Uşaqlar sosiallaşmaqda niyə çətinlik çəkirlər? Yaşıdları ilə ünsiyyətdə niyə problem yaşayırlar? Bəlkə də çox adi görünən bu məsələ əslində, çox ciddidir.
Problemin kökündə nələrin durduğunu News24.az-a Pozitiv Psixologiya Mərkəzinin rəhbəri, uzman, ailə və uşaq psixoloqu Fidan Məmmədzadə açıqlayıb.
Mütəxəssis qeyd edib ki, son vaxtlar ona müraciət edən uşaqlarda yaşıdları ilə yaşadığı çətinliklər müşahidə edilir.
O vurğulayıb ki, valideynlər bəzən övladlarını qorumaq adı altında onu yanlış istiqamətləndirə bilərlər.
"Məsələn: uşağımızın körpəlik dönəmlərindən biz onun yerinə davranmağa çalışırıq. Geyinməyinə imkan vermir, onu geyindirir, yedirdirik. Yaş artdıqca bu, uşaqlar üçün adi hala çevrilir. Uşaq düşünür ki, onun yeməyini anası yedizdirməlidir, hər istədiyi alınmalıdır. Ya da valideynlər düşünürlər ki, özləri uşaq olanda istədikləri nəsə alınmayıbsa, onlar övladlarının arzusunu ürəklərində qoymayacaq, dərhal istədiyi əşyanı alacaqlar. Ya da uşaq ağlayaraq nəyisə bildirirsə, nitqi öz yaş səviyyəsində deyilsə, onu tez susdurmaq üçün həmən istədiyini yerinə yetirməyə çalışırıq", - deyə o əlavə edib.
Psixoloqun sözlərinə görə, təəssüf ki, bu da yaş artdıqca uşaqlarda davranış problemlərinə gətirib çıxara bilər.
"Çünki uşaqlar ilk mühitdə gördüyü davranışı öz yaşıdlarından, çevrəsindəki insanlardan da gözləyirlər. Görmədikdə isə uşaqda müəyyən anlaşılmazlıq yaranır. Düşünür ki, axı mən evdə ağlayanda istədiyimi əldə edirdimsə, tutaq ki, bağçada, ya da məktəbdə niyə belə deyil? Bu cür öyrədilən uşaqlar valideynlərinin olmadığı mühitdə problemlərini həll etməkdə çətinliklə qarşılaşırlar. Demək ki, valideyn olaraq biz onları qoruduğumuzu düşünürük, amma əslində bu kimi hallar uşaqlarda nitq pozuntusuna belə aparıb çıxara bilər. Çünki uşaq sözü tam demədən, ya da cümləni tam qurmadan istədiyini yerinə yetiririk. Bu halda da artıq uşaq danışmağa ehtiyac duymur. Niyə? Çünki onu yarı sözdən başa düşən anası var. Valideyn övladını istiqamətləndirdiyi, yönləndirdiyi üçün uşaqlar sərbəst şəkildə qərar verməkdə, hərəkət etməkdə çətinlik çəkirlər. Bu da uşağın sosiallaşmasında problemlərlə üzləşməsini qaçılmaz edir", - deyə o, fikirlərini yekunlaşdırıb.
Məryəm İlhamqızı