AZ

Bu təqdirdə ikili diplom tələbələr üçün böyük üstünlüklər yarada bilər -EKSPERT

2024-2025-ci tədris ilində Beynəlxalq ikili diplom proqramları üzrə 1041 tələbə təhsil hüququ qazanıb.
Bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.
“Beynəlxalq ikili diplom proqramları üzrə ümumilikdə qəbul olan tələbə sayı 1041 nəfər, məzun sayı isə 252 nəfər (152 nəfər magistratura, 100 nəfər bakalavriat səviyyəsi üzrə) olub.
Dünya universitetlərinin reytinqində ilk 500-lükdə yer alan 23 ölkənin 106 nüfuzlu ali təhsil müəssisəsində 7 prioritet ixtisas istiqaməti üzrə 284 Azərbaycan vətəndaşı doktorantura səviyyəsində təhsil almaq hüququ qazanıb.
Dövlət vəsaiti hesabına maliyyələşən ikili diplom proqramları ilə yanaşı, ölkəmizin ali təhsil müəssisələri də birbaşa xarici ölkə ali təhsil müəssisələri ilə əlaqələr qurulub. Bakalavriat səviyyəsində 11 ixtisas, magistratura səviyyəsində isə 17 ixtisas üzrə ikili diplom proqramı icra olunmaqdadır”, - hesabatda qeyd olunub.

Təhsil eksperti Kamran Əsədov “Sherg.az"a bildirib ki, ikili diplom proqramları müasir təhsil sistemində beynəlxalq əməkdaşlığın ən vacib formalarından biri hesab olunur:

“Bu proqramlar tələbələrə iki fərqli universitetdə təhsil almaq və hər iki ali təhsil müəssisəsinin diplomunu əldə etmək imkanı yaradır.  İkili diplomların önəmi bir neçə amillə bağlıdır. İlk növbədə, belə proqramlar tələbələrə geniş beynəlxalq akademik təcrübə qazandırır. Müxtəlif ölkələrin təhsil sistemlərini müqayisə etmək, fərqli metodologiyalar əsasında bilik əldə etmək və beynəlxalq səviyyədə düşünmə bacarığı inkişaf etdirmək imkanı bu cür proqramları xüsusi edir. Belə tələbələr həm yerli, həm də beynəlxalq əmək bazarında daha üstün mövqeyə sahib olurlar. Məsələn, Avropa İttifaqında “Erasmus Mundus” kimi ikili və çoxşaxəli diplom proqramları ilə məzun olanların 90%-dən çoxu təhsildən dərhal sonra iş tapır. ABŞ-da və Böyük Britaniyada universitetlər arasında ikili diplom proqramları geniş yayılıb və bu, tələbələrə karyera imkanlarını artırmaqda ciddi kömək edir. İkinci əsas məqam karyera perspektivləri ilə bağlıdır. Xarici universitetin diplomuna sahib olmaq bəzi ölkələrdə iş tapmaq şanslarını əhəmiyyətli dərəcədə artırır. Məsələn, Almaniyada və Fransa kimi ölkələrdə məzunlar universitetdən birbaşa iş dünyasına keçid imkanları əldə edirlər. Xüsusilə mühəndislik, biznes və informasiya texnologiyaları sahələrində ikili diplom proqramlarının məzunları daha yüksək maaşlı işlər tapmaq şansına malikdirlər. Statistikalar göstərir ki, dünya üzrə ikili diplom proqramlarından məzun olanların orta gəliri adi bakalavr diplomu olan məzunlardan 15-20% daha yüksəkdir”.

Ekspertin sözlərinə görə bütün ikili diplomların birmənalı şəkildə tanındığını demək olmaz: 
“Beynəlxalq səviyyədə bəzi universitetlər arasında bağlanan müqavilələr müəyyən ölkələrdə qəbul edilmir və tələbələr sonradan diplomlarının tanınmaması problemi ilə üzləşə bilirlər. Azərbaycanda xarici universitetlərdən alınan diplomların tanınmasını Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) həyata keçirir. Qaydalara görə, xarici universitetin akkreditasiya statusu, akademik tələblərə uyğunluğu və ali təhsil müəssisəsinin reytinqi nəzərə alınır. Dünyada tanınan universitetlərdən alınan diplomlar adətən heç bir çətinlik yaratmır, lakin aşağı reytinqli və kommersiya məqsədli ali təhsil müəssisələrinin proqramları tez-tez problemlərə səbəb olur. Dünya təcrübəsi göstərir ki, ikili diplom proqramları daha çox dövlət tərəfindən dəstəklənən və nüfuzlu universitetlər arasında bağlanan müqavilələr çərçivəsində uğur qazanır. Məsələn, Çində ali təhsil müəssisələrinin Avropa və Amerika universitetləri ilə əməkdaşlıq etdiyi proqramlar ölkənin təhsil sistemində böyük rol oynayır və məzunlar geniş imkanlar əldə edirlər. Cənubi Koreyada isə belə proqramlar universitetlərin qlobal reytinqdə irəliləməsinə kömək edir və tələbələrin xaricdə təhsil almasına şərait yaradır. Türkiyə və Qazaxıstan kimi ölkələrdə də ikili diplom proqramları geniş yayılıb və xüsusilə mühəndislik, iqtisadiyyat və beynəlxalq münasibətlər sahəsində daha çox populyarlıq qazanıb. Bütün bu faktları nəzərə alaraq, ikili diplom proqramlarına müraciət edən tələbələr diqqətli olmalıdırlar. Hər bir proqramın tanınma statusu əvvəlcədən araşdırılmalı, tərəfdaş universitetlərin akkreditasiyası yoxlanılmalı və bu diplomların gələcək karyera planları ilə uyğun olub-olmadığı dəqiq müəyyənləşdirilməlidir. Yalnız keyfiyyətli və beynəlxalq səviyyədə qəbul olunan proqramlar seçildikdə, ikili diplom həqiqətən tələbələr üçün böyük üstünlüklər yarada bilər. Əks halda, belə bir proqramda iştirak etmək həm vaxt, həm də maddi resursların itirilməsinə səbəb ola bilər”.
Seçilən
8
sherg.az

1Mənbələr