oluram.

- Deməli, saytlar, internet resursları sizin yaddaşınızda ancaq neqativ hadisələrlə qalıb...

- Axı, pozitiv heç bir xəbər görmürəm... Xəbərləri AzTV, “Euronews” televiziyalarından alıram. Hazırda Ukrayna televiziyalarına da baxıram. Ədəbi hadisələr haqqında isə jurnallar alıram, Moskvadan, Türkiyədən jurnallar gətirilir. Mənim internetə daxil olmağa ehtiyacım yoxdur. Üstəlik, çox zəngin kitabxanam var. Yəni internetdən məlumat əldə etməyə ehtiyac duymuram.

- Azərbaycan Yazıçılar Birliyinin 13-cü qurultayında sədr seçildiniz və növbəti dəfə namizəd olmayacağınızı vurğuladınız. Hələ də fikrinizdə qalırsınız?

- Əlbəttə, fikrimdə qalıram. Mən sözümün ağasıyam, demişəmsə, deməli, elə də olacaq. Məsələ budur ki, görək, mən növbəti qurultaya qədər yaşayacağam?! Əgər o vaxta qədər sağ qalsam, sözüm qətidir və bir dərəcə də şübhəm yoxdur ki, fikrimi dəyişim. Artıq 40 ildir, sədr kimi fəaliyyət göstərirəm, düşünürəm ki, bəsdir.

- Bəs, yerinizə məsləhət gördüyünüz şəxsi varmı? Müşahidələriniz aparırsınızmı?

- Bəli, müşahidələrim var, amma ad çəkmək istəmirəm. Ad çəksəm ajiotaja səbəb olacaq. Bir nəfər deyil, bir neçə nəfər haqqında fikirləşirəm. O da var ki, bunu mən həll etməyəcəm, qurultay, yazıçılar kimi istəsə, onu seçəcəklər. Amma mənim məsləhətimi dinləmək istəsələr, əlbəttə, namizədlərim var və onları təklif edəcəm. Kimi seçərlər, özləri bilərlər.

- Siz müsahibələrinizin birində demisiniz ki, həyatınızın hansısa mərhələsində daha inanclı istiqamətdə olmusunuz. Sonra sanki yanaşma tərziniz dəyişib.

- Mən sovet sistemində formalaşmış adamam. O dövrü tamamilə pisləmək istəmirəm, sovet sisteminin yaxşı tərəfləri də vardı. Xüsusilə, ədəbiyyata münasibət təzadlı idi. Bir yandan yazıçıları təqib edib, repressiyalara məruz qoymuşdular, digər tərəfdən ədəbiyyata maraq vardı. Qəzetləri, jurnalları təbliğ edirdilər, oxudurdular. Hazırda o maraq yoxdur.

Biz o zaman düşünürdük ki, bu sistem pisdir, Qərbin demokratik sistemi daha yaxşıdır, kaş bizim ölkədə də elə olsun. Biz müstəqillik qazandıq və bu çox böyük nailiyyətdir. Xoşbəxtəm ki, bu sistemi də gördüm. Amma müstəqilliklə bərabər tək bizə yox, digər ölkələrə də bazar iqtisadiyyatı gəldi. Kapitalizm qanunları gəldi təəssüf ki… Kapitalizm sistemi də bəzi ölkələrdə mədəniyyəti boğur, şouya çevirir. Necə ki, bizdə də gözümüzün qabağında ciddi ədəbiyyat, musiqi, teatr televiziya şoularına çevrilir. İnternetin əmələ gəlməsi... İnternet bir yandan çox böyük tarixi-elmi ixtiradır, digər tərəfdən də məsuliyyətsizlik meydançasıdır. Kim nə istəyir, ağzına gələni deyə bilər, amma heç bir məsuliyyət daşımır.

Mənim keçmiş dövrə də güclü nostaljim yoxdu, keçmiş dövr qayıda bilməz və qayıtmamalıdı. Amma indiki dövrün qüsularını daha çox görürəm.

Türkiyədə solçu dostlarım var idi, vaxtilə onlar deyirdilər ki, siz bilmirsiniz, kapitalizm nədi, o sistemdə yaşamırsınız. Mən də deyirdim ki, siz də bilmirsiniz, sosializm nədir. Sosializmdən çox çəkmişdik.

Amma bilmirdik ki, onun yerinə gələn ondan daha yaxşı olmayacaq. Dini baxımdan yanaşma tərzimə gəlincə, nənələrim dindar olublar. Mən uşaqlıqdan Allaha inanmışam, mömin deyiləm ki, deyim namaz qılmışam, oruc tutmuşam. Həcc ziyarətinə də getməmişəm. İndi də gecdir, gedə bilmərəm.

Amma həmişə Allaha inanmışam. Elə bilirəm ki, Allaha inanmaq düz yaşamaqdır, Allahın xoşuna gəlməyən işləri etməməkdir.

- Zamanla Allaha inanmaqda dalğalanma, azalma və artma olubmu?

- Heç vaxt Allaha inamımı itirməmişəm, amma bəzən Allahdan gileylənmişəm ki, bu qədər ədalətsizliyi görüb, niyə dözür, cəza vermir.

- Zamanla sovet dövründə yaşayan yazıçılar haqqında tənqidi fikirlər, iradlar meydana çıxır. Bütövlükdə sovet ədəbiyyatı ilə, sovet ədəbiyyatının görkəmli ədibləri ilə necə davranmalıyıq? Bir AYB sədri kimi münasibətinizi bilmək istərdik.

