AZ

Şəhla Bayramova: Novruz ən sevimli bayramımızdır



Dostluq, həmrəylik, yüksək mənəviyyat bayramı olan Novruz bayramı xalqımızın mədəniyyətini, milli dəyərlərini, adət-ənənəsini özündə əks etdirən və bütün dünyaya tanıtdıran qədim el bayramıdır.

Ümummilli liderimiz Heydər Əliyev Novruz bayramı haqqında demişdir: “Novruz bayramı Azərbaycan xalqının, azərbaycanlıların ən əziz bayramıdır. Hər xalqın tarix boyu yaranmış və ənənəyə çevrilmiş bayramları vardır. Azərbaycan xalqının da bayramları vardır. Bunların bir qismi dövlət bayramlarıdır, bir qismi xalq, din bayramlarıdır. Bütün bu bayramların içərisində millətimiz üçün, xalqımız üçün, hər bir azərbaycanlı üçün ən əziz, ən doğma, ən sevimli bayram Novruz bayramıdır”.

Xalqımız 30 ilə yaxın bir müddətdə Novruz bayramını torpaqlarımızın bir hissəsinin işğalda olduğu bir zamanda qeyd etmişdir. Həmin illərdə Ulu Öndər Heydər Əliyev torpaqlarımızın düşmən tapdağından xilasının ən böyük təbliğatçısı kimi çıxış edirdi. Qarabağ həqiqətlərini, Ermənistanın işğalı nəticəsində üzləşdiyimiz bəlaları dünya ictimaiyyətinə yorulmadan və usanmadan çatdırırdı. Ümummilli Lider xalqa bütün müraciətlərində olduğu kimi, hər Novruz müraciətində də misilsiz inam aşılayırdı. Çünki bu Dahi Şəxsiyyət Novruzun mahiyyətinə, onun milli birliyimizi simvolizə etməsinin qatlarına dərindən bələd idi. Hələ sovetlər birliyi dönəmində Novruz bayramının yenidən xalqımıza qaytarılmasında, hər il mart ayında təntənə ilə qeyd olunmasında, ümumən, Azərbaycan milli-mədəni hərəkatının tərkib hissəsinə çevrilməsində müstəsna rol oynamışdı. Nəhayət, Ulu Öndər Qarabağ inamlı Novruz təbliğatçısı kimi xalqa müraciətində bildirmişdi: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm”.

Bəli, Novruz ümumxalq bayramı kimi uzun əsrlərdən bəri yurdumuzun hər bir guşəsində müxtəlif el şənlikləri və mərasimlərlə qarşılanır. Ulu Tanrıya, kainatın nizamına və ana təbiətə sonsuz sevginin parlaq ifadəsi olan bu bayramın qədim ənənələrinin bütün rəngarəngliyi ilə qorunub saxlanılması Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirir.

2025-ci ilin baharının Azərbaycan torpağına builki gəlişi 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının Əsas Qanunu olan ilk Konstitusiyasının qəbul edilməsinin 30 illiyi və 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi Zəfərin 5-ci ildönümünə yubiley hazırlıqları ilə üst-üstə düşür. Əsrlərin sınağından çıxmış Novruz bayramının artıq dövlət səviyyəsində keçirilməsi məhz istiqlal yolunda qazandığımız nailiyyətlərdəndir.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci Xanım Mehriban Əliyeva 2022-ci ildə Novruz bayramını Suqovuşanda keçirdi. Dövlətimizin Başçısı yenə tonqal çatdı və tonqal ətrafında xalqa Novruz müraciəti edərək, müqəddəs bayramımızı işğaldan azad edilmiş torpaqlarımızda qeyd etməyin artıq ənənəyə çevrildiyini vurğuladı: “Keçən il isə Novruz bayramını mən Şuşa şəhərində, hər birimiz üçün əziz olan Cıdır düzündə qeyd etmişdim və Azərbaycan xalqına müraciət etmişdim. Şadam və xoşbəxtəm ki, artıq bu, bir ənənəyə çevrilib və Novruz bayramını biz burada, doğma Qarabağ diyarında qeyd edirik”.

Müdrik xalqımız beşinci ildir hər bir bayramı, tarixi günləri, Novruz bayramını fərqli bir ovqatda keçirir. Təbii ki, xalq olaraq abadlaşan torpaqlar uğrunda qanı tökülən igid övladlarımızı, Azərbaycan tarixinə öz qanları ilə adlarını yazdıran şəhidlərimizi, qazi və veteranlarımızı dərin qürur və iftixar hissi ilə anırıq. Ölkəmizin hər yerində olduğu kimi işğaldan azad edilmiş torpaqlarımızda ən sevimli bayramımız olan Novruz bayramı xüsusi təntənə ilə qeyd olunur.

Şəhla Bayramova
YAP Qazax rayon təşkilatı ərazi partiya təşkilatının sədri




Seçilən
18
1
aia.az

2Mənbələr