“Bloomberg” adı çəkilməyən Avropa və Rusiya rəsmilərinə istinadən yazır ki, ABŞ beynəlxalq layihələrdə “Qazprom”la mümkün əməkdaşlıq perspektivlərini nəzərdən keçirir.
Onlar bildiriblər ki, bu addım Vaşinqtonla Moskva arasında münasibətləri bərpa etmək səylərinin və Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə nail olmaq cəhdinin bir hissəsi ola bilər.
Avropalı həmsöhbətlərin sözlərinə görə, artıq Rusiya və Amerika tərəfləri arasında ilkin təmaslar baş tutub. Bununla belə, qeyd edilir ki, danışıqları konkret kimin apardığı və ABŞ prezidenti Donald Tramp administrasiyasının birbaşa iştirak edib-etmədiyi hələ də bəlli deyil. Adının açıqlanmasını istəməyən mənbələr müzakirələrin ilkin mərhələdə olduğunu və gizli olduğunu bildiriblər. “Bloomberg” qeyd edir ki, ABŞ-Rusiya birgə layihələri Asiya və Avropa regionlarına aid ola bilər
Nəşr daha əvvəl məlumat vermişdi ki, Donald Trampın müşavirləri Rusiyaya qarşı sanksiyaları yumşaltmaq, o cümlədən Rusiya neftinin qiymətinin 60 dollara endirilməsi planı üzərində işləyirlər. “Reuters”in məlumatına görə, Vaşinqtonun sanksiyalar siyasətində dəyişiklik Moskvanın atəşkəs razılaşmasından asılıdır. KİV xəbər verir ki, Rusiya və ABŞ növbəti görüşlərində Rusiyanın enerji sektoruna qoyulan məhdudiyyətlərin yumşaldılmasını müzakirə edə bilərlər.
//Samir Qurbanov, Editor.az