- Ədəbiyyatla ədəbiyyat kimi davranmaq lazımdı. Sovet ədəbiyyatı deyilən məfhum mənim üçün iki hissədən ibarətdir – sovet ədəbiyyatı və sovet dövründə yaranan ədəbiyyat. Sovet ədəbiyyatı sovet ideologiyasına xidmət edirdi. Amma yalnız rəhbərlərə şeir yazasan, hansısa poema həsr edəsən – sovet dövründə yaranan ədəbiyyat təkcə bundan ibarət deyildi. Düzdü, ideologiyanın tələbi vardı ki, əsərdə mütləq müsbət qəhrəman olmalıyı, beynəlmiləl motiv əskini tapmalıdı.

Amma o dövrdə yaranan ədəbiyyatı da heç cür danmaq olmaz. O zaman belə çıxır ki, sovet dövründə, 71 ildə bizim ədəbiyyatımız olmayıb? Yeni dövrdən 30-50 yazıçı qalacaq və digərləri unudulacaq?

Ona görə də sovet dövrünün yazıçı və şairləriylə mübarizə aparmaq, onları qaralamaq lazım deyil. O dövrün yazıçıları olublar, kimsə sovet dövrünü qəbul edib, kimsə etiraz edib. Kimsə bunu istedadlı, kimsə şüursuz şəkildə edib. Zaman ələyəcək və ədəbi dəyərləri olan əsərlər qalacaq. Ədəbi dəyərləri olmayan əsərlər isə sovet ideologiyasından asılı olmayaraq unudulub gedəcək.

- Repressiya dövründən sağ çıxmış yazıçılar haqqında mövqeyinizi bilmək istərdik, Səməd Vurğun, Rəsul Rza, başqaları. Hər halda araşdırmalarınız zamanı onların 1930-cu illərdəki davranışları barədə qənaətiniz olmamış deyil.

- O dövrdən sağ çıxmış yazıçıları günahlandırırlar ki, niyə onları güllələməyiblər. Mərhum Heydər Əliyev bir dəfə çox gözəl dedi ki, indiki dövrdə Səməd Vurğunun, Rəsul Rzanın, Süleyman Rüstəmin dırnağı olmayan adamlar deyirlər ki, onları niyə güllələməyiblər? Onları güllələsəydilər, indi biz onlara ağlayacaqdıq.

Nə böyük xoşbəxtlikdir ki, onlar o dövrdən salamat qurtarıblar. Sağ qaldıqları üçün onları günahlandırmaq olmaz. Konkret olaraq deyirəm ki, nə Səməd Vurğun, nə Süleyman Rüstəm, nə də atam heç kimin əleyhinə bir kəlimə də yazmayıblar.

Sovet dövründə rəsmi bir şəxsin mənimlə ədavəti vardı, məndən heyfini çıxmaq üçün prokurorluğa, arxiv idarəsinə tapşırmışdı ki, görün, Rəsul Rza kimin haqqında nə yazıb? Sonra prokuror və arxiv idarəsinin müdiri mənə dedilər ki, axtarış apardıq, Rəsul Rza haqqında heç nə tapa bilmədik. Rəsul Rza heç kimin əleyhinə heç nə yazmayıb.

O birilərdən kimsə yazıbsa, nəyəsə məcbur olubsa, onları da qınamıram. Atamın Mikayıl Müşfiq haqqında "Qızılgül olmayaydı" adlı poeması var. Orada belə bir misra var: “Namərd şilləsi kimi sənə vurulan imzalar arasında imzam olmadı”. Bunu deməyə cəsarəti var idi.

Kiminsə əleyhinə yazanlar da olub, mən onları da qınamıram. Çünki onlar da məcburiyyət qarşısında olublar, ölüm-qalım məsələsiydi. Amma onların gördükləri işlər, xidmətlər də olub – Azərbaycan dilinin qorunması, milli ruhun oyaq saxlanılması və sair bu kimi xidmətlər. İttiham edirlər ki, Səməd Vurğun, Süleyman Rüstəm partiyaya şeir yazıblar. Bu ittihamlı yanaşma tərzi düz deyil.

- "Macal" povestinizdə universitet həyatından bəhs edən bir xətt var. Etiraz dalğasında universitetdən kənarlaşdırılan böyük Fuadın – Fuad Salalının prototipinin Əbülfəz Elçibəy olduğu deyilir.

- Xeyr, əsla mümkün deyil. "Macal"ı yazanda heç Elçibəy haqqında eşitməmişdim də. Bu obrazən Elçibəyə heç bir aiddiyyəti yoxdur. Mənim son hekayəmdə – "Balaca Fuadın son xahişi"ndə isə o dövlə, bu dövrün fərqi aydın görünür. "Macal"da sovet dövründən bəhs olunur, "Balaca Fuadın son xahişi"ndə isə müstəqillik tərənnüm edilir. Oxusanız orada zamanın, meyarların, dəyərlərin necə dəyişdiyini görəcəksiniz.

- Anar müəllim, istirahətinizi necə keçirirsiniz?

- İndiyəqədər mən istirahətin necə olduğunu bilmirəm. Nə şənbəm, nə də bazar günüm var.

- Xalq yazıçısı Elçin Əfəndiyev əsasən səhər saatlarında yazdığını bildirib. Sizin necə, yaradıcılıqla qrafikiniz varmı?

Seçilən
11
1
publika.az

2Mənbələr