AZ

Vitali Borisov millidən uzaqlaşdırılacaq? – “yaxşı məşqçinin çantası həmişə hazır olmalıdı”

Ölkəmizin futzal yığması AÇ-2026-nın əsas mərhələsinin 5-ci qrupunda keçirdiyi səfər matçında Yunanıstana uduzdu – 2:3.

Bilindiyi kimi, yığma qrupda növbəti oyununu aprelin 11-də səfərdə İsveçə qarşı keçirəcək. İş ondadı ki, bu matçda qələbə qazansaq belə, 2-ci pilləyə yüksəlmək şansımız yoxdu. Sonuncu oyun isə evdə liderə - Xorvatiyaya qarşı olacaq. Bu yerdə yarışın reqlamentini xatırlatmaqda fayda var. Belə ki, sonda qrup qalibləri birbaşa final mərhələsinə vəsiqə qazanacaq. Ən yaxşı göstəriciyə malik qrup ikincilərindən 8-i isə pley-off mərhələsində üz-üzə gələcək. Qalib gələn 4 milli final mərhələsində oynamaq hüququ qazanacaq. Deməli, millimiz İsveçlə Xorvatiyanı məğlub etməli, Yunanıstan isə bu iki rəqibə uduzmalıdı. Təbii ki, bunun yaşanması çox çətin, hətta mümkünsüz görünür.

Bəs, Yunanıstanda yaşanan məğlubiyyəti necə şərh etmək olar? Həqiqətən növbəti mərhələ üçün şanslarımız tükənib? İlk dörd oyunda qələbəyə həsrət qalan yığmamızın baş məşqçisi Vitali Borisovun millidən uzaqlaşdırılması gözlənilirmi?

“Football-plus.az”ın suallarını Futzal Federasiyasının İcraiyyə Komitəsinin üzvü və baş katibi Mahmud Sadıqov cavabladı:

“Ən yaxşı oyunumuzu keçirsək də, acınacaqlı məğlubiyyətlə üzləşdik. Son dəqiqələrdə uğurlu ola bilmədik. Məncə, taktiki səhvlərə yol verdik. Son dəqiqələrdə hücumçu Novruz Kazixanovu meydana buraxmaq səhv qərar oldu. Onun oyuna uyğunlaşması üçün vaxt lazım idi. Bəlkə də heç-heçə daha yaxşı nəticə ola bilərdi ki, nəinki uduzmaq. Məşqçilər korpusu nəticələri götür-qoy etməli, dərs çıxarmalıdı. Xorvatiya ilə oyun çox çətin keçəcək. Elə İsveçlə matç da asan olmayacaq. Sonuncu pillədən xilas olmaq istəyəcəklər. Ümumiyyətlə, komandanın indiyə qədər keçirdiyi oyunlara əsasən qrup ikincisi kimi pley-off oynamaq şansımızı itirmişik. Möcüzə gözləmək çətindi. Vitali Borisovun millidən ayrılmaq ehtimalına gəlincə, yaxşı, komandanın gələcəyini düşünən məşqçinin çantası həmişə hazır olmalıdı. Sadəcə, hələ iki oyun qalıb. İndidən bu yöndə qərar qəbul etmək məntiqsiz olar. Bəlkə Vitali Borisov mərhələni uğurla başa vura biləcək? Gözləmək lazımdı. Sonda nəticələr dəyərləndiriləcək və baş məşqçidən hesabat tələb olunacaq. Ardından hansısa qərar qəbul edilə bilər”.

Məlum olduğu kimi, Vitali Borisov məğlubiyyəti hücumçuların olmamasıyla əlaqələndirdi. Bəs, Mahmud bəy bu fikirlə razıdımı?

“Araz-Naxçıvan”ın hücumçuları Xəzər Ağalızadə, Ülvi Əliyev və Novruz Kazixanov Borisovun sərəncamında idi. Qapıya ən çox zərbə endirənlər isə Ülvi və Xəzər oldu. Bu üzdən baş məşqçinin dedikləriylə razı deyiləm. O, son iki oyun üçün üzərində işləməli və yeni taktikalar öyrənməlidi”.

KƏNAN BAHADIR
Seçilən
5
football-plus.az

1Mənbələr