AZ

Sorğu: Ukraynalıların 39 faizi sülh naminə ərazi güzəştlərinə razıdır

Kiyev, 14 mart, AZƏRTAC

Bu ilin fevral-mart aylarında ukraynalıların yarısı (50 faizi) hesab edir ki, Kiyev hətta müharibənin daha uzun sürəcəyi anlamına gəlsə belə, heç bir halda ərazilərdən imtina etməməlidir.

AZƏRTAC bu barədə Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun (KBSİ) keçirdiyi sorğunun məlumatlarına istinadla xəbər verir.

Eyni zamanda, azlıq (39 faiz) hesab edir ki, Ukrayna sülhə mümkün qədər tez nail olmaq üçün bəzi ərazilərdən imtina edə bilər. Respondentlərin qalan 11 faizi isə öz fikirləri ilə bağlı qərar verə bilməyib.

Ötən ilin dekabr ayı ilə müqayisədə bu məsələdə elə bir ciddi dəyişiklik baş verməyib və bütün fərqlər statistik xəta həddində olub.

“Konteksti xatırlamağa dəyər: hazırkı sorğu fevralın 14-dən martın 4-dək Ukrayna ilə ABŞ arasında münasibətlərin kəskin pisləşməsi və Kiyevə nəzərəçarpacaq təzyiq fonunda keçirilib”, -deyə KBSİ sosioloqları qeyd edirlər.

Kiyev Beynəlxalq Sosiologiya İnstitutu sorğunu 2029 respondent arasında keçirib. Buraya Ukrayna hakimiyyətinin nəzarətində olmayan ərazilərin sakinləri daxil deyil.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Seçilən
3
1
azertag.az

2Mənbələr